Nizami Cəfərov: “Qarabağ Dirçəliş Fonduna dəstək prosesinə gəncləri, hətta uşaqları da səfərbər etmək lazımdır”
“Bərpası nəzərdə tutulan maddi mədəniyyət nümunələri bizim mənəvi sərvətimizdir”
44 günlük Vətən müharibəsində şanlı qalibiyyət əldə edən Azərbaycan, bu gün işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri həyata keçirməkdədir. Post-müharibə dönəmində dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biri də işğaldan azad edilən ərazilərdə erməni faşizmi tərəfindən dağıdılan abidələrin, maddi mədəniyyət nümunələrinin bərpası ilə bağlıdır.
Moderator.az olaraq millət vəkili Nizami Cəfərovla söhbətimizdə Qarabağda həyata keçiriləcək quruculuq işləri ilə yanaşı, ədəbi-tarixi qəhrəmanlarımızın şərəfinə ucaldılan abidələrin bərpası ilə bağlı məsələləri də şərh etməyə çalışdıq:
-Nizami müəllim, 44 günlük Vətən müharibəsindən dərhal sonra dövlətimiz Qarabağda geniş tikinti-abadlıq işlərinə start verib. Işğaldan azad edilən rayonlarda həyata keçirilən bu layihələri, onların önəmini necə dəyərləndirirsiniz?
-İşğaldan azad edilən ərazilərə ölkə başçısının və Birtinci vitse-prezident Mehriban xanımın səfərləri, bu səfərlər əsnasında verdikləri mesajlar sadəcə Azərbaycanda deyil, bütün dünyada, xüsusilə də regionda səs salıb. Bunun da səbəbləri var. Azərbaycan 30 ildir ki, nəzarətində olmayan ərazilərə sahib durur. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni-mənəvi sahib durmaqdır. Bu baxımdan işğaldan azad edilən ərazilərdə görülən hər bir işin, atılan hər bir addımın mühüm və hərtərəfli önəmi var.
-Ermənilərin son 30 ildə işğalda saxladıqları bir çox yaşayış məntəqələrinin adını saxtalaşdırdığı, ona yeni adlar verdiyi məlumdur. Hansı ki, bu fakt davamlı olaraq ölkə başçısı tərəfindən də ifşa edilməkdədir. Sizcə Azərbaycan xalqına məxsus toponimlərin qorunub saxlanılması, bu toponimərə sonradan verilən süni adların ortadan qaldırılması tariximizin yaşadılması və təbliği baxımından nə dərəcədə əhəmiyyətlidir?
-Ermənilər 30 il ərzində bu torpaqlara sahiblənmək, onları özününküləşdirmək üçün müxtəlif addımlar atıblar. Bunlardan biri də ondan ibarətdir ki, ermənilər bir çox yerlərin adlarını dəyişiblər, toponimləri saxtalaşdırıblar. Cənab prezidentin söylədiyi kimi, bu, çox ciddi bir məsələdir. Nəinki Azərbaycanın sonradan işğal edilən ərazilərinin adları dəyişdirilib, hətta XIX əsrin ortalarından etibarən işğal olunan ərazilərimizin adları da dəyişdirilib ki, cəmiyyətimiz hər zaman bu prosesə ciddi etirazla cavab verib. Cənab prezident media təmsilçilərinə də tapşırdı ki, Göyçə, Basarkeçər kimi adları qoruyub saxlamalıyıq. Biz bu adları yenidən dirçəltməliyik.
Bir ərazinin, bir coğrafiyanın bir millətə məxsusluğunun ən mühüm göstəricilərindən biri ordakı toponimlərin hansı dildə olmasıdır. Başqa bir tərəfdən, orada çoxlu abidələr məhv olub. Bu maddi mədəniyyət abidilərinin bərpası, qorunması olduqca vacibdir. Bunların içərisində xüsusi əhəmiyyət kəsb edən abidələrdən biri məscidlərdirsə, digəri alban xristian abidələridir. Bunların hamısı Azərbaycan xalqına məxsusdur. Bunların arasında ermənilərə məxsus bir dənə də olsun abidə yoxdur.
Bu baxımdan həmin abdələr təbii ki, qorunmalıdır. Bu abidələrin adı-sanı bərpa olunmalı, funksiyaları dəqiq müəyyən edilməlidir. Bu abidələrə sonradan verilən müəyyən funksiyalar, süni mənimsəmələr analitik təhlil olunmalı və aradan qaldırılmalıdır.
-Bugünlərdə Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərdə erməni vəhşiləri tərəfindən dağıdılan abidələrin də bərpa ediləcəyini bəyan etdi. Sizcə bu bəyanat xalqımızın mənəvi sərvətinin bərpası, qorunması və gələcək nəsillərə ötürülməsi yolunda atılan mühüm bir addım kimi xarakterizə oluna bilərmi?
-Şübhəsiz. Bu ərazilərdə Azərbaycan xalqının qəhrəmanları yaşayıb və fəaliyyət göstəriblər. Bu qəhrəmanlar haqqında nağıllar, dastanlar yaranıb, əfsanələr formalaşıb. Laçın, Kəlbəcər, Zəngilan, Göyçə, Zəngəzur mahalı, Vedi, Vedibasar və s. ərazilərdə bizim çoxsaylı tarixi-əfsanəvi qəhrəmanlarımız olub. Bu ərazilərdə Qaçaq Nəbi, Qaçaq Kərəm fəaliyyət göstərib. Burada Koroğlu qalaları var. Bunlar bizim mənəvi sərvətimizdir. Buna görə də Qarabağ Dirçəliş Fondunun erməni vandalizmi nəticəsində zərər görən abidələri bərpa etmək təşəbbüsü təqdirəlayiqdir.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə hər bir vətəndaş dəstək verməldir. Çünki bu, hər bir kəsin öz milli varlığına etdiyi yardımdır. Bunsuz tərəqqi etməyimiz mümkün deyil. Bu prosesin özü xalqı hərəkətə gətirən bir hadisədir. Bu addım həmin abidələrin bərpası, bu abidələrlə bağlı həqiqət və əfsanələrin yaşadılması baxımından da vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə vətəndaşlar tərəfindən dəstək verilməsi vacibdir. Bütün xalqımız bu məsələdə səfərbər olunmalıdır.
-Bu prosesdə gənclərin, yeniyetmələrin geniş şəkildə iştirakı onlar arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından da faydalı hesab edilə bilərmi?
-Əlbəttə. Bilirsiniz, məsələ sadəcə maddi yardımdan getmir. Məsələ ondadır ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək prosesinə bütün gəncliyi, hətta uşaqları da səfərbər etmək lazımdır.
Biz şagird olan vaxtlarda, 3-5-ci siniflərdə oxuyanda Vyetnam haqqında söhbətlər eşidirdik. Biz bilmirdik ki, Vyetnam haradır. Amma Vyetnamın azadlğının vacibliyi haqqında güclü təbliğat və maarifləndirmə işi gedirdi. Biz uşaqlar Vyetnama yardım üçün 5-10 qəpikdən yardım edirdik. Bu, böyük vətənpərvərlik hissi yaradırdı. Söhbət uşaqların əlindən pulunu almaq, yaxud valideynlərinə maddi baxımdan hansısa təzyiq göstərməkdən getmir. Söhbət uşaqlara vətən sevgisini aşılamaqdan, onlarda belə təşəbbüslərə marağı artırmaqdan, ümumi işə kömək etməkdən gedir.
Bu cür məsələləri dirçəltmək lazımdır. Bir daha qeyd edirəm ki, burada söhbət hansısa ideologiyanın müdafiəsindən getmir. Burada söhbət vətənin varlığının müdafiəsindən gedir. Bu baxımdan hər bir vətəndaşın, o cümlədən gənclərin və uşaqların bu prosesdə iştirakı faydalı olar.
Seymur ƏLİYEV