14 gün sonra İran nə ilə üzləşəcək? – KRİTİK gözlənti
412
14:30, Bu gün

14 gün sonra İran nə ilə üzləşəcək? – KRİTİK gözlənti

ABŞ ilə İran arasında iki həftəlik atəşkəs və Tehran tərəfindən təqdim olunan 10 bəndlik təklif hazırda dünyanın müzakirə etdiyi əsas məsələdir. Bu 14 günlük atəşkəs real sülhə aparan yolun başlanğıcıdır, yoxsa tərəflərin sadəcə nəfəs dərmək üçün əldə etdiyi müvəqqəti fasilədir?

Moderator.az xəbər verir ki, siyasi şərhçi Azər Hüseynov Musavat.com-un sualına cavabında bildirib ki, atəşkəs ilk növbədə humanitar baxımdan ciddi əhəmiyyət daşıyır:

“Müharibənin hansı tərəfin xeyrinə bitməsindən asılı olmayaraq, ən böyük yükü həmişə adi insanlar daşıyır. Şəhərlərin dağıdılması, iqtisadi həyatın iflic olması, sosial travmalar – bütün bunlar uzun illər davam edən təsirlər yaradır. Bu mənada atəşkəs təkcə siyasi qərar deyil, həm də insan həyatının qorunması istiqamətində zəruri bir fasilədir. Ən azı bu mərhələdə insanların nəfəs alması, gündəlik həyatın bərpası üçün imkan yaranır”.

Onun fikrincə, siyasi prizma ilə baxdıqda isə bu qarşıdurma klassik hərbi münaqişədən daha geniş məna daşıyırdı:

“Bir tərəfdə yüksək texnologiyalar, hərbi üstünlük, iqtisadi güc və qlobal sistemə nəzarət imkanları dayanırdı, digər tərəfdə isə daha çox tarixi yaddaşa, ideoloji davamlılığa və mədəni kimliyə söykənən bir müqavimət modeli müşahidə olunurdu. Bu, sadəcə silahların toqquşması deyildi. Bu, fərqli dünyagörüşlərinin və tarixi təcrübələrin qarşılaşması idi. Görünən odur ki, bu mərhələdə mədəni-tarixi kod özünü tam məğlub etdirmədi. Əksinə, müəyyən mənada öz mövcudluğunu və prinsipial mövqeyini qoruyub saxlaya bildi. Bu isə onu göstərir ki, müasir dünyada təkcə texnoloji və maddi üstünlük həlledici deyil”.

Ekspertə görə, tarixi davamlılıq, kollektiv yaddaş və ideoloji dayanıqlıq da ən azı onun qədər təsirli faktor kimi qalır:

“Bu kontekstdə Azərbaycanın tutduğu mövqe xüsusi diqqətə layiqdir. Rəsmi Bakının İrana humanitar yardım göndərməsi, eyni zamanda, siyasi ritorikada qarşılıqlı hörmət və qardaşlıq mesajlarının verilməsi balanslı yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan birbaşa münaqişənin tərəfi olmadığını göstərdi, amma regionda baş verən humanitar böhrana laqeyd qalmadı. Bu, həm siyasi praqmatizmin, həm də mənəvi məsuliyyətin birləşdiyi nöqtə idi”.

A.Hüseynovun fikrincə, son illərdə qlobal güc balansında baş verən dəyişikliklər açıq şəkildə göstərir ki, birqütblü dünya modeli tədricən zəifləyir:

“Yeni güc mərkəzləri formalaşır və bu prosesin ən mühüm iştirakçılarından biri də Çindir. Çin artıq yalnız iqtisadi güc kimi deyil, həm də siyasi və mədəni təsir imkanlarını genişləndirən müstəqil qütb kimi çıxış edir. Onun yüksəlişi təkcə rəqəmlərlə ölçülən iqtisadi inkişaf deyil. Bu, qədim dövlətçilik ənənələrinin və sivilizasiya kodunun müasir dünya siyasətinə inteqrasiyasıdır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər