
- Avropa Parlamentindəki son çıxışınızda qurumun Azərbaycana yanaşmasının əks-nəticə verdiyini bildirdiniz. Sizcə, Avropa institutları Azərbaycanla bağlı siyasətlərində hansı səhvlərə yol verirlər?
- Avropa Parlamentindəki fəaliyyətim boyu - istər komitələrdə, istər danışıqlar, istərsə də məruzəçi və ya kölgə məruzəçisi qismində - hər zaman Azərbaycanı dəstəkləmişəm. Çünki Azərbaycan mühüm ölkə, Aİ-nin strateji tərəfdaşı və Rumıniya üçün xüsusilə vacib müttəfiqdir.
Bu münasibətlərdə mühüm tarixi aspekt də var. 1995-ci ildə Prezident Heydər Əliyev Rumıniyaya səfər edib və Azərbaycanın Asiya ilə Avropa arasında qovşaq kimi rolunu vurğulayıb. O, Rumıniyanı Cənubi Qafqazdan keçən dəhlizin əsas son məntəqəsi kimi nəzərdən keçirib. Sovet İttifaqı dağılandan sonra Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə oldu.
May ayında Avropa Parlamentində keçirdiyimiz müzakirə Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasında münasibətlərin hazırda dondurulmuş vəziyyətdə olmasına həsr olunmuşdu. Azərbaycanın niyə belə reaksiya verdiyini başa düşürəm. Mən açıq şəkildə bildirdim ki, Ermənistana həsr olunmuş qətnaməyə Azərbaycanla bağlı məsələlərin daxil edilməsi yanlış və ədalətsizdi. Bu, həm məzmun, həm də vaxt baxımından yersiz idi.
Eyni zamanda hesab edirəm ki, bir çox Avropa siyasətçiləri Azərbaycanın əhəmiyyətini və Cənubi Qafqazın reallıqlarını hələ də kifayət qədər anlamırlar. Hər beş ildən bir Avropa Parlamentinin deputatlarının təxmini yarısı yenilənir. Regionu yaxşı bilən təcrübəli deputatlar gedir, onların yerinə isə çox vaxt regionun tarixi, çağırışları və strateji əhəmiyyəti barədə məhdud təsəvvürə malik yeni deputatlar gəlir. Ona görə də, Azərbaycanın və bütövlükdə regionun əhəmiyyətinin izah edilməsi daimi işdir.
Biz keçmişi dəyişə bilmərik, lakin diqqətimizi dialoqun, tərəfdaşlığın və etimadın bərpasına cəmləyə bilərik. Avropa Parlamenti deputatlarının Azərbaycanın Avropa, Avropanın da Azərbaycan üçün əhəmiyyətini daha yaxşı anlamaları vacibdir. Gələcəkdə daha konstruktiv münasibətlər qurmaq istəyiriksə, belə bir anlayış zəruridir.
- Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Hansı praktiki addımlar dialoqun və etimadın bərpasına kömək edə bilər?
- Hesab edirəm ki, qeyri-rəsmi dialoq və qarşılıqlı fəaliyyətdən başlamaq lazımdır. İndiki vəziyyətə gətirib çıxaran səbəbləri səmimi şəkildə müzakirə etmək və Avropa Parlamenti deputatları tərəfindən regionun strateji əhəmiyyətinin başa düşülməsini təmin etmək lazımdır.
Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri və sülh üçün əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində fəal şəkildə işləyir və biz də bu prosesi tamamilə dəstəkləyirik. İnkişaf etməkdə olan regional nəqliyyat dəhlizləri sülh və rifahın təmin edilməsində fundamental rol oynaya bilər.

Keçmişi qəbul etmək lazımdır, lakin əsas diqqət gələcəyə yönəlməlidir. Bizim tarixə düşmək ehtimalımız var. Mən münasibətlərdəki hazırkı böhrana zəmin yaradan yanaşmanın ən qətiyyətli tənqidçilərindən biri olmuşam və Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasında əməkdaşlığın bərpası üzərində çalışmağa davam edəcəyəm.
- Siz "Aİ-nin xarici siyasətində ideoloji təzyiqə və siyasi qınamaya meyillilik" adlandırdığınız halı tənqid edirdiniz. İttifaq dəyərlər gündəliyi ilə strateji geosiyasi maraqlar arasında balansı necə tapmalıdır?
- İnsanlar çox vaxt "dəyərlər"dən danışırlar, amma mənasını dəqiq izah etmirlər. Hamının razılaşacağı universal dəyərlər siyahısı mövcud deyil. Fərqli cəmiyyətlər öz tarixlərindən və inkişaf səviyyələrindən asılı olaraq prioritetləri fərqli şəkildə sıralaya bilərlər.
Bizi qaydalara əsaslanan beynəlxalq nizam birləşdirməlidir. İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem konkret, təsbit edilmiş və hamı üçün anlaşılan qaydalar üzərində qurulub. Bu qaydaların arxasında, şübhəsiz ki, dəyərlər dayanır, lakin əməkdaşlıq üçün daha dayanıqlı əsası məhz qaydalar təmin edir.
Azərbaycan və ya Gürcüstan kimi ölkələrlə qarşılıqlı əlaqə qurarkən, Avropa İttifaqı bu cəmiyyətlərin öz tarixi, kimliyi və ənənələri olduğunu nəzərə almalıdır. Biz əməkdaşlıq etmək üçün hər bir məsələdə razılaşmağa məcbur deyilik. Fərqliliklər o demək deyil ki, bir tərəf haqlı, digər tərəf isə haqsızdır.
Diplomatiya məhz fikir ayrılıqlarını idarə etmək üçün mövcuddur. Daimi açıq tənqid möhkəm tərəfdaşlıq münasibətləri qurmağın effektiv yolu deyil. Aİ dövlətləri də daxil olmaqla, heç bir ölkə ideal deyil. Biz tərəfdaşlarımızı açıq qətnamələrdə müntəzəm olaraq qınamaqdansa, diqqətimizi dialoqa, qarşılıqlı hörmətə və praktiki əməkdaşlığa yönəltməliyik.
- Azərbaycanı tez-tez enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri sahəsində Avropanın ən mühüm tərəfdaşı sayırlar. Aİ-nin uzunmüddətli strateji maraqları üçün o, nə dərəcədə vacibdir?
- Azərbaycan bir sıra səbəblərə görə strateji cəhətdən əhəmiyyətlidir. O, energetika, nəqliyyat əlaqələri sahəsində tərəfdaş və Avropa ilə Asiya arasında bir körpüdür. Ölkə unikal coğrafi mövqeyə malikdir və regional nəqliyyat və ticarət şəbəkələrində mühüm rol oynayır.
İqtisadiyyatdan əlavə, Azərbaycan həm də regional sabitliyə və əməkdaşlığa töhfə verir. O, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr saxlayır və dinlərarası birgəyaşayışın və regional inteqrasiyanın nümunəsi ola bilər.
Buna görə də, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə uzunmüddətli strategiya prizmasından baxmalıyıq. Hər iki tərəf sıx əməkdaşlıqdan çox şey qazana bilər.

- Orta Dəhliz tez-tez Avropa və Asiya arasında əsas marşrut kimi nəzərdən keçirilir. Sizcə, Azərbaycan onun inkişafında hansı rolu oynayır?
- Azərbaycan Orta Dəhlizdə əvəzolunmaz yer tutur. Şimalda Rusiya, cənubda isə İran yerləşir. Coğrafi baxımdan bu marşrutda Azərbaycanın real alternativi yoxdur.
Avropa Rusiyadan keçən nəqliyyat marşrutlarına alternativlər axtardıqca, ticarət və nəqliyyat əlaqələrinin getdikcə daha böyük hissəsi Orta Dəhlizdən asılı olacaq. Bu marşrutdakı hər bir ölkə öz rolunu oynayır, lakin Azərbaycan əsas element olaraq qalır.
Bu dəhliz - təkcə iqtisadi layihə deyil, həm də sülh layihəsidir. Avropaya inteqrasiya prosesi İkinci Dünya müharibəsindən sonra, liderlər rifah və iqtisadi əməkdaşlığın yeni münaqişələrin qarşısını ala biləcəyini dərk etdikləri zaman başladı. Eyni prinsip Cənubi Qafqazda da tətbiq edilə bilər.
Ticarəti, nəqliyyat əlaqələrini və ümumi iqtisadi maraqları gücləndirməklə Orta Dəhliz regionda uzunmüddətli sülh və sabitliyə töhfə verə bilər. Məhz buna görə də regional əməkdaşlığın inkişafı və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətindəki səylər bu qədər vacibdir.
-Aİ bu dəhlizin və regional nəqliyyat əlaqələri layihələrinin gələcək inkişafını dəstəkləmək üçün nə etməlidir?
-Aİ dəhlizin strateji əhəmiyyətini qəbul etməli və onun inkişafında iştirak edən ölkələrlə konstruktiv şəkildə qarşılıqlı əlaqədə olmalıdır. İnfrastruktur layihələrinin dəstəklənməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və regional tərəfdaşlıqların təşviq edilməsi həm rifaha, həm də sabitliyə töhfə verə bilər.
Aİ həmçinin regionda fəal siyasi mövcudluğunu qoruyub saxlamalıdır. Nəqliyyat əlaqələri və sülh bir-biri ilə sıx bağlıdır, iqtisadi qarşılıqlı asılılığı dərinləşdirən layihələr isə uzunmüddətli sabitliyi dəstəkləmək iqtidarındadır.
- Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi halında Aİ üçün hansı əsas riskləri görürsünüz?
-Münasibətlərin pisləşməsi tərəflərin heç birinə fayda gətirməyəcək. Aİ və Azərbaycanın bir-birinə ehtiyacı var və mənfi tendensiya davam edərsə, hər iki tərəf əməkdaşlıq imkanlarını itirəcək.
Biz özümüzü yetkin insanlar kimi aparmalıyıq. Əgər keçmişdə səhvlərə yol verilibsə, onları etiraf etmək və düzəltmək lazımdır. Lakin eyni zamanda gələcəyə baxmaq və əməkdaşlığın açdığı imkanlardan istifadə etmək zəruridir.
Siyasi, diplomatik və iqtisadi qarşılıqlı fəaliyyət həlledici əhəmiyyətə malikdir. Əgər fikir ayrılıqları yaranarsa, onları dialoq və rəsmi kanallar vasitəsilə həll etmək lazımdır. Daimi tənqid davamlı tərəfdaşlığın qurulmasına kömək etmir.

- Sizin fikrinizcə, yaxın beş il ərzində Aİ-nin Azərbaycanla bağlı siyasətinin əsas prioritetləri nələr olmalıdır? Avropa Parlamentində Azərbaycanla etimadın bərpasına və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş daha praqmatik və konstruktiv yanaşma üçün kifayət qədər dəstəyin olduğuna inanırsınızmı?
- Dialoqun bərpası və əməkdaşlığın inkişaf etdirilməsi, maraqlarımızın açıq-aydın üst-üstə düşdüyü sahələrdə prioritet olmalıdır: siyasi qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və regional sabitlik.
Əminəm ki, hər iki tərəfdən dialoqu bərpa etmək üçün səmimi istək var. Avropa Parlamentindəki işimə əsaslanaraq deyə bilərəm ki, qarşılıqlı fəaliyyətin bərpasına ən müxtəlif siyasi qüvvələrin nümayəndələri dəstək göstərirlər. Əksər deputatlar Azərbaycanın strateji əhəmiyyətini və onunla konstruktiv münasibətlərin dəyərini anlayır.
Azərbaycanın təklif edə biləcəyi çox şey var. O, regional nəqliyyat əlaqələrində mühüm rol oynayır, Mərkəzi Asiya və Cənubi Qafqazla sıx əlaqələr saxlayır və bütün regionda iqtisadi əməkdaşlığa və sabitliyə töhfə vermək iqtidarındadır. Buna görə də avropalı siyasətçilərin Azərbaycanın mövqeyini birbaşa eşitmələri və ölkə haqqında daha balanslı təsəvvür formalaşdırmaları vacibdir.
Hesab edirəm ki, bizi ayıran amillərdən daha çox, birləşdirən amillər var. Yalnız fikir ayrılıqları üzərində cəmləşmək əvəzinə, ümumi maraqlara əsaslanmalı və xalqlarımızın və dövlətlərimizin rifahı naminə birgə fəaliyyətimizi davam etdirməliyik.
- Azərbaycan xalqına hansı mesajı ünvanlamaq istərdiniz?
- Sizin auditoriyanıza müraciət etmək mənim üçün böyük şərəfdir. İstərdim ki, Azərbaycan xalqı bilsin: Avropa Parlamentində onun çoxlu yaxşı dostları var və mən onlardan biri olduğum üçün fəxr edirəm.