Bizi sosial şəbəkələrdən izləyin:
Sosial şəbəkələrdə bölgələrdən birində təşkil olunan toyda bəyin gəlinə meyvə atması videosu yayılıb. Sonradan məlum olub ki, bu bir adətdir və bu vasitə ilə gəlinin oğlan evində dözümlü olub-olmaması yoxlanılır. Sosial şəbəkə istifadəçiləri tərəfindən bəyin bu hərəkəti heç də birmənalı qarşılanmayıb. Onlar bəyi tənqid atəşinə hədəf ediblər.
Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova Moderator.az-a açıqlamasında belə bir adətin olduğunu vurğulayıb:
“Bu adət Naxçıvanda və ona yaxın olan rayonlarda var. Bu alma adətidir. Toy günü gəlinə atırlar. Bu gəlinin oğlan evində dözümlü, dayanıqlı olub-olmamasına işarədir. Hətta şax qaldıranda da üzərinə alma qoyurdular. Bunun da mənası gələcəkdə bu evin oğullu-qızlı olmasına işarədir. Bizim dastanlarda və yuxu yozumlarında da kimə alma verirdilərsə, övladının olmasına işarə edilirdi. Qarabağ bölgəsində qıza elçi düşəndə oğlanın atası qıza ya alma, ya da papaq atırmış. Burdan da aydın olurdu ki, o qızı oğluna istəyə bilərmi ya yox?!”, - deyə folklorşünas bildirib.
İlhamə Qəsəbova deyir ki, köhnə adətləri bərpa edib, bəzi yeni adətləri aradan çıxarmaq lazımdır:
“Bizim bəzi insanların düşüncəsi budur. Qədim inanc və adət ən-ənələri qəbul etmirlər. Gəlin toyda ayağı başına dəyə-dəyə və çılpaq geyinərək bütün əzalarını göstərə-göstərə kişilərin önündə oynayır. Belə gəlinləri gözəl qəbul edirlər. Qədim adətləri isə yaddan çıxarırlar. Bəzi adətlər var əlbəttə ki, yığışdırılmalıdır. Məsələn, qızın anasına süd haqqı üzük taxırlar, bəh-bəhlə ortaya çıxarırlar. Sonradan dava düşəndə deyirlər ki, üzüyü qaytar. Qılınc qoyub üstünə pul düzürlər. Bu bizim toyla bağlı adətlərimizdə olmayıb. Bu gün gəlin “Vağzalı” çalınmamış içəri girir. Mütləq “Vağzalı” çalınmalıdır. Özlərindən belə demək mümkündürsə yeni “hoqqa”-lar çıxarıblar. İnsanlar qədim adətləri bəyənmirlər. Amma gedib o adətlərlə, o xeyir-dua ilə evlənən illərdəki statiskalara baxsınlar.. Bir boşanma da yoxdur. Amma boşanma ilə bağlı indiki statistikaya baxanda adam dəhşətə gəlir”, - deyə folklorşünas bildirib.