Elçin Qurbanov:  “Putin Rusiyanı məhvə sürükləyir”
Gündəm
4047
29 Feb 2016 | 10:45

Elçin Qurbanov:  “Putin Rusiyanı məhvə sürükləyir”

 

“Putinin Suriyadakı hərəkətləri Rusiyanın beynəlxalq imicinə zərbə vurur. Bir tərəfdən atəşkəs sazişinə imza at, digər tərəfdən isə yenə də səndən qat-qat zəif olan qüvvələrin başına bomba yağdır. Yüzlərlə insanı öldür, onminlərlə adamı yerindən-yurdundan didərgin sal. Bunu heç hara yazmaq olmaz və Putinin bugünkü hərəkətləri Rusiya tarixinin utanc səhifəsinə çevriləcək”.

 

Moderator.az xəbər verir ki, müstəqil ekspert Elçin Qurbanov Rusiyanın atəşkəs zamanı Suriyada öz aqressiv hərbi əməliyyatlarını davam etdirməsinə münasibət bildirərkən, belə deyib.

 

Əməkdaşımızın suallarını cavablandıran ekspert həmçinin qeyd edib ki, Putin üçün Suriya xalqının həyatı əhəmiyyətsiz ola bilər: “Amma Rusiyanın prezidenti kimi, o, öz ölkəsinin beynəlxalq imicinin qayğısına qalmalıdır. Təəssüf ki, bir zamanlar əzilən sinifin haqlarının müdafiəçisi qismində çıxış edən, qlobal imperializmə qarşı savaşdığını bildirən bir ölkənin-SSRİ-nin ən böyük hüquqi varisi sayılan Rusiya indi dünyada zülmün, avtoritar rejimlərin himayəçisi qismində qlobal siyasətinin tənzimlənməsində rol almaq istəyir. Bu isə istər-istəməz ölkəni bütün dünyanın nifrət obyektinə, hər bir dövlətin üz döndərdiyi qüvvəyə çevirir”.

 

Elçin Qurbanovun fikrincə, tarixdə bütün dünyanın nifrətini öz üzərinə çəkən, aqressiv siyasətilə  insanlığı təhdid edən heç bir güc uzun müddət ayaqda qala bilməyib: “Vaxtilə faşist Almaniyası da Avropanı, o cümlədən bu gün Putinin rəhbərlik etdiyi  Rusiyanı qan gölünə döndərmişdi. Sonradan bütün dövlətlərin ona qarşı çevrilməsi nəticəsində ortaya çıxan qlobal müqavimət qarşısında duruş gətirə bilmədi. Hitlerin dünya fatehliyi arzusu Almaniyanın uzun illər əsarət altına düşməsiylə nəticələndi. Təəssüf ki, Putinin aqressiyası da Rusiyanı bu aqibətə doğru sürükləyir”.

 

Putinin dünya hegemoniyasında söz sahibi olmaq iddiasıyla yürütdüyü hərbi təhdid siyasətində öz atom gücünə arxayın olduğunu vurğulayan ekspert müasir çağımızda bu gücün getdikcə mənasını itirdiyinə inanır: “Əvvəlki dövrlərdən fərqli olaraq, hazırda nüvə silahları yalnız bir-iki qüvvənin əlində cəmləşməyib. Dünyanın xeyli nüvə dövlətləri var və bu silahlardan istifadə edilməsi təkcə hədəfi deyil, hədəf seçəni də məhv edə bilər. Odur ki, bumeranq effektli bu silahdan istifadə getdikcə mümkünsüzləşir, ona sahib olan dövlətlərin öz altına qoyulmuş dinamitə çevrilir. Vaxt gələcək, rus xalqı köhnəlib hər an partlamağa hazır olan nüvə silahlarını necə zərərsizləşdirmək haqqında düşünəcək”.

 

Müasir çağımızda dünyanın ən təsirli silahının elmi-texniki tərəqqi və ölkələrin qlobal iqtisadi münasibətlərdə tutduğu rolla bağlı olduğunu düşünən ekspertin fikrincə, Putinin aqressiv siyasəti isə Rusiyanı bu silahdan məhrum edir: “Elmi-texniki tərəqqiyə xərclənəcək pulları silaha yatıran Putin öz aqressivliyi ilə də qlobal iqtisadiyyatın əlaqəsini kəsdiyi ölkə çevrilir. Nəticədə öz perspektivini təhlükə altına qoyur. Çətin iqtisadi şəraitdə yaşayan rus xalqının hətta Şimali Koreyada belə olan atom gücünü artırmaq nəyinə lazımdır? Dövlətlər xalqları xoşbəxt etmək üçündür. Putin Rusiyasının dünya hegemoniyası uğrunda savaşı isə təkcə rus xalqını deyil, qonşu xalqların da taleyinə mənfi yöndə təsir göstərir”.

Link kopyalandı!
Son xəbərlər