Əsgərə məktub
Gündəm
5930
27 Oct 2020 | 07:45

Əsgərə məktub

Əsgərə məktub yazmışam. Bilmirəm, əsgərinmi əlinə keçəcək, ya zabitin. Mənimçün fərq etməz, təki məktub 5 dəqiqəlik fasilədə onu oxuyanın yorğunluğunu çıxarsın, anlatsın ki, hamının düşüncəsində, ürəyindədir. Bunu anlayandan fərəhlənsin, növbəti qələbələrə çatsın.

 

“Sabahın xeyir, ƏSGƏR!

 

Səsini eşitməsəm də əminəm ki, sağ və salamatsan, düşmənin başını əzirsən.

 

Biz də sağ və salamatıq. Hər şey qoyub getdiyin kimidir. Televizorun qarşısından çəkilmirik. Eşitmək istədiyimiz tək qələbə xəbərləridir. Şükür olsun bizi yaradana ki, eşitmək istədiyimizi bizə qismət edir.

 

Atan səhhətindən daha şikayətlənmir. Deyir ki, özünü yaxşı hiss edir. Arada gözləri dolur. O da Sənin kimi oğulun atası olduğu üçün.

 

Ananın dodaqları yalnız bir cümlə pıçıldayır: Allah Səni qorusun!

 

Balaca bacın da yaxşıdır. Dilindən “qaqaşım” sözü düşmür.

 

Qardaşın daha bizi incitmir. Özünü yekə kişi kimi aparır. İdmana yazılıb, deyir ki, Sənin kimi güclü olub düşmənlə döyüşmək istəyir.

 

Məktəbdə sinif rəhbərin Yasəmən müəlliməni xatırlayırsan? O gün yolda rastlaşmışdıq. Səninlə fəxr etdiyini söylədi. Dedi ki, Sən hələ məktəbdə o biri uşaqlardan həmişə fərqlənirdin.

 

Dünən qonşunun qızı Lalə qarşıma çıxmışdı. Məni görcək yanaqları allandı. Səni dili ilə soruşmağa utandı, gözləri ilə soruşdu. Biləndə ki, qəhrəmanlıqlar edirsən, üzü işıqlandı. Çöhrəsi deyirdi ki, Səni gözləyəcək.

 

Bu arada məhləmizin uşaqları çığır-bağır salmışdılar. Sən demə, “müharibə” oyunu oynamaq istəyirmişlər, amma düşmən olmağa heç kim razılaşmayıb, hamı Sən olmaq istəyirmiş. Bu gün qonşular yenə də Səndən danışırdılar. İndi hamı Səndən danışır. Bilirsən, Səninlə necə qürur duyuram? Sən Azərbaycanın başını ucaltdın. Sənə canımız-gözümüz qurban. Bu qədər.

 

Özündən muğayat ol, özünü qoru ki, düşmənin başını əzib qələbə ilə qayıdasan. Səni öpürəm, qucaqlayıb bağrıma basıram.

 

Səni səbirsizliklə gözləyirəm!”

 

Arzu Qazıyeva 25 oktyabr

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər