“Adımdan yalan danışıb xarici ölkəyə buraxmadılar, etiraz edəndə dedilər ki, ərizəni yaz işdən çıx” - ÖZƏL
488
14:05, Bu gün

“Adımdan yalan danışıb xarici ölkəyə buraxmadılar, etiraz edəndə dedilər ki, ərizəni yaz işdən çıx” - ÖZƏL

Bir neçə gündür tanınmış opera və balet ifaçıları ilə Akademik Opera və Balet Teatrı arasında ciddi qalmaqal yaşanır. Qalmaqala səbəb isə teatr rəhbərliyinin sənətçilərə laqeyd və hörmətsiz münasibətidir. Hərhalda onlar belə iddia edirlər. Belə ki, bir neçə gün əvvəl xalq artistləri Əvəz Abdullayev, Yalçın Adıgözəlzadə və Kamilla Hüseynova haqsız şəkildə teatrdan uzaqlaşdırıldıqlarını açıqlayıblar. Onların səsləndirdiyi ittihamlar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Narazı olanların siyahısı bununla bitmir. Teatrda baş verənlərə etirazını bildirən sənətkarlardan biri də vokalçı, Azərbaycan opera sənətini dünya ölkələrində tanıdan, “Azərbaycanın Pavarrottisi” kimi tanınan tenor, əməkdar artisti Azər Zadədir. (Azər Rzazadə).
Moderator.az-a açıqlama verən sənətkar teatrla aralarında yaşanılan anlaşılmazlığı ilk dəfə açıqlayıb:
“Mən bir ildən də az müddət əvvəl İsveçrənin Lütsern şəhərində bir opera oxuyurdum. Elə oldu ki, “Xarıbülbül” musiqi festivalına dəvət aldım. Akademik Opera və Balet teatrında çalışdığıma görə dəvəti də teatr vasitəsilə mənə çatdırmışdılar. Bu normal haldır. Mən bu dəvətə böyük məmnuniyyətlə razılıq verdim. Çox istəyirdim orada iştirak edim. Çünki 2021-ci ildə ilk dəfə artıq həmin musiqi festivalında iştirak etmişdim və çox yaddaqalan, gözəl bir festival keçmişdi. Elə oldu ki, festivalın başlamasına yaxın tədbirin quruluşçularından biri mənə zəng edib dedi ki, guya mən “Xarıbülbül” festivalında iştirakdan boyun qaçırmışam. Kobud şəkildə desək guya imtina etmişəm. Halbuki mənim bundan xəbərim yoxdur. Məsələnin nə yerdə olduğunu araşdıranda bəlli oldu ki, teatrdan mənim adımdan imtina ediblər. Bu mənə çox qəribə gəldi. 2014-cü ildə La Skala Akademiyasına daxil olanda mənə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu tələbəlik illərində mənə böyük dəstək idi. Teatrdan məni onların qarşısında çox pis vəziyyətdə qoydular. Elə başa düşüldü ki, mən imtina etmişəm”, - deyə sənətkar bildirib.
Azər Zadə (Rzazadə) bildirir ki, bu onun teatrla yaşadığı ilk belə hal olmayıb...
 
“Oktyabr ayında “Kənd namusu” operasında ifa etmişdim. Tamaşaya 2 yaxud da 3 gün qalmışdı.. Dəqiq yadımda deyil, yalan demək istəmirəm. Gəlib gördüm ki, afişa yoxdur. Sanki mənim orada iştirakımı həzm etmirdilər. Maraqlıdır, mən görəsən kimə nə etmişəm ki, bu cür ağlasığmaz hərəkətlərlə üz-üzə qalıram?! Tamaşaya bir gün qalmış afişanı tez-tələsik gətirib vurdular. Artıq çox gec idi. Mən öz vətənim, öz doğma teatrımda belə hallarla rastlaşdım. Başqa məsələlər də var, hər kəs yazır və oxucular azından-çoxundan bundan məlumatlı olduqları üçün demək istəmirəm. Amma bir mövzunu deməyə bilmərəm.. Çox qəribə oldu ki, Opera və Balet teatrı Qarabağ veteranının pulunu kəsdi. Mən bunu sözün düzü anlamaqda çətinlik çəkirəm. Bu məsələlər indi işıqlandırılır amma bir aydan çoxdur ki, var. Mən və bizim dəyərli kolleqamız, xalq artisti Samir Cəfərov da iclasda bu mövzunu vurğuladı. Vaxt-zaman keçir, amma görürsən ki, sən divarla danışırsan. Mənə bir az qəribə gəlir. Mən hazırda xaricə gedə bilmirəm. Buna səbəb də atamın xəstəliyidir. Bakıdayam, amma teatrda da işləyə bilmirəm. Dəfələrlə olurdu ki, xarici ölkələrə dəvət alırdım, amma teatrdan buraxmırdılar. Kadrlar şöbəsinə çağırırdılar və deyirdilər ki, “xoşuna gəlmirsə ərizəni yaz və işdən çıx”. Bu nə dərəcədə doğru haldır?! Bizim ölkəmizin dünyada gözəl imici var. İnsanları, ələxsus da sənətçiləri bu cür narazı salmaq mənim üçün qəddarlıqdan da betədir”, - deyə tenor bildirib.
Azər Zadə (Rzazadə) görkəmli sənətkar Rəşid Behbudovun yubiley konsertindən məcburən uzaqlaşdığını da bildirib:
 
“Mən Rəşid Behbudovun 110 illik yubileyində iştirak etməli idim. Hər kəs də bilir ki, mən bu kimi tədbirlərdə heç bir təmənna axtarmıram. Biz ölkəmiz üçün çalışırıq və musiqimiz üçün nəsə yaratmaq istəyirik. Tədbirdən öncə məndən Rəşid Behbudovun əsərlərindən göndərməklərimi istədilər. Göndərdim, sonra dedilər ki, filan əsəri oxuyacaqsız. Razılaşdım.. Yenə də bəhanə gətirdilər ki, o əsəri oxumaq olmaz, yalnız bir əsəri var ki, onu oxuya bilərsiz. Heç bir seçim belə vermədilər. Elə bil mənə kimsə nəyisə məcbur edirdi.. Bu mənə çox qəribə gəldi. Mən də o konsertdə oxumadım. Təbii ki, belə yanaşma olmaz. Məni öz xoşluğumla bu konsertdən uzaqlaşdırdılar. Bu da mənə müəmmalı qaldı”, - deyə əməkdar artist bildirib.
Qeyd edək ki, Azər Zadə (Rzazadə) La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. İtaliya, Fransa, Hollandiya, Yaponiya, Çin, Rusiya və bir çox dünya ölkələrində opera səhnələrində çıxış edərək, Azərbaycanın adını beynəlxalq səviyyədə uğurla təmsil edir. Ariyalarla yanaşı, xalq mahnıları və bəstəkar mahnıları da ifa edir. Tenor həm də xalq artisti, mahnıları dillər əzbərinə çevrilən Zaur Rzayevin oğludur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər