Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında “Azadlıq” qəzetinin ünvanına ittihamlar səsləndirib. “Azadlıq”ı “hakimiyyətə opponent partiyalardan birinin orqanı” adlandıran şöbə müdiri iddia edib ki, bu qəzet Azərbaycan dövlətinə qarşı xarici KİV-də çıxan yazıları tirajlayır.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Əli Həsənovun dediklərinə cavab verib. “Əli Həsənov Mətbuat Şurasının qurultayında əlinə düşən fürsətdən “Azadlıq” qəzetinə qarşı istifadəni daha vacib hesab edib. Bəlli olub ki, Azərbaycan dövlətinin korrupsiya, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması, görünməmiş sosial ədalətsizlik və Qarabağ problemi yox, “Azadlıq” qəzeti problemi var.
Dərin təəssüf hissi ilə qeyd edirəm ki, tarixçi Əli Həsənov yaxın tariximizi açıq şəkildə saxtalaşdırır. “Azadlıq” qəzeti fəaliyyətə AXC-nin orqanı kimi başlayıb. Bir neçə il sonra təşkilat qəzetin təsisçiliyindən imtina edərək onu kollektivə verib.
Kimin dövlətə sədaqətli olmasına gəlincə, bu məsələdə ən zəif mövqeyi olan qüvvə məhz Azərbaycan hakimiyyətidir. Problemlərimizin həllində bizə ciddi dəstək verə biləcək ölkələrlə, hakimiyyəti qoruyub saxlamaq naminə, münasibətləri düşmənçilik səviyyəsinə qaldırmaq dövlətə qarşı ən böyük pislikdir.
Korrupsiyasız, insan hüquq və azadlıqlarına hörmət edilən, qanunun aliliyi təmin olunan, sosial ədalət bərqərar olan dövlətlərə bütün dünyada hörmət edilir. Həbsxanaları siyasi məhbussuz və jurnalistsiz olan Azərbaycana kim hörmətlə yanaşmazdı?
Azərbaycanda işıqlı idealların təntənəsi uğrunda mübarizə aparan “Azadlıq”ın fədakar kollektivi üçün başlıca məsələ haqqımızda kiminsə nəsə deməsi deyil, bu ideallara sona qədər sədaqətlə xidmət etməkdir”, - deyə R.Hacıyev bildirib.
Xəyal Əzizov