Hikmət Babaoğlu: “Onun 101 il əvvəl ermənilərə nə üçün və necə verildiyi də hamıya bəllidir”
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və bunun ölkəmiz üçün önəmi ilə bağlı səsləndirdiyi fiirlər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır.
Moderator.az-a açıqlama verən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Zəngəzurun xalqımız üçün sadəcə siyasi-iqtisadi deyil, həm də mənəvi baxımdan önəminə diqqət çəkib:
“Azərbaycan Prezidenti Zəngəzur dəhlizi haqqında danışarkən istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində mühüm fikirlər səsləndirdi . Bir daha aydın oldu ki , bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla, bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.Yəni Ermənistan buna mane olmaq fikrinə düşəcəksə, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək . Bu qətiyyətli fikir Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən məsaj olmaqla, həm də onları bu və ya digər platformada dəstəkəyən ayrı-ayrı güc mərkəzlərinə verilən məsaj idi . Çünki bəzi regional və regiondankənar güclər var ki, onlar Cənubi Qafqazda sabitiliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı deyillər .
Hər kəsə aydındır ki , Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi vətəndir . Belə olduqda, bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var . Məhz bu tarixi reallıqdan çıxış edrək Prezident İlham Əliyev bildirdi ki , Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə, 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir. Biz 101 il bundan əvvəlki tariximizə qayıdaraq tarixi yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilər verildiyini bütün dünyaya çatdırmalıyıq .Qoy hamı bilsin ki, Azərbaycan öz milli davasında nə qədər haqlıdır və Azərbaycan Prezidenti həmişə öz çıxışlarında “biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına izin verməyəcəyik” deyəndə nəyi nəzərdə tuturdu. Yəni indiki Ermənistan 101 il əvvəl elə Zəngəzur da daxil olmaqla, İrəvan, Göyçə , Zəngibasar, Vedibasar , Lori-Pəmbək ( Ağbaba-Şörəyil ) , Dərələyəz və .s kimi tarixi Azərbaycan torpaqlarında yaradıb .
Doğurdan da Azərbaycan Prezidenti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına izin vermədi. Qarabağımız işğaldan qurtarıldı. Ancaq birinci erməni dövlətinə münasibətdə tarixi gerçəklik fakt olaraq qalmaqdadır. Ona görə də Prezident İlham Əliyev qeyd etdi ki , Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Bu milli tarixi yaddaşımıza səsləniş və mövcud reallığın obyektiv əsaslarda ədalətli qiymətləndirilməsi idi”.
Seymur ƏLİYEV