Azərbaycanda uzun müddətdir müzakirə edilən və yayımının zərərli olduğu haqda fikirlər səsləndirilən verilişlər artıq bağlanıb. Bir müddətdir ki, Tarix Əliyev və Elgiz Əkbərin verilişləri dayandırılıb. Həmçinin Xoşqədəm Hidayətqızının, Zaur Kamalın, Zaur Baxşəliyevin və Zaur Nəbioğlunun verilişləri də ekrana çıxmır. Bəzi müşahidəçilərin fikrincə, geniş tamaşaçı kütləsi olan bu verilişlərin yayımının dayandırılmasından sonra efirlərdə böyük boşluq yaranıb və yerini doldurmaq olmur. Hətta həmin saatlarda verilən yeni verilişlər isə sönükdür və tamaşaçını cəlb etmir.

Doğurdanmı tanınmış aparıcıların efirlərdən gedişi teleməkanda ciddi boşluğa səbəb olub? O halda, telekanallar bu “böhran”dan necə çıxa bilər?
Professor Qulu Məhərrəmli Musavat.com-a qeyd edib ki, adı çəkilən verilişlərin efirdən yığışdırılması auditoriyanın müəyyən hissəsi üçün boşluq yarada bilər:
“Çünki o verilişlərdə ekran qarşısında gözə xoş gələn məqamlar var idi. Təəssüf ki, müasir televiziya yayımı və müasir standartlar baxımından o verilişlər bu standartlara cavab vermirdi. Daha çox etik qaydaların pozulması, məişət üslubunun üstünlük təşkil etməsi və sair hallar müşahidə olunurdu. Bu baxımdan televiziyalar belə bir qərar veriblər ki, həmin verilişlərin yayımı dayandırılsın. Lakin demək olmaz ki, o verilişlərin dayandırılması bütövlükdə televiziya məkanında boşluq yaradıb. Əlbəttə, keçid dövründə bu müəyyən qədər hiss oluna bilər. Yəni televiziya layihəsi elə bir şey deyil ki, bir verilişi dayandırdın və bir aydan sonra onu əvəz edəcək hansısa daha populyar veriliş ortaya çıxsın”.

Bu baxımdan, Q.Məhərrəmli hesab edir ki, yeni verilişləri daha çox payızda görə bilərik:
“İndi bilmirəm televiziyalar hansı layihələrin üzərində işləyirlər, lakin əlbəttə ki, o verilişləri dayandıran telekanallar mütləq bu istiqamətdə işləməlidirlər. Televiziya müəyyən səviyyə ilə ölçülür. O səviyyə 90-cı illərin əvvəllərində, müstəqilliyin ilk illərində, yeni ab-havanın hesabına, müstəqilliyin, azadlığın, peşəkarlığın hesabına müəyyən bir səviyyə qazanıb”.
Qulu Məhərrəmli qeyd edib ki, 2000-ci illərin ortalarından müəyyən bir böhran başlayıb və bu böhran bu günə qədər də davam edir:
“Bu baxımdan yeni layihələrin ortaya çıxması çox vacibdir. Yəni o layihələr nəyi əhatə etməlidir? Təbii ki, maraqlı olmalıdır, auditoriyanı hərəkətə gətirməlidir və müasir dillə desək, dramaturji qaydalara və stress nəzəriyyəsinə uyğun şəkildə qurulmalıdır ki, tamaşaçını həm məlumatlandıra, həm həyəcanlandıra bilsin, müəyyən dərəcədə rahatlıq və ovqat yaratsın, maarifləndirsin. Bütün bunlar göz önünə ideal bir veriliş modelini gətirir. Lakin bu kriteriyaları daşıyan heç olmasa bir neçə veriliş var. Yəni televiziya məkanımız indiki yaranmış çətinlik zolağından çıxmalıdır və yeni verilişlərə, layihələrə üstünlük verərək öz tamaşaçılarını yenidən ekran qarşısına toplamağı bacarmalıdır”.