İran üçün 14 günlük zaman verildi: Ölkə bu qayda ilə idarə olunacaq - MÜSAHİBƏ
206
15:08, Bu gün

İran üçün 14 günlük zaman verildi: Ölkə bu qayda ilə idarə olunacaq - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Elxan bəy, ABŞ və İsrail İrana hücumların dayandırılması ilə bağlı iki həftəlik razılığa gəlib. Bundan sonra nə baş verəcək? Yenidən hərbi əməliyyatların başlaması ehtimalı varmı? Çünki hər iki tərəf özünü hazırda qalib elan edib…

- İranın nədə qalib gəlməsi müəmmalıdır. Faktiki olaraq, ölkənin hava müdafiə sistemi sıradan çıxıb. Eyni zamanda hərbi hava qüvvələrinə, dəniz donanmasına böyük zərər dəyib. Bu ölkə özünün ali liderini, təhlükəsizlik şurasını sədrini, generallarının əsas hissəsini itirib. Eyni zamanda İran Vaşinqtona, Təl-Əvivə bayraq sancmayıb. Sadəcə olaraq, İrandakı rejim ayaqda qala bilib. Əgər İran tərəfi bunu qələbə kimi təqdim etmək istəyirsə, bu başqa məsələdir.

Həmçinin bu müharibədən ABŞ və İsrail də qalib kimi çıxmayıb. Bu hücumlar nəticəsində İranı uranı zənginləşdirmək məsələsində on illərlə geri saldılar, ballistik raket istehsalını minimuma endirdilər, körpüləri və digər infrastrukturu dağıtdılar. Amma İranda rejimi dəyişə bilmədilər.

- İrandakı mövcud rejimin davam etməsi nə və edir?

- İndiki rejim ayaqda qalacaqsa, İran gələcəkdə yenə də uranın zənginləşdirilməsinə, ballistik raket istehsalına davam edə və artıra bilər.

- Müharibədən sonra İranı nə gözləyir?

- Hazırda İrandakı rejim çox ciddi sınaq qarşısındadır. Ölkənin iqtisadiyyatı dağılıb, iş yerlərinin çoxu itirilib, maaşlar ödənilməlidir. Müharibədən öncə də ağır inflyasiya ilə üzləşən İran indi daha çətin durumla üz-üzədir.

- Bu halda İrana kənardan kiminsə dəstək verməsi mümkündürmü?

- Hazırkı dönəmdə Çinin İrana milyardlarla dollar həcmində sərmayə qoyacağı inandırıcı deyil. O nə qədər varlı dövlət olsa da, pulunu havaya sovurmur. Pekin də bilir ki, İrana qarşı müharibə yenidən başlaya bilər. Çünki ötən ilin iyun ayında ABŞ və İsrail İrana qarşı pandora qutusunun ağzına açdılar və ona zərbələr endirdilər. 6 ay sonra bu hücum yenidən oldu. Ona görə də kim təminat verə bilər ki, növbəti altı aydan sonra İran yenidən hücumlarla üzləşməyəcək. Bu problemlər hələ də qalır.

- Sizcə, atəşkəsə təminat varmı?

- Sözsüz ki, atəşkəs kövrəkdir. Sadəcə olaraq, müharibədə fasilə götürülüb. I Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasındakı 30 illik bir dövrdə atəşkəsin necə kövrək olduğu bəlli idi. Dünyada əldə edilən sazişlər belə yerinə yetirilmədiyi halda atəşkəsə riayət edilməsi ehtimalı çox azdır.

- 14 günlük atəşkəsdən sonra nə baş verə bilər?

- Hazırda hər iki tərəf öz sözünü deyir. Ona görə də bu razılaşmanı bir qədər anlamaq olmur. Atəşkəsin olması isə labüd idi. İranın resursları tükənirdi, ABŞ və İsrail isə bombardmanlarla əsas nəticə əldə edə bilmirdilər. Atəşkəsin olması fonunda razılaşmanın olacağı ehtimalı azdır. Çünki tərəflərin mövqelərində fərqlər çoxdur.

- Bu nə ilə bağlıdır?

- ABŞ və İsrail tərəfi İrana deyir ki, “uranı zənginləşdirməyəcəksən”, onlar isə buna hüquqlarının olduğunu iddia edir. İran hətta tərəflərdən müharibədə vurulan zərərə görə kompensasiya istəyir. ABŞ isə kompensasiya məsələsinə razılıq verən deyil. Faktiki olaraq, ortada ciddi ziddiyyətlər var.

- Atəşkəsin əldə edilən vaxtdan artıq davam etməsi gözlənilirmi?

- Bu ola bilər. Amma razılaşmanın olması ehtimalı azdır. Yəni, faktiki olaraq iki tərəfin mövqelərindəki fərqlər ortadan qaldırılmayıb.

- Müharibədən sonra İranda idarəetmədə nələr dəyişə bilər? Ölkənin daha çox hərbi üsulla idarə olunması mümkündürmü?

- Əslində bu artıq reallıqdır. Müharibədən əvvəl də İranda SEPAH (İnqilab Keşikçiləri Korpusu) söz sahibi, dövlət içərisində dövlət idi. Mərhum ali lider Əli Xamenei öldürüldükdən sonra onun yerinə gələn oğlu (İranın yeni ali rəhbəri Müctəba Xamenei) təcrübəsiz, nüfuzsuz olduğu halda bu postda olsa belə, SEPAH-ın kölgəsində qalacaq. Faktiki olaraq, isə İranda Prezident Məsud Pezeşkianın heç bir səlahiyyəti yoxdur. İndi SEPAH əsas güc kimi ortaya çıxıb. Bundan sonra o öz fəaliyyətini hərbi xunta kimi davam etdirəcək. Ölkə iqtisadiyyatı ilə bağlı məsələləri isə yenə də prezidentə tapşıracaqlar. Prezidentin isə bu dağıntılardan sonra ölkəni dirçəltmək imkanları çox azdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər