“Biz YAP-ı yaradanda Elçibəy iqtidarın resurslarından buna qarşı istifadə etmədi...”
4502
24 Jun 2020 | 13:41

“Biz YAP-ı yaradanda Elçibəy iqtidarın resurslarından buna qarşı istifadə etmədi...”

Bu gün Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. 
Mərhum dövlət başçısı və onun rəhbəri olduğu AXC hakimiyyətinə qarşı qatı müxalifətdə olmuş  ictimai xadimlərdən biri – sabiq deputat və icra başçısı Maksim Musayev Moderator.az-a açıqlamasında  Elçibəy, onun iqtidarı haqda səmimi və müsbət fikirlər səsləndirib.

“Mütəmadi olaraq dövlətimizi idarə etmiş şəxslər yada salınır və onlar haqda müxtəlif fikirlər söylənilir. Ancaq təəssüf ki, bizdə belə bir tendensiya formalaşıb ki, hər kəs yalnız vəzifədə olduğu hakimiyyəti tərifləyir, nöqsanlarına isə göz yumur. Və əksinə, vəzifədən çıxarıldığı və ya müxalifətdə olduğu iqtidarları isə ancaq pisləyir və qərəzlə tənqid edir. Bu xüsusiyyətdən qurtulmaq lazımdır ki, onu gələcək nəsillərə miras ötürməyək. Səmimi və obyektiv olmaq,  müxalifətdə olduğun hakimiyyətin belə,  müsbət cəhətlərini görüb söyləmək gərəkdir...

Bu gün keçmiş Prezidentimiz Elçibəyin doğum günü olduğu üçün onun barəsindəki fikirlərimi ictimaiyyətə çatdırmağı lazım bildim. Əvvəla, onu deyim ki, Elçibəy hakimiyyətini  ən çox və ən ciddi tənqid atşinə tutanlardan biri də mən  olmuşam... 

Açıq desək, AXC respublikaya hakim olandan sonra mən qatı müxalifətə keçdim. Bəs bunun əsas səbəbi nə oldu?   Cəbhəçilər iqtidara  gələn kimi sovet dövründə təhsil alan, formalaşıb yetişən, vicdanla işləyən, xalqına canla-başla xidmət edən, tutduğu vəzifə postlarında daim xalqın və qanunçuluğun tərəfindən duran, işini bilən, yaxşı mütəxəssis olan, böyük kollektivlərə başçılıq edən, çoxlarının əqidəsi və əli təmiz olan vicdanlı adamları ağına- bozuna baxmadan qısa bir müddətdə kütləvi şəkildə işdən çıxarıb bayıra atdılar. Kadr vakuumu yarandı. Əksinə isə... Köhnə kadrları  əvəzləyənlərin böyük hissəsi üz ağartmadılar.  Bəziləri hətta iqtisadiyyatın müxtəlif sahələrini viran qoymağa başladı. Hiss olunurdu ki, bəzi cəbhəçilərin əsas məqsədi  dövləti idarə edib xalqı və ölkəni inkişafa aparmaq yox, vəzifələri  tutmaq, hakimiyyətdə olmaqlarıyla tarixə düşmək, milli dirçəliş sahəsində  etdikləri xidmətə görə nələrə isə nail olmaq  idi...”- deyən sabiq icra başçısı Elçibəy  və onun komandasının  rastlaşdığı obyektiv və subyektiv çətinlikləri də xatırladıb. 

“Fəqət, o da danılmaz idi ki, Elçibəy hakimiyyəti yenicə müstəqillik əldə edən Azərbaycanın çətin günlərinə düşdü. Həm də onun xələflərindən bu hakimiyyətə yaxşı miras qalmadı. 20 Yanvar faciəsinin təşkilatçısı kimi respublikaya rəhbər göndərilən Vəzirov bir neçə ayın içində ölkəni elə bir pis günə saldı ki, onu neçə illər dirçəltmək mümkün olmadı. Ağırayaq, millətəyovuşmaz və yüngül xasiyyət Vəzirov idarəetmə və iqtisadi sistemləri amanabənd, aqressivləşmiş və anarxistliyə sürüklənən  sələflərinə pay qoydu. Onun əfəlliyi və qabiliyyətsizliyi mövcud demokratik hərəkatı daha da  formalaşdırdı və püxtələşdirdi. Cəbhəçilərin haqlı oaraq  Vəzirovdan da yaxşı işləmək, idarə etmək həvəsi, arzusu və iştahası yarandı. Zaman keçdikdən sonra müqayisə edərək deyə bilərəm ki,  Elçibəy hakimiyyəti özünün təcrübəsiz, səriştsiz, bəzən də bacarıqsız kadrları ilə bütün Vəzirov hakimiyyətindən çox-çox üstün idi. Əlbəttə, ədalətlə yanaşsaq, vətənpərvərlik, millətsevərlik və  milli düşüncə sahəsində Vəzirov Elçibəyin ayaqqabılarını silməyə belə. layiq deyildi. Azərbaycanı bombasız xarabaya çevirən və sonra qaçan Vəzirovun ardınca Ayaz Mütəllibov rəhbərliyə gəlsə də, müsbət nəticə alınmadı.  Siyasi pusquda dayanmış cəbhəçilər bəzi məqamları və fürsəti əldən buraxmayaraq Mütəllibov hakimiyyətini devirdilər...  

Bu müqayisələri ona görə edə bilirəm ki, 6 ay  Vəzirov,  6 ay da Elçibəy hakimiyyəti zamanı rayon rəhbəri vəzifəsində çalışdığım üçün hər ikisinin rəhbərlik, idarəetmə qabiliyyətlərindən məlumatlı olub nəticələr çıxarmışam... 

İndi isə Elçibəy  hakimiyyəti dövründə görə bildiyim   bəzi xoşagələn məsələlərdən danışmaq istərdim.  Ən əvvəl aydın görünən və xoşagələn o idi ki, Xalq Cəbhəsi lideri Elçibəylə ölkə Prezidenti Elçibəy arasında heç bir fərq  hiss etmədik.  Yəni onda yekəxanalaıq, özündənrazılıq xüsusiyyətləri görmədik. Onu açıqxasiyyət,  ağzıdualı, millətcanlı  və gözütox şəxs kimi tanıdıq. Bütün bunlar isə Əbülfəz bəyin idarəetmə sahəsindəki çatışmayan cəhətlərini kölgədə qoyurdu. O dövrdə müxalifətdə olduğumuzdan AXC hakimiyyətinin nöqsanlarını  mikroskopla aramağa çalışırdıq... Amma  çoxsaylı  əskikliklərlə yanaşı, bəzi yaddaqalan  işlərdən də danışmaq olar... 

Təhsil islahatının ağır vəziyyətdə inləyən  bir respublikada keçirilməsi inandırıcı deyildi. Lakin cəbhəçilərin bu təşəbbüsü elə bir həddə çatdı ki,  əksəriyyət  buna inandı və indiyədək xalq həmin islahatın  bəhrələrini dadmaqdadır.  Əgər sonralar bəzi dəyişiklikləri nəzərə almasaq...  

Bundan başqa  Elçibəy iqtidarı dövründə azad sözə və  mətbuata təzyiq  və maneə törədilməsi hiss edilmrdi.  Bu sözlərin müəllifi bunun daha yaxından şahidi olmuşdu.   Çünki hakimiyyəti tənqid etmək üçün qəzet təsis edərkən Elçibəy iqtidarı onun işini əngəlləməmişdi. Və həmin qəzet öz səhifələrində çəkinmədən mövcud bütün nöqsan və çatışmazlıqları tənqid və təhlil edə bilirdi. Tənqidə qarşı isə hücum kampaniyası aparılmırdı və demək olar ki, yox idi. Prezident  Elçibəyin tənqid və iradlara münasibəti olduqca müsbət idi. Sanki Prezident tənqiddən xoşlanır və ləzzət alırdı. Onda tənqidlərdən qorxmaq, narazı qalmaq, qərəzlilik nümayiş etdirmək xasiyyəti yox idi.  Ən yadda qalan isə o idi ki, biz YAP-ı yaradanda Elçibəyin rəhbəri olduğu hakimiyyət və  məmurlar öz inzibati resursları və imkanlarından buna qarşı istifadə etmədilər...
Allah Əbülfəz Elçibəyə rəhmət eləsin!..” –deyə Maksim Musayev fikirlərini tamamlayıb.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər