Bakı şəhərində gecə saatlarında yol qəzası baş verib. Milli.az-ın məlumatına görə, hava limanı yolunda baş verən qəza zamanı sərnişin avtobusu "VAZ-2107" markalı avtomobili toqquşma yerindən təxminən 20 metr kənara atıb.
Ötən gecə saat 00:30 radələrində hava limanı yolunda, "Komsomol dairəsi" kimi tanınan ərazidə 23 saylı sərnişin avtobusu "VAZ-2107" markalı avtomobillə toqquşub. Minik maşını zərbənin təsirindən idarəetmədən çıxaraq yol kənarında salınmış yaşıllıq zolağına çıxıb.
Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü yaralanıb. Avtobusun sürücüsü qəzanın "VAZ-2107"nin günahından baş verdiyini dedi: "Normal sürətlə gedirdim, qəflətən qarşımda döndü, mən də saxlaya bilməyərək vurdum. Maşın da saxlaya bilməyərək yoldan kənara çıxdı".
Qarşı tərəf isə onun əksini deyirdi. Bütün bu suallara cavab tapmaq, eyni zamanda yaralı sürücünü xəstəxanaya çatdırmaq üçün əraziyə yol patrul xidmətinin və təcili yardım əməkdaşlarının gəlməsini gözləmək lazım gəlirdi. Hadisədən təxminən bir saat sonra hadisə yerinə yol polisi gəlsə də, yaralını xəstəxanaya elə sürücünün yaxınları aparmalı oldular. Dəfələrlə təcili yardıma zəng edilsə də, maşınların hamısının çağırışda olduğu bildirilirdi.
Ərazidə araşdırma aparan yol polisinin təhqiqatçısı isə qəzanın səbəbinin araşdırmadan sonra məlum olacağını deməklə kifayətləndi.
Onu da əlavə edək ki, qəza baş verən ərazi avtomobillər üçün arzuolunmaz yer hesab oluna bilər. Həmin yerdə hər gün bir neçə dəfə qəza olur. Qəza olan yerdə dairə işarəsini yerə çəkilmiş xətt göstərdiyindən gecə saatlarında sürücülər bunu görmürlər və qəzalar baş verir.