“Ordumuzla yanaşı, milli hərbi sənayemiz də güclənməkdə, inkişaf etməkdədir”
3093
07 Sep 2022 | 10:43

“Ordumuzla yanaşı, milli hərbi sənayemiz də güclənməkdə, inkişaf etməkdədir”

Cəlil Xəlilov: “Bakı Ekspo Mərkəzindəki sərgi bunu bir daha sübut etdi”

 

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilib.

Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov sözügedən sərgi ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Bakı Ekspo Mərkəzində baş tutan məlum sərgi bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu sərgi hər şeydən öncə Azərbaycanın hərbi sənayesinin gücünü, onun sürətli inkişafını göstərdi. Sərgidə Azərbaycan istehsalı olan çoxlu silah-sursat, hərbi avadanlıqlar nümayiş edildi ki, bu da ölkəmizin hərbi qüdrətindən, onun milli hərbi sənayesinin perspektivindən xəbər verir. Bu sərgi bir daha göstərdi ki, dövlətimiz ordumuzla yanaşı, milli hərbi sənayemizi də gücləndirməkdə, onu inkişaf etdirməkdədir.  Təbii ki, bütün bu inkişaf Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və bilavasitə qayğısı ilə baş verir. Prezident İlham Əliyevin sərgidə iştirakı, orada nümayiş edilən silahlarla ətraflı tanış olması bu qayğının göstəricisidir.

 

IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin daha bir önəmi dünyanın qabqcıl dövlətlərinin, iri şirkətlərinin bu sərgilərə böyük maraq göstərməsi ilə bağlıdır. Sadəcə bir faktı xatırladım ki, Bakı Ekspo Mərkəzində IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində dünyanın 30-a yaxın dövləti, o cümlədən 200-dən çox şirkət iştirak edib. Onlar bu sərgidə istehsal etdikləri ən müasir hərbi texnikalarını, silah-sursatlarını, hərbi avadanlıqlarını nümayiş etdiriblər. Sərgidə Türkiyə, Pakistan kimi qardaş dövlətlərlə yanaşı, Rusiya, Çin, Fransa, İtaliya və s. kimi dövlətlər də  iştirak edib. Bakı Ekspo Mərkəzində keçirilən sərgiyə olan bu maraq həm də dövlətimizin nüfuzundan, beynəlxalq mütəvidə ona olan diqqətdən xəbər verir və hər bir azərbaycanlı üçün qürurvericidir”.

Link kopyalandı!
Son xəbərlər