Ümid partiyasının sədri İqbal Ağazadə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun siyasətçi olmadığını, seçki nə olduğunu bilmədiyini və bu yöndə nə jurnalistlər, nə də cəmiyyətlə hansı dildə danışmaq lazım gəldiyini bilmədiyini söyləyib.
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Milli Şuranın üzvü Eldəniz Quliyev İ.Ağazadənin bu fikri ilə razılaşmadığını qeyd etdi:
“İqbal Ağazadənin səsləndirdiyi fikir həqiqətə uyğun deyil. R.İbrahimbəyov bir yazıçı, kinodramaturq, dünyaca məşhur bir sima olaraq fakt kimi mövcuddur. Bir şeyi yaddan çıxartmayaq ki, ortabab kinodramaturq və yazıçı Azərbaycan ölçülərində yaxşı bir siyasətçi deməkdir. Yaxşı dramaturq və yazıçı isə əla, peşəkar siyasətçi deməkdir. Əgər biz həm İ.Ağazadəni, həm də R.İbrahimbəyovu siyasətçi tərəzisinə qoysaq, orada İ.Ağazadə R.İbrahimbəyovla müqayisədə çox-çox cılız görünər. İ.Ağazadə üçtəkərli velisoped sürəndə R.İbrahimbəyov böyük siyasətlə məşğul idi. Siyasət İqbal bəyin başa düşdüyündən daha geniş anlayışdır və bunu Rüstəm bəy yalnız İqbal bəyə deyil, onun kimilərin dəstəsinə izah edə bilər”.
Seymur Əliyev