“Evimi yandırdılar, atam evim də zəlzələdən sonra yerlə-yeksan oldu, bu, ölümə bərabərdir” - tanınmış aktrisadan KÖVRƏK ETİRAF
636
09:18, Bu gün

“Evimi yandırdılar, atam evim də zəlzələdən sonra yerlə-yeksan oldu, bu, ölümə bərabərdir” - tanınmış aktrisadan KÖVRƏK ETİRAF

“Teatrımız uzun illərdir fəaliyyət göstərsə də, ilk dəfədir ki, binası olur. Bu gün teatra daxil olanda sevinirəm, fərəhlənirəm ki, bu yaşımda belə gözəl binası olan teatrda çalışmaq mənə nəsib olub. Həyatımda ən gözəl günləri yaşayıram. Məşqlərə çox böyük həvəslə gedirəm. Uzun illərdir binasız idik. İrəvanda olanda da teatrımızın binası yox idi. Mədəniyyət evində məskunlaşmışdıq. Yeni binaya hələ ki, qrim iyi tam olaraq çökməyib. Çünki binamız təzədir. Çox istərdim binamızdan aktyorlarımızın tərli geyimlərinin, qrimlərinin iyi gəlsin. Daim yaradıcılıq işləri getsin. Allahımdan o qədər razıyam ki.. Nə qədər yaralı olsaq da, torpağımızdan, yurdumuzdan didərgin düşsək də, öz teatrımızı öz obamızda istəsək də yenə də bu bina bizə böyük təsəllidir“.
 
Bunu Moderator.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının akrisası Səmayə İsmayılova deyib.
O daha sonra əlavə edib:
 
“72 yaşımı bu binada elə möhtəşəm keçirdilər ki.... Mənə böyük sürpriz etdilər.. Kollektivimiz çox gözəldir. Direktor vəzifələrini hazırda Zivər xanım əvəz edir. Rejissorumuz Gümrah Ömər çox gözəl əsərlər hazırlayır. İlhamə Əhmədova da bizim teatrda  “Qaraca qız” əsərini səhnələşdirir. Mən inanıram ki, bizim böyük tamaşaçı kütləmiz və tamaşalarımız olacaq. Bundan əlavə teatrda Elçinin “Stanilizm” əsərinin məşqlərinə başlamışıq. Mənim də orada rolum var. Şekspirin “Romeo və Cülyetta”, Elçinin “Cəhənnəm sakinləri”, Mirzə Fətəli Axundovun “Vəziri-Xani Lənkəran” və s. əsərlər də səhnələşdirilir. Bir də “Kral Lir” əsəri səhnələşdiriləcək. Onu hələ ki, gözləyirik”.
Səmayə İsmayılova İrəvanda olan evinin taleyindən də danışıb:
 
“Kaş möcüzə olardı.. Doğma torpağıma, evimə, İrəvanıma qayıdardım.. O torpağın, suyun ətrini alardım. Bunu hər dəfə xatırlamaq və danışmaq mənə ölümə bərabərdir. Mən vətənimə bağlı insanam. Torpaq, vətən mənim üçün başqa bir şeydir. Mən Bakıda tələbə idim. Elə olurdu ki, hər həftə kəndə gedirdim. Mən o kəndin havasını almadan yaşaya bilmirdim. Axşam qatara minirdik, səhər çatırdıq. Bu vaxta qədər Bakıda yaxşı ki, yaşamışam. Oradakı evimi yandırıb kül etdilər. Ata evim də zəlzələdən sonra yerlə yeksan oldu. Peykdən sadəcə dağlarımıza, bağlarımıza baxırıq. Rusiyada yaşayan adamlar var. Kəndimizin şəkillərini çəkib gətirir, onlara baxırıq. İnşallah ki, həsrət bitəcək”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər