Orbanın rəqibləri səhnəyə çıxır: Peter Madyar və
363
17:26, Bu gün

Orbanın rəqibləri səhnəyə çıxır: Peter Madyar və "Tisa"nın arxasında kimlər dayanır? - "Deutsche Welle"

 
Müxalifət liderinin komandası genişlənir, seçkilər öncəsi siyasi balans dəyişə bilər...
 
Macarıstanda müxalifətin lideri Peter Madyar uzun müddət "Tisa" partiyasının yeganə əsas siması hesab olunurdu. Cəmi iki il əvvəl yaradılmış "Tisa" ("Hörmət və Azadlıq") partiyası bu gün artıq sorğulara görə 12 aprel parlament seçkilərinin favoritlərindən biri sayılır və bu, birbaşa olaraq Viktor Orban hakimiyyətinə ciddi çağırış kimi qiymətləndirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Bir nəfərlik partiya"dan geniş komandaya doğru
 
Hakimiyyətə yaxın media isə Madyarı "dələduz", "özünü təqdim edən" və "şişirdilmiş fiqur" kimi təqdim etməyə çalışır. Buna baxmayaraq, onun güclü nitq qabiliyyəti və küçə etirazlarını minlərlə insanın iştirakı ilə təşkil edə bilməsi qısa müddətdə ona böyük populyarlıq qazandırıb.
44 yaşlı hüquqşünas olan Madyar vaxtilə Orbanın "Fides" partiyasının gənclər qanadında fəaliyyət göstərib. O, 2024-cü ilin fevralında gözlənilmədən siyasi səhnəyə çıxaraq "Tisa"nın liderliyini üzərinə götürüb və ölkədə radikal dəyişikliklər vəd edib. Lakin uzun müddət bu dəyişiklikləri kiminlə və necə həyata keçirəcəyi sual altında qalırdı.
 
Yeni simalar və siyasi siqnallar
 
Son aylarda isə vəziyyət dəyişib. "Tisa"ya tanınmış siyasətçilər, diplomatlar və ekspertlər qoşulmağa başlayıb. Onların arasında keçmiş "Shell" rəhbərlərindən biri, biznesmen İştvan Kapitan və enerji üzrə ekspert, diplomat Anita Orban diqqət çəkir. Bundan əlavə, Macarıstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Romulus Rusin-Sendi də partiyaya qoşulub.
 
Siyasi analitik Qabor Török qeyd edir ki, "Tisa"nın ən böyük problemi onun "bir nəfərlik partiya" kimi qəbul olunması idi. Lakin belə tanınmış fiqurların qoşulması bu təsəvvürü sarsıdır və partiyanın ölkəni idarə etmək potensialına malik olduğunu göstərir. Digər politoloq Daniel Rona isə bildirir ki, uğurlu biznes və ekspert çevrələrinin "Tisa"ya qoşulması Macarıstanda real siyasi dəyişiklik ehtimalına inamın artdığını göstərir.
Maraqlıdır ki, əvvəllər Orban hakimiyyəti tərəfindən mükafatlandırılmış İştvan Kapitan partiyaya qoşulduqdan sonra hökumət tərəfindən sərt tənqid olunmağa başlayıb. Xarici işlər naziri Peter Siyarto onu "beynəlxalq böyük biznesin nümayəndəsi" adlandıraraq milli maraqlardan uzaq olmaqda ittiham edib. 
 
Oxşar ittihamlar Anita Orbana qarşı da səsləndirilib. Bir zamanlar hakimiyyətə yaxın çevrələrdə hörmət qazanan diplomat indi "Soros agenti" kimi təqdim olunur və Rusiyadan ucuz qaz alınmasına mane olmaqda günahlandırılır.
 
"Tisa"nın proqramı: dəyişiklik və balans vədi
 
Partiya seçkilər ərəfəsində 240 səhifəlik proqramını təqdim edib. Bu proqramda əsas məqsəd Orban sistemindəki korrupsiyanı aradan qaldırmaq, hüququn aliliyini və demokratik institutları bərpa etmək kimi göstərilir. "Tisa" həmçinin Macarıstanın Avropa İttifaqı və NATO ilə münasibətlərini gücləndirməyi, səhiyyə və təhsil sahəsində köklü islahatlar aparmağı, sosial siyasəti yaxşılaşdırmağı və yoxsulluğu azaltmağı vəd edir.
Eyni zamanda partiya Orban dövründə tətbiq olunan ailə və pensiya dəstəyi kimi sosial proqramların çoxunu saxlamağa hazır olduğunu bildirir. Miqrasiya siyasətində ciddi dəyişiklik nəzərdə tutulmur. Ukraynanın Aİ-yə sürətli inteqrasiyasına qarşı çıxan "Tisa", bununla yanaşı Kiyevlə münasibətləri normallaşdırmaq niyyətindədir. Enerji siyasətində isə 2035-ci ilə qədər Rusiyadan neft və qaz asılılığının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.
 
Peter Madyar vurğulayır ki, proqram üzərində yüzlərlə ekspert və partiya üzvü aylarla çalışıb. Müstəqil müşahidəçilərin fikrincə isə bu sənəd həm də Orban düşərgəsinin müxalifətə qarşı irəli sürdüyü ittihamlara cavab vermək cəhdidir. Seçkilərə sayılı günlər qalmış "Tisa" artıq tək bir liderin layihəsi kimi deyil, real alternativ hakimiyyət modeli kimi təqdim olunmağa başlayır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər