Bizi sosial şəbəkələrdən izləyin:
Mütəxəssis bildirir ki, hər iki meyvə sağlamlıq üçün faydalıdır, lakin qida dəyəri baxımından albalı müəyyən üstünlüklərə malikdir.
Rusiyalı həkim Sergey Malozyomov albalı və gilasın tərkibini müqayisə edərək bildirib ki, hər ikisi orqanizm üçün faydalı olsa da, qida maddələrinin zənginliyinə görə albalı öndədir.
Moderator.az xəbər verir ki, bu barədə "sb.by" nəşri yazıb.
Həkimin sözlərinə görə, albalıda A, C və B qrupu vitaminləri, həmçinin güclü antioksidant olan polifenollar daha çoxdur. Tərkibində şəkər az olduğuna görə onun qlisemik indeksi də aşağıdır və qan şəkərinin kəskin yüksəlməsinə səbəb olmur.
Gilas isə qan damarlarını möhkəmləndirən və hüceyrələri zədələnmədən qoruyan antosianlarla zəngindir. Hər iki meyvədəki antioksidantlar iltihabı azaltmağa, ürək-damar xəstəlikləri riskini aşağı salmağa və qocalma prosesini ləngitməyə kömək edir.
Mütəxəssis əlavə edib ki, albalı fiziki yüklənmədən sonra əzələlərin bərpasını sürətləndirir, tərkibindəki melatonin və triptofan sayəsində yuxunun keyfiyyətini yaxşılaşdırır. Hər iki meyvədə olan lif isə bağırsaqların fəaliyyətini və faydalı mikrofloranı dəstəkləyir.
Həkim vurğulayıb ki, bu faydalar yalnız təzə və ya dondurulmuş meyvələrə aiddir. Şəkər əlavə edilmiş şirə, kompot və mürəbbə isə faydanı azaldır və sağlamlığa mənfi təsir göstərə bilər.
Malozyomovun qənaətinə görə, tibbi baxımdan albalı daha az şəkər ehtiva etdiyi və antioksidantlarla daha zəngin olduğu üçün gilasdan bir qədər faydalıdır.