Vəkil olmaq üçün müraciət edən keçmiş hakimlər icbari təlimə başladı - FOTO
310
16:13, Bu gün

Vəkil olmaq üçün müraciət edən keçmiş hakimlər icbari təlimə başladı - FOTO

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir.
 
Kollegiyadan Moderator.az-a verilən xəbərə görə, bu çərçivədə ixtisas imtahanlarının təşkili tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təmin olunur.
 
Bu istiqamətdə yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 69 vəkilliyə namizədlər üçün 2026-cı il aprelin 6-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib. Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, həmçinin vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib və bu sahədə sistemli bilik bazasının formalaşdırılmasına xidmət edir.
 
Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib.
 
Təlim proqramının yalnız nəzəri biliklərin artırılması ilə kifayətlənmədiyini deyən Anar Bağırov qeyd edib ki, bu, namizədlərin peşə hazırlığının daha da təkmilləşdirilməsinə, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Bildirilib ki, təlimlərin məzmunu müasir hüquqi çağırışlar və dövrün tələbləri nəzərə alınmaqla formalaşdırılıb və bu proses gələcək vəkillərin ədalət mühakiməsində rolunun daha da gücləndirilməsinə xidmət edir.
 
Sədr vəkilliyə qəbul prosesinə dair detallı məlumat verərək diqqətə çatdırıb ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə geniş müşahidəçilik imkanları şəraitində – yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəkildə keçirilib. Şifahi mərhələdə də obyektivliyin təmin olunması məqsədilə videoyazı sistemi tətbiq edilib, bütün namizədlərə eyni məzmunlu suallar təqdim olunmaqla prosesin şəffaflığı və dürüstlüyü qorunub.
 
Həmçinin Anar Bağırov təlimlərin tematik istiqamətlərinə də toxunaraq vurğulayıb ki, insan hüquqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə təşkil olunur və bu, namizədlərin peşəkar hazırlığının daha da gücləndirilməsinə xidmət göstərir.
 
Sədr təlimə başlayan 69 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 22-si qadın, 47-i isə kişidir. Namizədlərin 48 nəfəri, yəni 71 % faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini göstərir. Bildirilib ki, təlim iştirakçılarının 87 faizi paytaxtdan, 13 faizi isə regionlardan müraciət edən şəxslərdir.
 
Anar Bağırov çıxışının davamında son illər VK-da həyata keçirilən islahatlardan, vəkil sayının artırılması, institutun cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və daha məqsədyönlü şəkildə təkmilləşdirilməsi istiqamətində görülən ardıcıl və sistemli tədbirlərdən ətraflı danışıb.
 
Eyni zamanda sədr Ədliyyə Akademiyası ilə birgə hazırlanmış təlim proqramlarının namizədlərin praktiki bilik və bacarıqların inkişafına yönəlmiş kompleks yanaşmanı özündə ehtiva etdiyini və bu sahədə davamlı, sistemli nəticələrin əldə olunmasına əlverişli zəmin yaratdığını deyib. Sədr təlimlərin yüksək peşəkarlıqla təşkil edildiyini qeyd edərək göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
 
Bundan başqa, Kollegiyanın nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü və yerli dövlət qurumları ilə səmərəli əməkdaşlığı da xüsusi qeyd edilərək vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən ardıcıl şəkildə dəstəkləndiyi diqqətə çatdırılıb.
 
Vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə toxunan Anar Bağırov bildirib ki, hər bir vəkil öz peşə borcunu vicdanla və məsuliyyətlə yerinə yetirməli, etik davranış qaydalarına ciddi riayət etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, formal fəaliyyət və qeyri-prosessual münasibətlərdən qəti şəkildə çəkinməlidir. Qeyd olunub ki, formal yanaşma və etik normalardan kənar davranışlar vəkillik institutunun nüfuzuna xələl gətirir və Kollegiya bu kimi hallara qarşı prinsipial və qətiyyətli mövqe sərgiləyir.
 
Təlim çərçivəsində vəkillik institutunun inkişaf istiqamətləri və qarşıya qoyulan strateji hədəflər barədə də geniş məlumat verən sədr Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, bu sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi, hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının əhəmiyyətli dərəcədə yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi olub.
 
Eyni zamanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr vurğulayıb ki, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldılması hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin olunması istiqamətində atılmış mühüm addımdır. Həmçinin qeyd edilib ki, yeni qanuna əsasən bu icbari təlimdə əvvəllər hakim işləyən 6 namizəd də iştirak edir.
 
Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş və əhatəli məruzəsi ilə davam edib, müzakirə aparılıb.
 
Qeyd edək ki, müxtəlif məhkəmələrdə hakim olmuş altı keçmiş hakim Vəkillər Kollegiyasına üzv olmaq üçün müraciət edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər