Demokratik Qüvvələrin Milli Şurası iyulun 14-ü Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin başqa bir üzvü Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının həbsini pisləyən bəyanat yayıb.
Moderator.az-a daxil olan bəyanatda bildirilir ki, son həbslər gənclərə qarşı aparılan repressiyanın tərkib hissəsidir:
““NİDA”çı gənclərin həbsiylə başlayan bu reqressiv siyasətin davamı narahatlıq doğurur. Ölkənin seçki prosesinə qədəm qoymağa hazırlaşdığı bir zamanda baş verən hadisələr seçkinin antidemokratik abı-havada keçəcəyinə daha bir işarədir. Milli Şura gənclərin qondarma ittihamlarla həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, siyasi aktivliyin qarşısını alınmaq cəhdi kimi dəyərləndirir. Milli Şura Azərbaycan hakimiyyətinin siyasi opponentlərinə və müstəqil mövqedən çıxış edən gənclərə qarşı qanunsuz əməllərini pisləyir və siyasi motivlərlə həbsə atılanların dərhal azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir”.