"Aprelin 7-də SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı ukraynalı leytenant Oleq Babakın anım günüdür. O, 1991-ci ildə erməni terror dəstəsinin Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə hücumunun qarşısını alarkən həlak olub. Hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə SSRİ Prezidentinin 17 sentyabr 1991-ci tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Ukraynalı qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabımın yaxın günlərdə Azərbaycanda və Ukraynada təqdimatı keçiriləcək. Hər iki dildə nəşrə hazırlanmış kitablar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında işıq üzü görür".
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında publisist, “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının müəllifi Hacı Nərimanoğlu deyib.
O bildirib ki, kitaba daxil edilən çox sayda sənəd, foto, xatirələrdə qəhrəmanın ömür, döyüş yolu əks olunur, Oleqin valideynləri Nadya və Yakov Babakların dövlətimiz və diasporumuz tərəfindən ömrün ahıl çağlarını yaşayan ailəyə hər cür maddi, mənəvi qayğı göstərilməsi barədə şəxsən tapşırıq vermiş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edən məktublarından, Ukraynada dövlətimizin başçısına və xalqımıza xüsusi sevgi, ehtiramdan bəhs edilir.
Xatırladaq ki, həmin gün 70-80 erməni terrorçusu hücuma keçib kəndin iki gənc sakinini öldürür, 7 nəfəri yaralayır, mülki əhalini qırmaq, əsir, girov götürmək, strateji əhəmiyyətli ərazisini ələ keçirmək məqsədilə kəndi mühasirəyə alır. Yaxınlıqdakı postun komandiri 24 yaşlı Oleq atışma səslərini eşidib tabeliyindəki iki milis serjantı ilə köməyə gəlir, onların patron daraqlarını da alıb mühasirədə olan yaralı sakinlərin təhlükəsiz əraziyə çıxarılması barədə tapşırıq verir, özü isə çoxu həbsdən buraxılmış cinayətkar residivistlərlə döyüşə girir. Peşəkar atıcı olan Oleq 3 saata yaxın davam edən döyüşdə 20-dən çox terrorçunu məhv edir, təslim olacağı təqdirdə sağ buraxılacağına dair çağırışlara baxmayaraq banditlərlə son gülləsinə qədər savaşır, mülki əhalidən bir nəfərin də əsir düşməsinə imkan vermədən onların təhlükəsiz əraziyə çıxarılmasına imkan yaradır, ağır yaralı halda erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilir. 24 yaşlı zabitin həyatla əbədi vidalaşdığı 7 aprel günü pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramlarına təsadüf etmişdi.
Oleq 385-ci gün idi ki, qaynar nöqtələrdə SSRİ Daxili İşlər Nazirliyinin Sofrin briqadasının zabiti kimi xidmət keçirdi, bir neçə gün sonra məzuniyyətə buraxılıb Poltavanın Viktoriya kəndində yeganə övladlarına toy hazırlığı görən, intizarla onun yolunu gözləyən əzizlərinə qovuşacaqdı. O, valideynlərinə, nişanlısına, dostlarına hər məktubunda cibiklilərin onu “Babək” deyə çağırmaqlarından, bu müharibəyə zorla cəlb olunan azərbaycanlıların mehriban, qonaqsevər insanlar olmalarından, erməni banditlərinin törətdiyi vəhşiliklərdən, doğmaları üçün çox darıxdığından yazırdı. Poltavada Oleq Babakın adına məktəb, muzey, küçələr var, parklar salınıb, abidələri ucaldılıb.