İlhamə Quliyevanın doğma atası və ikinci soyadı...
18439
26 Feb 2016 | 16:35

İlhamə Quliyevanın doğma atası və ikinci soyadı...

Moderator.az saytı dünən 72 yaşında dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva haqqında bəzi faktları təqdim edir:

Atası kim idi

Dünən 72 yaşında ( 73 yaşı avqustun 17-də tamam olacaqdı) dünyasını dəyişən İlhamə Quliyevanın atasının adı bəzi mənbələrdə Məzahir, bəzilərində isə Həbib kimi göstərilir. Onun barəsindəki vikipediya məlumatında da fakt elə bu cür də qeyd olunub. Amma müğənni bir neçə il bundan qabaq televiziya müsahibəsində atasının kimliyi barəsində dəqiq məlumat vermişdi:

“Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Anam Tükəzban xanım atamdan ayrılandan sonra onunla ailə qurub. 

Onlar bir-birini çox seviblər. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

İlhamənin əsl atası Məzahir Quliyev respublikanın bir çox yerlərində prokuror və başqa məsul vəzifələrdə çalışıb. 1942-ci ildə xanəndə Tükəzban İsmayılova ilə ailə həyatı qurur. O zaman T. İsmayılova Dövlət Filarmoniyasının solisti idi. Məzahir Quliyev də Lənkəranda prokuror kimi çalışırdı. Ailə qurandan bir il sonra ”“ 1943-cü il avqustun 17-də İlhamə Quliyeva dünyaya gəlir. Xalq artistinin şəxsiyyət vəsiqəsində anadan olduğu yer Lənkəran şəhəri kimi göstərilib. Atasının adı isə Məzahir qeyd olunub.

İlhamə Quliyevanı beş yaşından sonra böyüdən nəcib insan isə Həbib Bayramov olub. H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün burada həm muğam sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

O, həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun qızıl fondunda saxlanılır.


1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib. Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim fərqlənib. Repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” və digər muğamlar əsas yer tutub. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib.


İlhamə Quliyevanın sənətdə irəliləməsində ən azı Tükəzban İsmayılova qədər  bu xoşxasiyyət tarzənin də rolu çox olub. Onların şəxsi tanışlığı hesabına Səid Rüstəmov, Hacı Xanməmmədov, Fikrət Əmirov kimi bəstəkarlar gənc vokalçı İlhaməyə dəyərli mahnılar yazıblar.


Anası Tükəzban İsmayılova haqqında isə çox danışmağa gərək yoxdu. Səs yazıçlarının çoxusu “Qızıl fond”da saxlanılır. Əsasən “Kəsmə şikəstə”, “Yetim segahı” kimi muğamların yanıqlı səslə ifasına görə məşhurluq qazanıb. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan məhz odur.


İlhamənin qısamüddətlik soyadı

Dəyərli ifalarına son qoyandan sonra ən çox şəxsi həyatı və sənət (?) dünyası daxilində qalmaqalları ilə seçilən müğənninin ailə həyatı çox müzakirə olunurdu. Özü də bəzən bir çox mətləbləri gizlətmir, açıq-aşkar deyirdi. Qanuni şəkildə 1980-ci illərdə ailə həyatı qurmuşdu. Lakin bu çox sürməyib. Qısa müddətdən sonra həyat yoldaşı Faiq Mirmöhsünovdan ayrıldı. Həyat yoldaşı olduğu müddətdə onun soyadını daşıdı, Mirmöhsünova kimi səhnəyə çıxdı. 

Boş qalmış “rinq”

Bir zamanlar “Neylərsən”, “Çiçək yağışı”, “Göy-göl” kimi mahnılar dillər əzbərinə çevrildi. Xalq artisti İlhamə Quliyevanın özünəməxsus ifa tərzi sayəsində sevilən bir çox mahnılar bu gün də Azərbaycan musiqisində fərqləndi. Amma bunlar məhz səsin sayəsində gerçəkləşdi. Təəssüf ki, sonradan musiqiyə baxış tamamilə dəyişdi. Sırf biznes maraqları istiqamətində fəaliyyət göstərən estrada musiqisinin nümayəndələri özlərini gündəmdə saxlamaqdan ötrü ən gözəl səsin belə, o qədər də böyük əhəmiyyətə malik olmadığını düşünüb müxtəlif vasitələrə əl atdılar. Çünki bunların hamısı reytinq qazandıracaq vasitələr idi. Reytinq də biznesin əsas şərti olduğundan estrada nümayəndələri onun ilk pilləsinə qalxmaqdan ötrü səs meyarını ikinci plana atdılar. 

İlhamə Quliyeva da  hər zaman özünü təsdiqləmək, nüfuzunu əldən verməməkdən ötrü mübahisələrdən çəkinmədi.


Ömrünün son illərində müğənni Elza Seyidcahan arasında baş verən qalmaqal da bunun əyani sübutudur. Hər iki xanımın mübahisələrində musiqi adlı şey təmiz kənarda dayanmışdı. Bəzən tərəflərin də özləri də nəyə görə mübahisəyə girdiyini bilmirdilər. Sadəcə bir tərəfdən reytinq xatirinə çalışan media, bir tərəfdən də onların gündəmdə qalmaq istəkləri mübahisəni qızışdırırdı.

İlhamə Quliyevanın növbəti konflikt tərəfdaşı isə başqa bir xalq artisti Brilliant Dadaşova olub. Onların aralarında mübahisə Fikrət Əmirovun bəstələdiyi “Neyləmişəm” mahnısı ətrafında baş verib. Brilliant Dadaşova "Neyləmişəm?" mahnısını oxuyandan sonra onunla İlhamə Quliyeva arasında qalmaqal yarandı. İ.Quliyeva Fikrət Əmirovun bəstələdiyi "Neyləmişəm?" mahnısının onun mülkiyyətində olduğunu iddia etdi və  eyni zamanda, mahnını başqa müğənnilərin oxumasına qadağa qoyduğunu elan etdi. Lakin Müəllif Hüquqları Agentliyi məsələyə rəsmi mövqedən münasibət bildirərək, mahnının müəlliflərin, yəni Fikrət Əmirovla Teymur Elçinin varislərinə aid olduğunu vurğuladı.

Nazpəri Dostəliyeva da İlhamə Quliyeva ilə qalmaqal yaşayan müğənnilərdən olub. Bu qalmaqal uzun müddət səngimədi. Sarı mətbuat yazdıqca yazdı, reytinq ovuna çıxanlar bacardığı qədər bu konflikti işıqlandırdı. Konfliktin səbəbi isə tərəflərin ayrı-ayrı televiziya proqramlarında bir-birilərini təhqir etmələri olub.

Başqa bir xalq artisti ilə -Aygün Kazımovayla olan dartışma da “primadonna”nı növbəti dəfə mətbuatın əsas simalarından birinə çevirdi. Konfliktin qaynağı isə o birilərindən bir o qədər də fərqlənmirdi. Yenə də ayrı-ayrı yerlərdə bir-birinə atılan replikalar və onların sarı mətbuat tərəfindən böyüdülməsi. Hər halda məsələnin gözlə görünən tərəfi bu idi. Həmin konflikt zamanı İlhamə Quliyevanın “Aygün, ayağıma gəldiyin, yalvardığın yadından çıxdı?” atmacası hətta ciddi saytların da manşetinə çevrildi. Tərəflərin bir-birinə ünvanladığı replikalardan başqa misallar da çəkmək olar. Amma söz atmacaları prinsipcə “primadonna”nın digər dava-dalaşlarından o qədər də fərqlənmir. Əsas məsələ budur ki, əlahəzrət reytinqin qara  qanunları gizli yolla da olsa, öz işini ustalıqla gördü. Dəyərlər seçimində hələ ki, yaxşı və pisin sərhədlərini tanımayan cəmiyyətdə asanlıqla gündəmi zəbt etmək mümkün oldu.

Son”¦

Dünən xalq artisti İlhamə Quliyeva dünyasını dəyişdi. Sosial şəbəkələrdə  ona olan münasibət birmənalı olmasa da danılmaz bir həqiqət də var. Böyük əksəriyyət İ.Quliyevanın “Bir xumar baxışla”, “Göy-göl”, “Neyləmişəm”, “Çiçək yağışı” kimi ifalarını paylaşır və onlar barəsində xoş sözlər deyir.  Müğənninin qalmaqalları isə artıq kiminsə umrunda deyil. (buna heç gərək də yoxdu)”¦ 

Acı reallıq da budur ki, İlhamə Quliyeva ömrünün son 20-25 ilini özünü yaşatmaqla yox, özünü misqal-misqal öldürməklə keçirdi”¦

25 fevraldakı son isə sadəcə bu dünyadan o biri dünyaya keçid idi”¦ 

Elmin Nuri

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər