Tanınmış
jurnalist Xədicə İsmayılova mitinqdə iştirak etdiyinə görə, yəni konstitusion
hüququndan istifadəyə görə 220 saat ictimai işlər cəzasına məhkum olunub.
Baş verənlərə münasibət bildirən Xədicə İsmayılova açıqlamasında bildirdi ki,
mitinqdə iştirak etmək konstitusion hüququdur və buna görə də cəriməni
ödəməməkdə israrlıdır: “Mən vətəndaş itaətsizliyi etdiyim zaman məhkəmə hökmünü
bilərəkdən icra etməkdən boyun qaçırmışam və inzibati hüquqpozmaya yol
vermişəm. Mən məhkəmə qərarını qeyri-adekvat hesab edirəm. Çünki 220 saat bu
pozuntuya görə ədalətli deyil və mən bununla bağlı şikayət verəcəm. Mən bu
cəzanı icra edəcəm. Qoy insanlar görsünlər ki, bu ölkədə fundamental hüquqlar
necə pozulur. Mən süpürgəçi vəzifəsini seçdim ki, insanların daha çox toplaşdığı
yer olsun və hər kəs bilsin ki, sərbəst toplaşma azadlığı vacib amildir. Biz
bunu şərti olaraq ”demokratiya naminə süpür" aksiyası adlandırırıq. Bu
ölkədəki vəziyyət hər kəsə aydındır və bu ölkəni təmizləmək də bizə düşər".
Göründüyü kimi, Xədicə xanım ictimai fəal olaraq, ictimai işlərdən çəkinmir. Və bu işdə heç bir kompleks görmür. Artıq onlarla jurnalist, ictimai fəal Xədicə xanıma dəstək olacağını, onunla çiyin-çiyinə küçə süpürəcəyini ifadə edib.
Jurnalist
Çingiz Sultansoy öz “Facebook” səhifəsində yazır: “Xədicə xanım saxta
məhkəmə-məzhəkə-sirk-klouna da kəsilən pul cəriməsini ödəməmək qərarına gəlib.
Mən həmişə bu qərarı dəstəkləmişəm. İndi isə Xədicə ictimai iş adı ilə küçə
süpürməyə məhkum edilib və deyib ki, gedib süpürəcək. Mən bu işdə ona dəstək
olacam. Olmalıyam da”.
Jurnalist Natiq Ədilov da “Facebook” səhifəsində yazıb: “Xədicə xanımın Ilham
Əliyevin nökər məhkəmələrinin kəsdiyi pul cəriməsini verməməyi düz və cəsarətli
addımdır. Xədicə xanımı indi ictimai iş adı ilə küçə süpürməyə məhkum ediblər.
O bəyan edib ki, gedib süpürəcək. Şübhəsizdir ki, mən də bütün varlığımla
Xədicəni müdafiə etməyə hazıram”.
Bu sıralamanı uzatmaq da olar. Ancaq iki nümunə insanların nə düşündüyünü ifadə
etməyə yetərlidir.
Xədicə İsmayılovanın 220 saat ictimai işlərlə cəzalanmasına “Turan” informasiya
agentliyinin rəhbəri Mehman Əliyev də münasibət bildirdi.
Mehman Əliyev hesab edir ki, Xədicə İsmayılova ilə bağlı qərar ədalətsizdir və siyasi qərardır: “Xədicə xanım bir vətəndaş, ictimai xadim kimi öz konstitusion hüquqlarından istifadə edib. Xədicə xanımın mövqeyi vətəndaş cəmiyyəti üçün müsbət bir nümunədir. Bu aksiya insanları öz hüquqları uğrunda mübarizə aparmağa vadar edəcək. Xədicə xanımın bu cəzanı icra etməsi onun nüfuzunu, cəmiyyətdəki mövqeyini daha da artıracaq”.
Son məlumatlara görə, ADP-çi gənc Cəmil Hacıyev və Xədicə İsmayılovanı məhkəmə icraçıları süpürüləcək əraziyə aparıblar.
Xatırladaq ki, hər iki şəxs Binəqədi rayon MKTB-nin tabeliyində olan ərazilərdə dalandar və süpürgəçi vəzifəsini icra edəcəklər.