“Putinin
Suriyadakı hərəkətləri Rusiyanın beynəlxalq imicinə zərbə vurur. Bir tərəfdən
atəşkəs sazişinə imza at, digər tərəfdən isə yenə də səndən qat-qat zəif olan
qüvvələrin başına bomba yağdır. Yüzlərlə insanı öldür, onminlərlə adamı yerindən-yurdundan
didərgin sal. Bunu heç hara yazmaq olmaz və Putinin bugünkü hərəkətləri Rusiya
tarixinin utanc səhifəsinə çevriləcək”.
Moderator.az
xəbər verir ki, müstəqil ekspert Elçin Qurbanov Rusiyanın atəşkəs zamanı
Suriyada öz aqressiv hərbi əməliyyatlarını davam etdirməsinə münasibət bildirərkən,
belə deyib.
Əməkdaşımızın
suallarını cavablandıran ekspert həmçinin qeyd edib ki, Putin üçün Suriya
xalqının həyatı əhəmiyyətsiz ola bilər: “Amma Rusiyanın prezidenti kimi, o, öz
ölkəsinin beynəlxalq imicinin qayğısına qalmalıdır. Təəssüf ki, bir zamanlar əzilən
sinifin haqlarının müdafiəçisi qismində çıxış edən, qlobal imperializmə qarşı
savaşdığını bildirən bir ölkənin-SSRİ-nin ən böyük hüquqi varisi sayılan Rusiya
indi dünyada zülmün, avtoritar rejimlərin himayəçisi qismində qlobal siyasətinin
tənzimlənməsində rol almaq istəyir. Bu isə istər-istəməz ölkəni bütün dünyanın nifrət
obyektinə, hər bir dövlətin üz döndərdiyi qüvvəyə çevirir”.
Elçin
Qurbanovun fikrincə, tarixdə bütün dünyanın nifrətini öz üzərinə çəkən,
aqressiv siyasətilə insanlığı təhdid edən
heç bir güc uzun müddət ayaqda qala bilməyib: “Vaxtilə faşist Almaniyası da
Avropanı, o cümlədən bu gün Putinin rəhbərlik etdiyi Rusiyanı qan gölünə döndərmişdi. Sonradan
bütün dövlətlərin ona qarşı çevrilməsi nəticəsində ortaya çıxan qlobal müqavimət
qarşısında duruş gətirə bilmədi. Hitlerin dünya fatehliyi arzusu Almaniyanın
uzun illər əsarət altına düşməsiylə nəticələndi. Təəssüf ki, Putinin aqressiyası
da Rusiyanı bu aqibətə doğru sürükləyir”.
Putinin dünya
hegemoniyasında söz sahibi olmaq iddiasıyla yürütdüyü hərbi təhdid siyasətində
öz atom gücünə arxayın olduğunu vurğulayan ekspert müasir çağımızda bu gücün
getdikcə mənasını itirdiyinə inanır: “Əvvəlki dövrlərdən fərqli olaraq, hazırda
nüvə silahları yalnız bir-iki qüvvənin əlində cəmləşməyib. Dünyanın xeyli nüvə
dövlətləri var və bu silahlardan istifadə edilməsi təkcə hədəfi deyil, hədəf
seçəni də məhv edə bilər. Odur ki, bumeranq effektli bu silahdan istifadə
getdikcə mümkünsüzləşir, ona sahib olan dövlətlərin öz altına qoyulmuş dinamitə
çevrilir. Vaxt gələcək, rus xalqı köhnəlib hər an partlamağa hazır olan nüvə
silahlarını necə zərərsizləşdirmək haqqında düşünəcək”.
Müasir
çağımızda dünyanın ən təsirli silahının elmi-texniki tərəqqi və ölkələrin qlobal
iqtisadi münasibətlərdə tutduğu rolla bağlı olduğunu düşünən ekspertin fikrincə,
Putinin aqressiv siyasəti isə Rusiyanı bu silahdan məhrum edir: “Elmi-texniki tərəqqiyə
xərclənəcək pulları silaha yatıran Putin öz aqressivliyi ilə də qlobal iqtisadiyyatın
əlaqəsini kəsdiyi ölkə çevrilir. Nəticədə öz perspektivini təhlükə altına
qoyur. Çətin iqtisadi şəraitdə yaşayan rus xalqının hətta Şimali Koreyada belə
olan atom gücünü artırmaq nəyinə lazımdır? Dövlətlər xalqları xoşbəxt etmək
üçündür. Putin Rusiyasının dünya hegemoniyası uğrunda savaşı isə təkcə rus xalqını
deyil, qonşu xalqların da taleyinə mənfi yöndə təsir göstərir”.