“Mən yaşını gizlədən qadın deyiləm... qırışları açmaqla məşğulam” – Xanım İsmayılqızı ilə MÜSAHİBƏ
705
14:48, Bu gün

“Mən yaşını gizlədən qadın deyiləm... qırışları açmaqla məşğulam” – Xanım İsmayılqızı ilə MÜSAHİBƏ

Bu gün şairə, bəstəkar Xanım İsmayılqızının doğum günüdür.

Moderator.az xəbər verir ki, o, 70 yaşını qeyd edir.

Musavat.com-dan olan həmkarımız yazdığı şeirlərlə musiqilərimizə can verən şairənin özəl günündə onu həm təbrik edib, həm də təəssüratlarını öyrənib.

- Yeni yaş hansı hissləri verir?

- Özümü fiziki cəhətdən 70, mənəvi cəhətdən isə 40 yaşda hiss edirəm. Diqqət göstərib təbrik edənlər sağ olsunlar. Ən böyük hədiyyə mənim üçün diqqətdir. Bu adamlar mənim var-dövlətimdir.

- Yeri gəlmişkən, adətən kişilər haqqında deyirlər ki, yaş kişinin var-dövlətidir. Qadınlar isə yaş artdıqca bunu kompleks edirlər. Bəlkə də bu, cəmiyyətimizin qadına aşıladığı münasibətdən yaranır. Bu haqda siz nə deyə bilərsiniz?

- Mən yaşını gizlədən qadın deyiləm. Hər yaşda bunu açıqlamışam. Çünki bu, Allahın mənə hədiyyəsidir. O mənə imkan verib ki, bu yaşa çata bilmişəm. Allah mənə vergi verib, onun sayəsində şeir yazıram, musiqi bəstələyirəm. Yaş da bir vergidir, hədiyyədir, var-dövlətimdir. Onu gizlədə bilmərəm.

- Mahnıda deyilir: “Alnımın qırışısan, necə unudum səni”

- Türk mahnısında da deyilir:“Üzündə cizgilərlə könlümün sultanısan”. Bu cizgilərin hər biri bizim həyatımızın izləridir. Biz xatirəmizi poza bilərik?! İndi kosmetologiya inkişaf edib, insan istəsə, özünə əməliyyatla 18 yaşlı qızın görkəmini də verə bilər. Amma mən onun tərəfdarı deyiləm. Doğrudur, qadın özünə sığal çəkməli, tumarlanmalıdır. Ancaq əndazəni keçmək olmaz. Allah verdiyi cizgilər, mimikalar itməməlidir. Qırışlar da insana gözəllik gətirir. Bu, yaşın özü ilə gətirdiyi dəyərin, müdrikliyin işarəsidir. Əsas üzümdəki qırışlar deyil, ruhumun qırışlarındakı açılmayan qatlardır. Mən onları açmaqla məşğulam.

- “70”dən geri boylansanız, ən çox hansı illəriniz üçün darıxarsınız?

- Valideynlərimin, bacı-qardaşlarımın, oğlumun sağ olduğu vaxtlar üçün darıxıram. Mənim üçün əvəzolunmaz illərdir. Ancaq bu günümdən də razıyam.

- Yeni yaşın “şeir havası” necə olacaq? İndi daha çox nədən yazmaq istəyirsiniz?

- Başım çox qarışıqdır, təbriklər gəlir. Hissim, ruhum hələ ayılmayıb. Həm də nə zaman yazacağımı diktə etmirəm. Bu, ilham pərisinə bağlıdır.

- Bəs hədiyyə olaraq nələrdən xoşlanırsınız?

- Ətirlərdən və güllərdən xoşum gəlir. Ümumiyyətlə, gözəl ətirli nə varsa, onu sevirəm. Hətta ətirli insan da ola bilər, onu da sevirəm.

- Bu gün kim sizi təbrik etsə, ürəyinizin sarı simi tərpənər?

- Anamın və oğlumun təbriki mənim üçün gözlənilməz olardı. Ancaq təəssüf ki, bu, mümkün deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər