Məktəblilər jurnalisti döyür, gözətçilər hücum edir – Onlar HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Gündəm
1448
02 Nov 2026 | 15:47

Məktəblilər jurnalisti döyür, gözətçilər hücum edir – Onlar HƏRƏKƏTƏ KEÇMƏLİDİR!

Son günlər jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən hücum və aqressiya ilə üzləşməsi narahatlıq doğuran tendensiya kimi diqqət çəkir. Bir neçə gün əvvəl məktəbin qarşısında çəkiliş aparan REAL TV-nin əməkdaşları məktəbli şagirdlərin fiziki hücumuna məruz qalıb. Ardınca Bakının Nizami rayonunda yerləşən Taxta bazarında baş verən güclü yanğını işıqlandıran APA-nın jurnalisti gözətçi tərəfindən hücuma məruz qalıb.

Bəs jurnalistlərə qarşı aqressiyanın kökündə nə dayanır? İnsanlar jurnalistin informasiya toplamaq və ictimaiyyəti məlumatlandırmaq hüququna niyə bu qədər aqressiv reaksiya verirlər?

Mövzu ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb.

Professor bildirib ki, son vaxtlar jurnalistlərə, xüsusilə də xəbər toplamaq və məlumat əldə etmək istəyən reportyorlara qarşı açıq-aşkar aqressiya müşahidə olunur:

"Mən bunu cəmiyyətdə gedən ümumi tendensiya kimi qiymətləndirməzdim. Amma xəbər daşıyıcılarına, informasiya mənbəyi ola biləcək qruplara və insanlara bu cür yanaşma, təəssüf ki, narahatlıq doğurur. Əlbəttə, jurnalistlər də öz işlərini icra edərkən müəyyən etik qaydalara və hüquqi normalara əməl etməli, bu məsələlərə həssas yanaşmalıdırlar. Çünki jurnalistin əsas işi məlumat toplamaq və onu cəmiyyətə çatdırmaqdır. Təəssüf ki, hazırda bizdə çox pis bir tendensiya inkişaf edir: hadisələri gizlətməyə, baş verənlər barədə dəqiq məlumat verməməyə, onları ört-basdır etməyə çalışırlar. Bəzən manipulyasiyaya da yol verilir. Bu isə, əlbəttə, baş verən hadisələrin təhrif olunmuş mənzərəsini yaradır".

Qulu Məhərrəmli vurğulayıb ki, ictimai əhəmiyyət daşıyan hadisələr barədə məlumatların açıqlanması vacibdir:

"Hər şey qanun çərçivəsində olmalıdır. Əgər hadisə baş veribsə və ictimai əhəmiyyət daşıyırsa, bu barədə mütləq ictimaiyyətə məlumat verilməlidir. Çünki cəmiyyət məlumatsız yaşaya bilməz. İnformasiya cəmiyyətin canı, qanı və ruhudur. Hesab edirəm ki, bu istiqamətdə media qurumları müəyyən addımlar atmalıdır. Xəbər daşıyıcılarına münasibətdə media savadlılığının həmin istiqaməti daha fəal şəkildə təbliğ olunmalıdır. İnsanlar anlamalıdırlar ki, informasiya cəmiyyət, insanlar və ətraflarında baş verən hadisələrin mahiyyətini dərk etmək üçün oksigen qədər vacibdir. Bunu bilmək zəruridir. Ona görə də bu məsələlərdə çox diqqətli və həssas olmaq lazımdır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər