“İrəvanın mərkəzi ilə gedən tramvayda ermənicə danışıq eşidəndə təəccüblənirdik…”
10592
14 Apr 2021 | 17:43

“İrəvanın mərkəzi ilə gedən tramvayda ermənicə danışıq eşidəndə təəccüblənirdik…”

“50-ci illərdə Ermənistan paytaxtında  sovet dövrü olmasına baxmayaraq Mehdi bəy adlı Azərbaycan bəyi də yaşayırdı. “Qara bazar” deyilən bazarın yiyəsi o idi…” 
 
“Prezident İlham Əliyevin Zəngəzur, İrəvan haqqındakı son çıxışlarını dinlədikdən sonra  o qədim torpaqlarımızla bağlı xatirələrim dilə gəldi…  1950-ci illərdə İrəvanda Kirov adına Azərbaycan dilli orta məktəbdə oxumuşam. O zaman bu şəhəri biz yalnız Azərbaycan şəhəri kimi təsəvvür edirdik.  Küçələrdə erməni dilində danışığa çox az hallarda təsadüf edilirdi...”
 
Bunu Moderator.az-a açıqlamasında Qərbi Azərbaycanda anadan olmuş və uzun illər İrəvanda yaşamış tanınmış ictimai xadim,  83 yaşlı sabiq deputat Maksim Musayev söyləyib.
 
“Təsəvvür edirsiz, biz uşaqlar İrəvanın mərkəzi küçələri ilə gedən tramvayda kiminsə ermənicə danışığını eşidəndə təəccüblənirdik. Bir-birimizin üzünə baxırdıq ki, burda niyə ermənicə danışırlar. Çünki adətən yalnız maşinist və konduktor erməni olurdu, sərnişinlər, demək olar ki, hamısı azərbaycanlı idi. Azsaylı ermənilər də məcbur olub azərbaycanca danışırdı. Konduktor da dayanacaqların adını çox vaxt Azərbaycan dilində elan edirdi... 
 
Yadımdadır ki, o zaman İrəvanda sovet dövrü olmasına baxmayaraq Mehdi bəy adlı Azərbaycan bəyi də yaşayırdı. “Qara bazar” deyilən bazarın yiyəsi həmin Mehdi bəy idi. Hökumət əlindən alsa da, faktiki bazarın sahibi o idi.  Biz yeniyetmə uşaqlar şəhəri gəzəndə maraqlanırdıq ki, görəsən, bəy necə olur. Onun Gedarçayın kənarında qabağı aynabəndli bir evi vardı, qarşısında da böyük bir tut ağacı. O evin yanına gedib gizlincə Mehdi bəyə yaxından tamaşa edirdik. Onu da deyim ki, həmin Mehdi bəyin yiyəsi olduğu İrəvanın “Qara bazar”ında  əsasən azərbaycanlılar alver edirdi. Ermənilər isə orada yalnız içməli su satırdılar...” –deyə sabiq deputat xatirələrini dilə gətirib.
 
Hazırda, təəssüf ki, rəsmən qəsbkar “Ermənistanın paytaxtı” adlanan İrəvanın keçmiş azərbaycanlı sakini bu şəhərdəki Azərbaycan türklərinə məxsus təhsil və mədəniyyət obyektlərindən də bəhs edib. 
 
“İrəvanda azərbaycandilli Pedaqoji İnstitut, kənd təsərrüfatı texnikumu, Əzizbəyov adına Azərbaycan qızlar məktəbi, həmçinin, Azərbaycan Dram teatrı da var idi...
Təsəvvür edin ki, 1950-ci illərdə Ermənistanın  Ədliyyə naziri, Mərkəzi Komitənin təşkilat şöbəsinin müdiri, Partiya-dövlət Nəzarəti Komitəsinin sədri və müavini də azərbaycanlı olub. Səhv etmirəmsə, bir müddət Ali Məhkəmənin sədri də azərbaycanlı olub. 1960-ci illərdə Ermənistan SSR Ali Sovetinin sədr müavini olmuş  rəhmətlik atam Talıb Musayev  də kitablarında bu faktlar barədə məlumat verib. Basarkeçər, Krasnoselsk, Qarabağlar, Vedi, Zəngibasar, Amasiya rayonlarının 1-ci katibləri, Sisyanın 2-ci katibi azərbaycanlı olub... Bir sözlə, hələ 1905-1918, 1948-1953-cü illərin soyqırım və deportasiyalarına rəğmən Qərbi Azərbaycandakı soydaşlarımız öz kütləviliklərini qoruyub saxlaya biliblər. Təəssüf ki, 1988-1989-cu illərdə Ermənistan artıq birbaşa faşist ideologiyasını ortalığa qoyaraq azərbaycanlıların hamısını amansızlıqla, vəhşi qırğınların müşayiəti ilə deportasiya edib. Lakin ermənilər bu gün bütün bu tarixlərin üzərindən xətt çəkərək Azərbaycana qarşı müxtəlif absurd ittihamlar irəli sürürlər. O halda biz də çəkinmədən Prezident İlham Əliyevin bu tezisinə dəstək verməliyik: “Zəngəzura qayıdırıqsa, İrəvana niyə qayıtmayaq”...” deyə Maksim Musayev vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər