Hər zaman çətin anlarda qardaş Pakistan yanımızda olub
3406
18 Sep 2022 | 07:28

Hər zaman çətin anlarda qardaş Pakistan yanımızda olub

"Təcavüzkar tərəfi dərhal toqquşmaları dayandırmağa və təmkinli olmağa çağırırıq. Azərbaycanın hərəkətləri regionda sülhə və stabilliyə ciddi təhdiddir. BMT Təhlükəsizlik Şurası susa və situasiyanın gərginləşməsinə imkan verə bilməz".

Bu fikirləri dünən keçirilən, BMT Təhlükəsizlik Şurasının iclasında , Təşkilatın Hindistandan olan daimi nümayəndəsi Tirumurti səsləndirmiş və Azərbaycanı açıq şəkildə təcavüzkar adlandırmışdır.

Mən, həmin indusa xatırlatmaq istərdim ki, onun təmsil olunduğu BMT TŞ-n əsas vəzifəsi dünyada sülhün, ədalətin, əmin-amanlığın qorunmasını təmin etməkdən ibarətdir. Tövsiyə edirəm ki, BMT nizamnaməsini bir daha oxusun və taleyüklü məsələlərdə reallıq hissini itirməsin.

Ona görə də, ona bir neçə sual ünvanlamaq istəyirəm.

1. 90-cı illərin əvvəllərində Ermənistan, Azərbaycan torpaqlarını işğal edən zaman, sənin ölkən bir fəfə də olsa, Ermənistanı təcavüzkar adlandırdımı.

Ən azından Azərbaycan, 1992-ci ildə, Təşkilata indiki sərhədlərlə qəbul olunmuş və beynəlxalq hüququn subyektinə çevrilmişdi.

2. 30 il ərzində, bircə dəfə olsa da, BMT TŞ -n qəbul etdiyi 4 qətnamənin icrasını tələb etmisənmi.

3. İşğal zamanı Ermənistan Azərbaycanın şəhərlərini, kəndlərini, Xocalıda və digər yerlərdə uşaqları, qadınları, yaşlıları qətlə yetirəndə, 4000-dən artıq mülki insanı əsir götürəndə, tarixi, mədəni abidələrini, ekologiyasını, təbii sərvətlərini məhv edəndə bir dəfə beynəlxalq hüquqa görə etiraz etdinmi. Sadaladıqlarım milli yox, daha çox ümumbəşəri, insanlıq əleyhinə olan cinayətlərdir və Cenevrə və Haaqa konvensiyaları ilə tənzimlənir.

4. Qarabağın müvəqqəti işğalı zamanı, təbii sərvətləri talan edən Hindistan şirkətlərini qeyri-qanuni fəaliyyətdən çəkindirdinmi.

Təbii ki, suallar ritorikdir və mən hansısa ədaləti görməzdən gələn, gözü kor qərəzli siyasətçinin mövqeyini dəyişəcəyinə inanacaq kimi sadəlövh deyiləm.

Ancaq, sözüm Bakıda, Azərbaycanda uzun illər ərzində düşük hind musiqisini, filmlərini, mədəniyyətini, mətbəxini təbliğ edən, azərbaycanlıların zövqünü korlayanlaradır. On minlərlə hind iş adamı ölkəmizdə yaşayır, bizneslə məşğul olur. Onlar üçün ən yüksək şərait yaradılıb. Ancaq, bu ölkə hər zaman Azərbaycana münasibətdə düşmənçilik nümayiş etdirmişdir.

Hesab edirəm ki, dünyəvi, müasir Azərbaycan insanı üçün Hindistandan bəhrələnəsi nə məişət, nə mədəniyyət var, nə də ki, mənəviyyat. Lakin, düşünmək üçün ciddi əsaslar var. Bir az qürurlu olmalıyıq.

Hər zaman çətin anlarda qardaş Pakistan yanımızda olmuşdur. Pakistan və bizə dost olan xalqların mədəniyyəti təbliğ olunmalı, tanıdılmalıdır. Telekanallarda çalışanların, əsasən proqram tərtibatı ilə məşğul olanların siyasi bilkləri müntəzəm olaraq təkmilləşdirilməlidir.

Həm xarici, həm də daxili siyasətdə ancaq və ancaq milli maraqlar, dövlət maraqları birinci yerdə olmalıdır. Biz güclü xalq, güclü dövlətik. İstənilən problemləri, dostlarımızla birlikdə həll etmək iqtidarındayıq.

Dostumuzun, düşmənimizin kim olduğunu bilməsək, gələcəkdə ciddi problemlərlə üzləşərik.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

Link kopyalandı!
Son xəbərlər