Bizi sosial şəbəkələrdən izləyin:
“Televiziyalardakı dəyişikləri görürük, izləyirik və müşahidə edirik. Bütün bunlar televiziya rəhbərlərindən asılıdır ki, göstərişi onlar necə verir? Özəl televiziyaları biz başa düşürük. Onlar reklamla yaşayırlar, büdcəni reklamla doldururlar. Bu bizə aydındır. Amma reklam xatirinə dili korlamaq olmaz. Onsuz da tamaşaçı maraqlı verilişi izləyir. Son vaxtlar televiziyada yalançı isterikalar, göz yaşları və yerli-yersiz təriflər yoxdur. Bu fəaliyyət əlbəttə ki, təqdirəlayiqdir”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
O daha əlavə edib:
“Sovet dövründə dilimizin qədrini bundan yaxşı bilirdik. Azərbaycan dilinin üslubları 20-ci əsrin 70-80-ci illərində formalaşmışdı. Dili də qoruyurduq. Müəyyən sıxıntıların içərisində idik. Bilirsiz ki, rus dili əsas dil idi. Dünyaya açılan pəncərəmiz yox idi. İndi müstəqil respublikada dilə laqeyd münasibət göstərmək olmaz. Bunu hər kəsə şamil etmirəm. İnsanların şüuru artmalıdır. Dilə münasibət də mütləq dəyişilməlidir. Çünki milli kimlik də oradan başlayır”.
Nadir Məmmədli bildirib ki, diktorlar universitetlərdə yetişməlidir:
“Televiziya diktorları üçün ayrıca məktəb, universitet yoxdur. Televiziyalara seçimlə qəbul olunurlar. Burada müəyyən şərtlər var, danışıq, vizual görünüş və s. keyfiyyətlər önəmlidir. Ali məktəblərin birində, Mədəniyyət və İncəsənət universitetində televiziya və radio verilişlərinə diktorların hazırlanması üçün ayrıca fakültə olsa daha yaxşı olar. Orada dilçilər də iştirak edə bilərlər. O demək deyil ki, dilçini çağırdın bir dəfə mühazirə oxuyub getdi. Bütün diktorlar axı praktiki deyil”, - deyə o bildirib.