Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Uşaq və Gənclər teatrının aktrisa və rejissoru İlhamə Əhmədova Moderator.az-a teatrdakı yeniliklərlə bağlı müsahibə verib, qastrol səfərlərindən və layihələrdən danışıb:
“Bölgə teatrlarının çox gözəl tamaşaçıları var. İnanın ki, biz bu günlərdə Qazaxdan qayıtdıq. Qazax Dövlət Dram teatrının necə gözəl tamaşaçısı var. Möhtəşəm idilər! Necə sənəti sevirlər, aktyoru necə qiymətləndirirlər. Böyük zövq aldıq. Təsəvvür edin, uzaq yol getmişdik, ora gedib çatana qədər yol yorğunu olmuşduq. Amma gedib ora çatanda və səhnəyə çıxanda, o izdihamlı tamaşaçıları görəndə yorğunluğumuz çıxdı. Bu sənətə, sənətkara verilən bir qiymət və dəyərdir”.
İlhamə Əhmədova İrəvan Dövlət Dram teatrında hazırladığı tamaşadan da danışıb:
“Bu teatrda “Qaraca qız” əsərini səhnələşdirirəm. Dəvət özlərindən gəldi. Maraqlı bir tamaşa olacaq. Demək olar ki, hazırdır. Bəzi texniki tərəfləri qalıb. Onları da tamamlayıb tamaşanı təhvil verəcəm. Zivər xanım, Gümrah Ömər və aktyor kollektivi çox möhtəşəmdir. Hər birinə təşəkkür edirəm ki, mənə belə bir şərait yaradıblar. Böyük zövq alaraq çalışıram” deyə aktrisa-rejissor İlhamə Əhmədova bildirib.