
Ekspert vurğulayıb ki, bu gün dünyanın kəskin şəkildə qütbləşdiyi, böyük güclər arasında etimadın minimuma endiyi və beynəlxalq təsisatların dərin böhran keçirdiyi bir dövr yaşanır:
"Belə bir xaos mühitində fərqli, bəzən isə tamamilə ziddiyyətli maraqları olan qlobal aktyorları vahid platformada birləşdirmək hər dövlətin potensialı daxilində olan iş deyil. Bunun üçün illərlə qazanılmış böyük siyasi kapital və reputasiya lazımdır. Azərbaycan bu kapitalı addım-addım topladı. Qoşulmama Hərəkatına edilən dördillik uğurlu sədrlik, ardınca qlobal iqlim sammiti olan COP29-un Bakıda keçirilməsi ölkəmizi beynəlxalq münasibətlər sistemində universal və qərəzsiz bir dialoq mərkəzi kimi qəbul etdirdi.
WUF13 çərçivəsində baş tutan sessiya isə göstərdi ki, Azərbaycan artıq təkcə regionun deyil, Qlobal Şimal ilə Qlobal Cənub arasında bərabərhüquqlu kommunikasiya quran unikal bir qlobal körpüdür. Bu gün Bakının sözünə hər iki qütbün eyni dərəcədə etimad etməsi çox nadir diplomatik nailiyyətdir".
Gülşən Axundova deyib ki, Azərbaycanın bu müzakirələrdəki iştirakı rəsmi ritorikadan uzaqdır, çünki Azərbaycan masaya sırf nəzəriyyə deyil, konkret praktiki çəki gətirir:
"Bizim dünyaya təqdim edəcək real və vizual vizyonumuz var. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri, sıfırdan inşa olunan ağıllı şəhər və kənd konseptləri, habelə tətbiq edilən "yaşıl enerji zonası" layihələri dayanıqlı urbanizasiya kontekstində dünya üçün ən mükəmməl praktiki keyslərdir. Bakı digər ölkələrə yalnız nəsihət vermir, həm də dağılmış şəhərləri ekoloji prinsiplərlə necə dirçəltməyin canlı nümunəsini göstərir.

Elə bu səbəbdən də Birləşmiş Millətlər Təşkilatının və onun UN-Habitat kimi ixtisaslaşmış qurumlarının Azərbaycanın təşəbbüslərini dərhal dəstəkləməsi tamamilə praqmatik maraqlara əsaslanır. Beynəlxalq birlik yaxşı anlayır ki, rəsmi Bakı götürdüyü qlobal öhdəlikləri kağız üzərində saxlamır, onları dərhal əməli fəaliyyətə çevirir. Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycan xarici siyasətinin yeni keyfiyyət mərhələsidir. Ölkəmiz artıq beynəlxalq təşkilatların qəbul etdiyi qərarları sadəcə icra edən və ya qlobal trendləri passiv şəkildə təqib edən tərəf deyil. Azərbaycan artıq qlobal gündəliyi dizayn edir".