Xalq artisti Kamilla Hüseynova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir.
- Kamilla xanım, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından nə zaman ayrılmısınız? Teatr tərəfindən sizə qarşı belə münasibətin səbəbi nədir?
- Mən teatrdan öz istəyimlə ayrılmışam. Amma buna teatr rəhbərliyi tərəfindən atılan müəyyən addımlar səbəb oldu. Öncə qeyd edim ki, teatrın direktoru Xalq artisti Yusif Eyvazov kollektiv rəhbərləri və artistlər haqqında fikrini onların peşəkar keyfiyyətlərinə əsasən yox, dost və tanışlarının dediklərinə əsasən formalaşdırıb. O bunu belə izah edirdi ki, heç kimi tanımır, ona görə məlumat toplayır. Hətta bu halda belə Yusif Eyvazov öz düşüncə qabiliyyətindən istifadə edib, məlumatları təhlil etməyə cəhd göstərmədi. Beləliklə, bir praktika formalaşdı, kim kiminlə dostdursa, o da işləyir.
Mənə, uzun illər təcrübəsi olan Azərbaycanın Xalq artistinə, balet truppasının rəhbərinə, repertuar tamaşalarının baletmeysterinə “ümumiyyətlə, siz kimsiniz?” sualı verilirdi. Mənimlə münasibət məhz bu tonda qurulurdu.
Bütün tamaşalarım teatrın repertuardan çıxarıldı, halbuki Yusif Eyvazov onların heç birinə baxmayıb və onları görməyib. Bununla bağlı heç bir izahat verilməyib.
Yeni rəhbərliyin komandasının təhqirlərindən sonra axırda ərizə yazmaq qərarına gəldim. Teatrda qalmaq üçün bu insanlarla mübahisə səviyyəsinə enmək lazım idi ki, bu da mənim xarakterimə uyğun deyildi. Mən belə bir insanların rəhbərlik etdiyi teatrda qalmağı öz ləyaqətimə sığışdırmadım.
Ərizəni yazdıqdan sonra kadrlar şöbəsinin rəhbəri məni inandırmağa çalışdı ki, guya qanunsuz olaraq aldığım pulları teatra qaytarmalıyam. Mən mövqeyimi vəkil vasitəsilə bildirdikdən sonra bu təzyiqlər dayandırıldı. Direktor isə mənim ərizəmi teatrdan getmə səbəblərimlə maraqlanmadan imzaladı. Yəni, uzun illər, o cümlədən ən çətin dövrlərdə çalışmış bir Xalq artistinin teatrdan hansı səbəbdən getdiyini nə çağırıb soruşdu, nə də bununla maraqlandı.

- Teatr rəhbəri Yusif Eyvazovun Mədəniyyət Nazirliyinə çağırılması fonunda, müəssisədə baş verən problemlərin həlli üçün hansı konkret addımların atılması gözlənilir, bu prosesin qısa müddətdə müsbət nəticə verəcəyinə inanırsınızmı?
- Ümid edirəm ki, hər şey ədalətli şəkildə həll olunacaq və işçiləri özbaşınalıqdan qoruyan tədbirlər görüləcək. Şübhəsiz ki, rəhbər vəzifə ilk növbədə işçilərə obyektiv yanaşmanı, istənilən vəziyyətdə insanlara hörmətlə münasibət göstərməyi, həmçinin problemləri şəxsi maraqlara deyil, işçilərin peşəkar keyfiyyətlərinə əsaslanaraq həll etməyi tələb edir.
- Xalq artisti Yusif Eyvazovu teatr rəhbəri vəzifəsində idarəetmə üslubunu, yaradıcı kollektivlə münasibətlərini və repertuar seçiminə yanaşmasını necə xarakterizə edərdiniz?
- Yaxşı artist və yaxşı inzibatçı tamamilə fərqli mövqelərdir, fərqli bacarıq və qabiliyyətlər tələb edir. Teatr bir neçə yaradıcı kollektivdən ibarət olan mürəkkəb bir orqanizmdir. Bu orqanizmi idarə etmək üçün inzibati təcrübə zəruridir, iyerarxiyanı düzgün qurmaq, intizamı qorumaq və sair.
Yəni teatrın direktoru bu keyfiyyətləri özündə birləşdirməlidir. Düşünürəm ki, Yusif Eyvazovun fəaliyyəti özü-özlüyündə hər şeyi göstərir, buna qiymət vermək isə daha yuxarı qurumların vəzifəli şəxslərinin səlahiyyətindədir.