Moderator.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca səkkizinci səfəri Şəkidə həyata keçirilib.
Şəki Dövlət Dram teatrında “Varlı qadın” və “O uzaq axşam” tamaşaları nümayiş etdirilir. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov, Yaqub Lətifzadə ifa edirlər.
Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşasının quruluşçu rejissoru isə Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Rəşid Mirizadə, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa edirlər.
Bakı Uşaq Teatrı isə həmkar teatrın səhnəsində Azərbaycan Xalq nağılı əsasında respublikanın əməkdar artisti İntiqam Soltan tərəfindən hazırlanmış "Göyçək Fatma" tamaşasını nümayiş etdirib. Rollarda - Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Fatimə Qasımova, Fidan Əliyeva, Niyaz Novruzov oynayıb.
Azərbaycan Xalq nağılı əsasında rejissorlar Mehman Piriyev və Rauf Huseynlinin quruluşunda "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşası da göstərilib. Bu tamaşada isə rolları Könül Şahbazova, Toğrul İsabəyli, Fatimə Qasımova, Fidan Əliyeva adlı sənətçilər ifa edib. Bundan başqa Tofiq İsgəndərlinin ifasında illuziya nömrələri də nümayiş etdirilib.