Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə əmək yarmarkası təşkil olunub.
Moderator.az AzEdu.az-a istinadla xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə jurnalistlərə açıqlamasında bildirb ki, tədbirdə 10 peşə təhsili mərkəzini təmsil edən 400-dən çox tələbə və məzun iştirak edir:

"Yarmarkada 30 şirkət tərəfindən ümumilikdə 341 vakansiya təqdim olunub və əməkhaqqı intervalı 400-2000 manat arasında dəyişir.
Burada yalnız Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin deyil, eyni zamanda Mədəniyyət və Sənətkarlıq, turizm, emal sənayesi, texnika və texnologiya istiqamətləri üzrə ixtisaslaşmış digər peşə təhsili mərkəzlərinin tələbə və məzunları da iştirak edirlər.
Məqsədimiz tələbə və məzunlarımızın əmək bazarına inteqrasiyasını təmin etməkdir. Bu istiqamətdə peşə təhsili mərkəzlərində fəaliyyət göstərən karyera və işəgötürənlərlə iş üzrə mütəxəssislər tərəfindən onlara fərdi dəstək göstərilir və belə tədbirlərdə iştirakları təmin olunur.
Biz çalışırıq ki, bu kimi əmək yarmarkalarını davamlı şəkildə təşkil edək və məzunlarımızın öz ixtisasları üzrə məşğulluğunu daha da artırmış olaq. Əlavə olaraq qeyd edim ki, yarmarkaların nəticələri Dövlət Məşğulluq Agentliyi tərəfindən sonradan təhlil olunur və məşğulluq göstəriciləri üzrə müvafiq analizlər aparılır.”