Azərbaycanda pişiklər üçün otel yaradılıb: “Hər pişiyə fərdi yanaşırıq, oyun zonasına tək-tək buraxırıq” - FOTOLAR
625
10:17, Bu gün

Azərbaycanda pişiklər üçün otel yaradılıb: “Hər pişiyə fərdi yanaşırıq, oyun zonasına tək-tək buraxırıq” - FOTOLAR

“Son illərdə ev heyvanlarına münasibət tamamilə dəyişib. Pişiklər artıq sadəcə evdə yaşayan heyvan deyil-onlar ailənin bir üzvüdür. Məhz bu düşüncə ilə biz bir il əvvəl pişik otelini yaratmağa qərar verdik. Pişik oteli-sevgi, qayğı və etibarın məkanıdır. Hər şey çox sadə bir ehtiyacdan başladı. İnsanlar səyahətə gedəndə, işlə bağlı şəhərdən çıxanda və ya sadəcə gündəlik həyatın intensivliyində ev heyvanlarını kimə etibar edəcəklərini bilmirdilər. Dostlara və ya qonşulara buraxmaq isə hər zaman düzgün həll olmur. Pişiklər stressə həssasdır və onlar üçün təhlükəsiz, sakit və peşəkar mühit vacibdir. Biz bu boşluğu gördük və düşündük: niyə elə bir yer yaratmayaq ki, burada pişiklər özlərini evdəki kimi rahat hiss etsinlər? Pişiklər itlərdən fərqli olaraq daha həssas və müstəqil canlılardır. Onlar mühit dəyişikliyinə tez reaksiya verir, stress keçirə bilirlər. Ona görə də onların qalacağı yer xüsusi diqqətlə hazırlanmalıdır. Otelin günü 15 manatdır”.
 
Bunu Moderator.az-a açıqlamasında pişiklər üçün otel (catschool.az) ideyasının müəllifi Ramil Ağasıyev deyib.
O daha sonra əlavə edib:
 
“Pişik otelinin əsas məqsədi pişiklər üçün təhlükəsiz və gigiyenik mühit yaratmaq, onların gündəlik rejimini qorumaq, stresssiz və rahat şərait təmin etmək, sahiblərinə isə rahatlıq və güvən hissi verməkdir. Artıq bir ildir ki, otelimiz fəaliyyət göstərir və bu müddət ərzində çox fərqli pişiklərlə tanış olmuşuq. Hər pişiyin öz xarakteri var. Bəziləri ilk gündən uyğunlaşır və özünü evindəki kimi aparır. Bəziləri isə ilk günlər daha ehtiyatlı və qorxaq olur. Elə pişiklər də var ki, xüsusi diqqət və fərdi yanaşma tələb edir. Bu iş bizə səbir, müşahidə və düzgün yanaşmanın nə qədər vacib olduğunu öyrətdi. Hər bir pişiyə fərdi yanaşırıq, onun davranışını anlayır və ona uyğun şərait yaradırıq”.
İdeya müəllifi bildirir ki, bu iş hər zaman asan deyil:
 
“Çətinliklər və gözəl anlar da olur. Bəzən pişiklər yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir, bəzən sahiblər narahat olur. Amma ən böyük motivasiya-pişiyin bir neçə gündən sonra rahatlaşması, oynamağa başlaması və özünü güvəndə hiss etməsidir. Ən gözəl an isə sahiblərin geri qayıdanda rahat və xoşbəxt pişiklərini görməsidir. Biz sadəcə bir xidmət təqdim etmirik. Biz etibar yaradırıq. Məqsədimiz odur ki, hər bir pişik burada özünü təhlükəsiz hiss etsin, sahiblər rahatlıqla səyahət edə bilsin, pişiklər üçün standart deyil, fərdi qayğı göstərilsin. Pişik oteli- bu, sadəcə qalmaq üçün bir yer deyil. Bu, sevgi, məsuliyyət və peşəkarlığın birləşdiyi məkandır. Bir il ərzində qazandığımız təcrübə göstərdi ki, bu sahəyə böyük ehtiyac var və biz doğru yoldayıq. Qarşıda isə daha böyük planlar, daha rahat şərait və daha çox xoşbəxt pişiklər var. Oteldə ən vacib prinsiplərimizdən biri-hər pişiyin özünü təhlükəsiz və rahat hiss etməsidir. Buna görə də biz yerləşdirməni xüsusi şəkildə təşkil etmişik. Bütün pişiklər ayrı-ayrılıqda yerləşdirilir. Bu, onların stress keçirməməsi və öz ərazilərini qoruma hissinin itməməsi üçün çox vacibdir”.
Təsisçi deyir ki, bu oteldə pişiklər üçün oyun zonaları və özlərini rahat hiss etmələri üçün ərazi də var:
 
“Bununla yanaşı böyük ölçülü, geniş premium kapsullarımız mövcuddur. Əgər bir ailədə bir neçə pişik varsa, onlar istəyə uyğun olaraq eyni kapsulda birlikdə qala bilirlər. Hər kapsul pişiyin rahat hərəkəti, istirahəti və gizlənməsi üçün uyğun dizayn edilib. Pişiklər üçün ayrıca oyun və aktivlik zonası yaradılıb. Amma burada da əsas prinsipimiz dəyişmir: fərdi yanaşma. Pişiklər oyun zonasına bir-bir buraxılır. Heç bir halda tanımadığı pişiklərlə birbaşa təmas olmur. Bu, həm xəstəlik riskini azaldır, həm də pişiklərin psixoloji rahatlığını qoruyur. Yəni bizim oteldə demək olar ki, pişiklər arasında kontakt yoxdur. Bu isə təhlükəsizlik və sakitlik deməkdir. Təmizlik və gigiyena da bizim prioritetimizdir. Bu sahədə kompromis yoxdur. Təmizlik bizim üçün sadəcə qayda deyil, əsas prinsipdir. Hər bir pişikdən sonra otaq tam şəkildə dəyişdirilir və dezinfeksiya olunur. Bütün səthlər xüsusi vasitələrlə sterilizasiya edilir. Oyuncaqlar, yataq yerləri və aksesuarlar mütəmadi olaraq təmizlənir və kimyəvi təmizləmədən keçirilir. Hər yeni qonaq üçün tam təmiz və hazırlanmış mühit təqdim olunur. Biz bilirik ki, gigiyena yalnız görünən təmizlik deyil-bu, həm də sağlamlıq və etibar məsələsidir. Biz pişiklər üçün sadəcə bir məkan yaratmamışıq. Biz onların təbiətinə uyğun, təhlükəsiz və stresssiz bir sistem qurmuşuq. Fərdi yerləşdirmə, minimum kontakt və yüksək səviyyəli gigiyena- bütün bunlar bizim otelimizi fərqləndirən əsas xüsusiyyətlərdir. Burada hər bir pişik özünü qorunmuş, rahat və dəyərli hiss edir”, - deyə təsisçi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər