Rusiya MN ermənilərin Ağdamda atəşkəsi pozaraq hərbçimizi yaralaması haqda məlumat vermədi...
Gündəm
4137
07 Jul 2021 | 08:33

Rusiya MN ermənilərin Ağdamda atəşkəsi pozaraq hərbçimizi yaralaması haqda məlumat vermədi...

Rusiya MN: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
 
Azərbaycan MN: “Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.
 
Xəbər verildiyi kimi, dünən - iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. 
 
Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin  rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində bəhs edilən hadisədən 2 saat 10 dəqiqə sonra, yəni Moskva vaxtilə saat 19:00-da yayılmış məlumatda  Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş vermiş insidentlə, yəni qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib.
 
Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda iyulun 6-da Bakı vaxtilə  saat 20:00-da yaydığı son məlumatında  belə deyilir:
 
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməkdə davam edir.
 
27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
 
Bütün təmas xətti atəşkəs rejiminə əməl olunur.
 
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər”.
 
Belə çıxır ki, dünən Ağdam istiqamətində erməni silahlıları tərəfindən heç bir atəşkəs pozuntusu baş verməyib. Yaxud baş versə də, Rusiya hərbi kontingentinin komandanlığı bundan xəbər tutmayıb. 
 
Halbuki, Rusiya MN-in  6 iyul 2021-ci ildəki sonuncu məlumatında deyilir:
 
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
 
Azərbaycan MN-in eyni tarixdə,  Rusiya MN-in məlumatından 2 saat 10 dəqiqə öncə Ağdamda baş vermiş baş vermiş insident barədəki  məlumatının sonunda isə belə deyilir:
 
“Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.
 
Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda 7 iyul 2021-ci il tarixində Bakı vaxtilə səhər saat  5-də yaydığı "Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları sülhün, atəşkəs və hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşmanın icrasının qarantıdır” başlıqlı  son məlumatında isə yalnız son 8 ay ərzində Rusiya hərbçilərinin Qarabağdakı ermənilərə qayğılarından bəhs edilir...
 
Sultan Laçın
 
P.S....
 
 
Link kopyalandı!
Son xəbərlər