Sabiq millət vəkili Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov AzNews.az-a açıqlamasında bildirib ki, müvəkkilinin adından yayılan son bəyanat saxtadır, mətbuat bunu yalandan yayıb.
Sitat: “Beynəlxalq axtarışa verilmiş Hüseyn Abdullayevin bir neçə gün əvvəl mətbuatda yayılan bəyanatı saxtadır və onun bu bəyanatdan xəbəri yoxdur”
Vəkil deyib ki, qeyd olunan bəyanat yayıldıqdan sonra H.Abdullayevlə əlaqə
saxlayıb və keçmiş millət vəkili bunu inkar edib: “Bəyanatda elə şəxslərin adı
çəkilib ki, Hüseyn Abdullayev onlarla bağlı heç bir fikir səsləndirməyib.
Problem var, mülki məsələdir və qanunla həll ediləcək. Maraqlıdır ki, kimsə
Hüseyn Abdullayevin adını bilərəkdən müxalifətlə birgə hallandırmaq istəyir.
Guya onun ailəsinə qarşı da cinayət işi açılıb, yaxud əlində ifşaedici
materiallar var. Bunlar heç bir əsası olmayan məlumatlardır və Hüseyn
Abdullayevin o bəyanatdan ümumiyyətlə, məlumatı yoxdur. Çünki mən ondan məsələ
qanuni yolla həllini tapana qədər mətbuata heç bir açıqlama verməməsini
istəmişdim. Birdən-birə belə bir bəyanatın ortaya atılması Hüseyn Abdullayevin
ailəsini də qəzəbləndirib. Anası hazırda mənim yanımdadır və bəyanatı
qətiyyətlə inkar edir. Onlar da Hüseyn Abdullayevlə əlaqə saxlayıblar. Sabiq
millət vəkili ailəsinə də belə bir bəyanat vermədiyini bildirib”.
Moderator.az xəbər verir ki, bu bəyanat saytda yayıldıqdan sonra Hüseyn Abdullayev Almaniyadan musavat.com-a zəng edib aşağıdakıları bildirib:
“Artıq mənim Kamandar Nəsibov adlı vəkilim yoxdur. O adam hakimiyyətə satılıb, saxtakarlıq edir, mənim adımdan yalan məlumatlar yayır. Bəyan edirəm ki, son bəyanatı mən özüm mətbuata göndərmişəm və bəyanatın üstündə qalıram. Bəyanatda çəkdiyim adlardan da imtina etmirəm”.
Xatırladaq ki, ötən həftənin şənbə günü H.Abdullayev bəyanatında onun valideynlərinə qarşı cinayət işi açıldığını, onlara, həmçinin digər yaxınlarına qarşı hakimiyyətin ən yuxarısından təzyiqlər olduğunu demişdi.