Bakı-İrəvan “Sülh Körpüsü”ndə gəldiyimiz NÖQTƏ – Seçkilərdən sonra...
194
15:35, Bu gün

Bakı-İrəvan “Sülh Körpüsü”ndə gəldiyimiz NÖQTƏ – Seçkilərdən sonra...

10–12 aprel tarixlərində Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dördüncü görüşü baş tutdu. Ermənistanlı iştirakçılar bütün qanuni prosedurlara əməl etməklə Qazax rayonunda quru sərhədini keçərək avtobusla Gəncə şəhərinə gəlib, oradan qatarla Qəbələyə yollanıblar. Geri dönüş isə avtobusla həyata keçirilib. Bu marşrut Ağstafa, Tovuz, Göylar, Şəmkir, Yevlax, Ağdaş və Qəbələ şəhərlərini əhatə edib.

Bəs budəfəki görüşün əvvəlkilərdən əsas fərqi nədədir. Hazırda yolun harasındayıq? Qarşılıqlı səfərlər daha nə qədər davam edə bilər? Növbəti dialoq barədə razılığa gəlindimi və harada?

Müzakirədə iştirak etmiş 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova Musavat.com-a qeyd edib ki, İrəvanda ilk görüş zamanı vətəndaş cəmiyyətinin üzvləri bir-birini tanımırdı, ehtiyatlı yanaşma var idi:

“Dördüncü görüş isə hər iki tərəfdən 20 nəfər olmaqla, 40 nəfərdən ibarət dəyirmi masa ətrafında baş tutdu. Bu dəfə heyət üzvləri bir-birini tanıyırdı və mövqelərimiz indi daha çox üst-üstə düşür. Hər iki tərəf sülh gündəliyini dəstəkləyir və bir-birimizin mövqeyinə hörmətlə yanaşırıq”.

Növbəti görüşlərə gəldikdə isə K.Məmmədova deyib ki, Ermənistandakı seçkilərə kimi görüş olmayacaq:

“Bu təşəbbüsün davam edib-etməyəcəyi seçkilərdən asılı olacaq. Ermənilər sülhə səs verərsə, hakimiyyətə sülh gündəliyini dəstəkləyən adam gələrsə, ondan sonra növbəti addımlar haqda danışa biləcəyik”.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, proqrama əsasən 4 müzakirə sessiyası keçirilib, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş və mətbuat konfransı təşkil olunub. Onun sözlərinə görə, qeyri-rəsmi ünsiyyətə də geniş yer ayrılıb:

“Müzakirələr əsasən regionda baş verən proseslər, qonşuluqda gedən müharibələr nəticəsində artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparıldı. Ayrı-ayrı sessiyalar təşəbbüs iştirakçılarının öz ölkələrində fəaliyyəti, iki ölkə cəmiyyətlərinin sülh gündəliyini necə qəbul etməsi, sülh üçün maneələr və imkanlara həsr olundu. Həmçinin sülh prosesinin növbəti mərhələsində qarşılıqlı fəaliyyət forması ilə bağlı fikir mübadiləsi baş verdi. Əlbəttə ki, sülh gündəliyini müəyyən edən əsas amil bu gündəliyi razılaşdırmış hər iki ölkə hökumətlərinin legitimliyidir. İyun ayının əvvəli bu legitimliyin nə dərəcədə dayanıqlı olacağını və vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şərtlər çərçivəsində birgə fəaliyyətini davam etdirə biləcəyini göstərməlidir. Bu amil sülh prosesinin təməlidir və prosesin geriyə dönə bilib-bilməyəcəyi, yoxsa geri dönməz olub-olmayacağı sualına cavab verməlidir”.

F. Məmmədovun sözlərinə görə, belə görüşlərin keçirilməsi bir-birini anlamağa, reallıqlarla tanış olmağa və gələcək addımları müəyyən etməyə imkan verir:

“Bu gün demək olar ki, sülh gündəliyi daha aydın çərçivələr qazanır və real perspektivlər formalaşır. Müzakirələr çərçivəsində münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı nəzərdən keçirilir. Məhz bu cür səmimi və etibarlı müzakirələr vasitəsilə hansı istiqamətlərdə irəliləməyin mümkün olduğunu anlamaq olar. Hər kəsə aydındır ki, bu, səbir, ardıcıllıq və dözüm tələb edən uzun bir yoldur. Sülh prosesinin dinamikası yüksəkdir, mövcud şəraitdə mümkün olan hər şey edilir. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsidir və həm birgə fəaliyyət həyata keçirməyə, həm də öz ölkələrində fəaliyyətini davam etdirməyə çalışır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər