Nəsib Məhəməliyev: “Digər türk dövlətləri də Türkiyəni qətiyyətlə dəstəkləməlidir”
“Bu gün Türkiyəni hədəf seçənlər, sabah onları hədəf ala bilər və bu, tamamilə realdır”
ABŞ prezidentinin qondarma erməni soyqırımını tanımasından sonra Azərbaycandan Türkiyəyə dəstək xarakterli çoxsaylı bəyanatlar səslənməkdədir.
Maraqlıdır, ölkəmizin Türkiyəyə məlum dəstəyi istər ümumtürk həmrəyliyi, istərsə də tarixi ədalətin müdafiəsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, Azərbaycanın Türkiyəyə münasibətdə qardaşlıq missiyasını ləyaqətlə yerinə yetirdiyini vurğulayıb:
“ABŞ prezidenti Co Baydenin məlum bəyanatını qətiyyətlə qınayıram və qərəzli hesab edirəm. Cəmi 29 il bundan əvvəl baş vermiş Xocalı qətliamını, Qarabağın digər bölgələrində ermənilərin törətdikləri terror hadisələrini, bir milyon insanın evlərindən didərgin düşməsini görməzdən gələrək, heç bir tarixi fakta söykənməyən yalanlara hüquqi qiymət vermək cəhdi, ABŞ kimi ölkəyə şərəf gətirmir. Əksinə, ona olan inamı sarsıdır.
Prezident İlham Əliyevin operativ şəkildə qardaş ölkəyə verdiyi dəstəyi xalqımız rəğbətlə qarşıladı. Cənab Prezident əvvəllər də, hətta Türkiyənin iştirak etmədiyi müxtəlif beynəlxalq tədbirlərdə belə Türkiyənin mövqeyini qətiyyətlə müdafiə etmişdir. O cümlədən, Azərbaycan cəmiyyətini təmsil edən siyasi partiyalar, ictimai təşkilatlar yekdilliklə Türkiyəyə mənəvi dəstəklərini bildirdilər. Mən bütün bu təşəbbüsləri yüksək qiymətləndirirəm. Qardaş qardaşa məhz belə çətin günlərdə dayaq durmalıdır və Azərbaycan qardaşlıq missiyasını ləyaqətlə yerinə yetirir.
Ancaq təəssüflə də olsa, bu münasibəti digər türkdilli dövlətlər tərəfindən görmədik. Düzdür, Türk Şurası təşkilat olaraq Baydenin bəyanatını pislədi. Vətən müharibəsi ərəfəsində və ondan sonra sosial şəbəkələrdə türkdilli xalqların dəstəyini hiss edirdik. Siyasi hakimiyyətlərin fəaliyyətində qətiyyətsizlik, tərəddüd, qeyri-müstəqillik çalarları görünür.
Müasir dünyada gedən prosesləri, qloballaşan dünyanın geosiyasi reallıqlarını nəzərə alaraq , məsuliyyətlə deyə bilərəm ki, xarici təsirlərin altında aparılan passiv siyasət həmin ölkələrin özləri üçün də təhdidlər yaradır. Milli şüur oyanmalıdı. Ən azından ona görə ki, türkdilli respublikaların hər birisinin tarixində erməni terroru, qırğınları barədə kifayət qədər faktlar var. İndi həqiqət anıdır. Haqqın, ədalətin yanında olmaq istəyən , gələcəyi düşünən hər bir ölkə mövqeyini müəyyənləşdirməlidir. Ələlxüsus türkdilli dövlətlər münasibət bildirməli, Türkiyəyə açıq dəstəklərini nümayiş etdirməlidirlər. Bu gün Türkiyə hədəfdirsə, sabah, ya biri gün həmin ölkələrin hər biri hədəf ola bilər. Dediklərim fərziyə deyil, reallıqdır. Yaxşı nümunə olaraq birmənalı mövqe sərgiləmiş Pakistanı, Ukraynanı göstərmək olar.
Yeni dünya nizamı qurulmaqdadır. Yaranmış şərait türk dünyası üçün tarixi şansdır. Əgər, türkdilli ölkələr bu şansı düzgün dəyərləndirərək siyasətin arxasında yox, önündə getməyi bacarsa, dünyanın hesablaşdığı qlobal güc olacaqdır. Yaxın gələcəkdə BMT-da islahatların keçirilməsi labüddür. Türkiyə TŞ-da daimi nümayəndə ola bilər, türk dili Təşkilatın rəsmi dillərindən biri ola bilər.
Türkiyə müasir dünya siyasətində özünəməxsus yeri olan, güclü orduya, inkişaf etmiş müdafiə sənayesi kompleksinə, iqtisadiyyata malik ölkədir. Türkdilli ölkələrin Türkiyəyə yönəlik inteqrasiyası, bu ölkələrin hər tərəfli inkişafına, dayanıqlı sülhə səbəb ola bilər. Nəticə etibarı ilə Türk Birliyi, beynəlxalq təhlükəsizlik sisteminində əsas söz sahibi olar. Tarix artıq sübut etmişdir. Harada türk varsa, orda ədalət var”.
Seymur ƏLİYEV