"21 saatlıq müzakirələr razılaşma gətirmədi, atəşkəs və regiondakı sabitlik sual altına düşdü..."
İslamabad şəhərində keçirilən ABŞ-İran danışıqları gözlənilən nəticəni verməyib. Təxminən bir sutkaya yaxın davam edən görüşlərdən sonra tərəflər heç bir razılaşma əldə etmədən ayrılıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Razılaşma olmadı: tərəflər geri çəkilir
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton nümayəndə heyəti 21 saatlıq danışıqlardan sonra ölkəyə geri qayıdır: "Biz razılaşma əldə edə bilmədik və bu, düşünürəm ki, İran üçün daha pis xəbərdir".
Onun sözlərinə görə, ABŞ öz "qırmızı xətlərini" açıq şəkildə ortaya qoyub, lakin Tehran bu şərtləri qəbul etməyib.
Əsas tələb isə - İranın nüvə silahı əldə etməyəcəyinə dair konkret və uzunmüddətli zəmanət verməsi dəyişməz qalır.
Hörmüz düyünü və sərt mövqelər
Danışıqların əsas dalana dirəndiyi nöqtə isə Hörmüz boğazı məsələsi olub. ABŞ boğazın beynəlxalq nəqliyyat üçün tam açılmasını və sərbəst keçidin təmin edilməsini istəyir. İran isə əksinə, bu strateji marşrut üzərində suveren nəzarətdə israr edir və hətta keçidlərə görə ödəniş tətbiq etmək niyyətini gizlətmir.
Bu fonda İranın İslam İnqilabı Keşikçiləri Korpusu daha sərt bəyanatla çıxış edib. Quruma görə, hərbi gəmilərin boğazdan keçməsinə cəhd edilərsə, bu, "ən sərt şəkildə qarşısı alınacaq". Bu açıqlama ABŞ hərbi gəmilərinin bölgədə aktivləşməsi fonunda səsləndirilib.
Vaşinqton isə öz növbəsində boğazda təhlükəsizliyi təmin etməkdə qərarlı olduğunu bildirir və bu marşrutun qapalı qalmasına imkan verməyəcəyini açıq şəkildə vurğulayır.
Atəşkəs təhlükədə, amma diplomatiya hələ bitməyib
Danışıqların nəticəsiz qalması iki həftəlik kövrək atəşkəsi də risk altına salıb. "Associated Press: agentliyinin qeyd etdiyi kimi, tərəflər arasında etimadsızlıq dərin olaraq qalır və bu, növbəti mərhələdə eskalasiyanı istisna etmir.
Bununla belə, İran tərəfi diplomatik qapıların tam bağlanmadığını bildirir. Rəsmi açıqlamalarda qeyd olunur ki, bəzi məsələlər üzrə müəyyən yaxınlaşma əldə edilsə də, əsas mövzularda ciddi fikir ayrılıqları qalır.
Hazırkı vəziyyət onu göstərir ki, tərəflər bir tərəfdən sərt ritorikanı artırır, digər tərəfdən isə danışıqların tam iflasına da getmək istəmir. Bu isə regionda həm müharibə riskinin, həm də yeni razılaşma ehtimalının paralel şəkildə mövcud olduğunu göstərir.