Supergüclərin gizli-açıq SAVAŞI – Çin ÖNƏ çıxır?
209
15:55, Bu gün

Supergüclərin gizli-açıq SAVAŞI – Çin ÖNƏ çıxır?

Ukraynada davam edən müharibə, Yaxın Şərqdə genişlənən hərbi toqquşmalar, Tayvan ətrafında artan gərginlik və qlobal iqtisadi rəqabət fonunda getdikcə daha ucadan səslənən bir sual var: dünya yeni “Soyuq müharibə” mərhələsinəmi qədəm qoyub?

Bəllidir ki, XX əsrdə “Soyuq müharibə” ideoloji bloklar üzərində qurulmuşdu. O zaman kapitalizm və sosializm qarşı-qarşıya dayanırdı. Bu gün isə mənzərə daha mürəkkəbdir. Hazırda açıq ideoloji bölünmədən çox, geosiyasi maraqlar, texnoloji üstünlük uğrunda yarış və enerji nəzarəti ön plana çıxır. ABŞ ilə Çin arasında süni intellekt, çip istehsalı və ticarət savaşları, Rusiya ilə Qərb arasında isə hərbi-siyasi qarşıdurma artıq qlobal sistemin konturlarını dəyişməkdədir.

Bu prosesləri klassik “Soyuq müharibə” kimi qiymətləndirmək doğrudurmu?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, İranla ABŞ-İsrail koalisiyası arasında baş verən müharibədən sonra təkqütblü dünya sisteminin sona yetməsi böyük ehtimallar daxilində qiymətləndirilə bilər:

“Bu qarşıdurma, sadəcə, regional münaqişə kimi yox, qlobal güc balansını dəyişdirən hadisə kimi çıxış edir. Müharibənin nəticələri yalnız hərbi və siyasi sahələrlə məhdudlaşmır, eyni zamanda, beynəlxalq sistemin strukturuna birbaşa təsir göstərir. Bu baxımdan formalaşmaqda olan yeni nizam əvvəlkindən fərqli olaraq daha açıq rəqabət və güc bölgüsü üzərində qurulacaq.

Çin artıq əvvəlki kimi gizli və ehtiyatlı siyasət yürüdən aktor olmaq istəmir. O, uzun müddət ərzində iqtisadi gücünü artıraraq və beynəlxalq təsir imkanlarını genişləndirərək indiki mərhələyə gəlib çatıb. Müharibədən sonra yaranacaq boşluq Çinin bu potensialını daha açıq şəkildə ortaya qoymasına şərait yaradacaq. Artıq Pekin qlobal sistemdə alternativ deyil, birbaşa əsas qütb kimi çıxış etmək niyyətini daha aydın formada göstərəcək. Bu isə beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzinin formalaşmasını sürətləndirəcək.

Bu prosesdə Rusiya ilkin mərhələdə Çinin yanında yer alacaq. Mövcud şəraitdə onların maraqları müəyyən nöqtələrdə üst-üstə düşür və bu da onları yaxınlaşdırır. Lakin bu yaxınlıq daha çox situativ xarakter daşıyır. ABŞ amili zəiflədikdən və ümumi güc balansı dəyişdikdən sonra bu iki ölkə arasında münasibətlərin fərqli istiqamətə yönəlməsi mümkündür. Bu baxımdan ilkin tərəfdaşlıq mərhələsinin sonrakı dövrdə rəqabət müstəvisinə keçməsi ehtimalı istisna edilmir.

Eyni zamanda, Böyük Britaniya bu yeni şəraitdə öz ənənəvi siyasət xəttini davam etdirməyə çalışacaq. Tarixi olaraq Britaniya heç bir gücün həddindən artıq dominant olmasını qəbul etməyib və bu prinsip onun xarici siyasətində əsas istiqamətlərdən biri kimi qalır. ABŞ-nin daha çox öz regionuna yönəlməsi fonunda London zaman-zaman Çinlə, bəzi hallarda isə hətta Rusiya ilə müəyyən məsələlərdə yaxınlaşa bilər. Bu yaxınlaşmalar isə daha çox taktiki və məhdud çərçivədə qalacaq”.

Siyasi şərhçiyə görə, davam edən müharibə qlobalizmin əsaslarına da ciddi zərbə endirəcək:

“Son onilliklərdə formalaşmış beynəlxalq iqtisadi sistem – sərbəst ticarət, açıq bazarlar və qarşılıqlı asılılıq üzərində qurulan model bu cür münaqişələr fonunda sarsılır. Enerji marşrutlarının risk altına düşməsi, xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələrdə yaranan qeyri-sabitlik qlobal iqtisadi əlaqələrə birbaşa təsir edir. Bu isə dövlətləri daha çox daxili dayanıqlılığa və təhlükəsizlik əsaslı iqtisadi siyasətə yönəldir.

Beləliklə, bu müharibə yalnız mövcud siyasi balansı dəyişmir, eyni zamanda qlobal iqtisadi və geosiyasi sistemin əsaslarını sarsıdır. Nəticədə dünya əvvəlki kimi vahid və inteqrasiya olunmuş sistemdən daha çox parçalanmış və müxtəlif güc mərkəzləri arasında bölüşdürülmüş bir struktura doğru yönəlir. Bu proses isə yeni dövrün əsas xüsusiyyətlərini müəyyən edən amillərdən biri kimi çıxış edir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər