“II Dünya müharibəsində təltif edilənlər öz mükafatlarından imtina etməlidir”
Gündəm
5495
08 May 2016 | 13:29

“II Dünya müharibəsində təltif edilənlər öz mükafatlarından imtina etməlidir”

Sabah faşist Almaniyası üzərində qələbənin növbəti ildönümüdür. Məlumat üçün qeyd edək ki, faşizm üzərində qələbədə öz nefti ilə həlledici pay sahibi olan Bakıya hələ də “Qəhrəman şəhər” statusu verilməyib. Baxmayaraq ki, Moskva sovet dönəmində faşizmə qarşı mübarizədə Bakıdan dəfələrlə az xidmətlərə malik bir sıra şəhərləri bu fəxri adla mükafatlandırıb.

Maraqlıdır, Azərbaycan SSRİ-nin varisi hesab edilən Rusiyadan Bakıya “Qəhrəman şəhər” adı verilməsini tələb etməli, bu istiqamətdə gərəkli addımlar atmalıdırmı? Yoxsa artıq bu statusun da dağılan, əbədiyyətə qovuşan SSRİ kimi heç bir mənası, əhəmiyyəti qalmayıb?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu belə bri statusa lüzum görmədiyini bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan artıq bütün bu məsələlərlə bağlı fərqli bir mövqe ortaya qoymalıdır:

“Bu cür adlar sovet dövrünün ənənəsinə uyğun olaraq verilirdi. Bu səbədən də Azərbaycan bu və bu kimi adların hamısından imtina etməlidir. Əgər Bakıya sovet dönəmində “Qəhrəman şəhər” adı verilsəydi belə, bu gün Azərbaycan bundan imtina etməli idi. Çünki bu cür şeylər bizi sovet dönəminə qaytarır. Rusiya ilə yaxınlaşdırır.

Rusiya 300 ildən artıqdır ki, Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı apardığı düşmənçilik siyasətini bu gün də davam etdirir. Rusiya Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıb. Ərazilərimizin bir qismini isə özü ilhaq edib. Bütün bunları nəzərə alaraq, Bakının “Qəhrəman şəhər” adı alması məqsədəuyğun deyil. Hətta hesab edirəm ki, II Dünya müharibəsində təltif edilən şəxslər də öz mükafatlarından imtina etməlidir. Çünki bu müharibə rusların iddia etdiyi kimi, alman faşizminə qarşı mübarizəsi deyildi. Bu, ruslarla almanların dünyanı yenidən bölmək arzusundan doğan müharibə idi. Sadəcə almanlaırn məğlubiyyəti ilə nəticələndiyi üçün onların ittiham edilməsiylə başa çatdı”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər