“Qədir Rüstəmova geyim də vermişdilər, silah da, o mənim üçün Milli Qəhrəmandır” - FOTO+ÖZƏL
895
10:55, Bu gün

“Qədir Rüstəmova geyim də vermişdilər, silah da, o mənim üçün Milli Qəhrəmandır” - FOTO+ÖZƏL

“Qədir müəllim gözünü açandan toylara gedib. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada Qədirin avazı eşidilməsin. O sanki toylarda məşq edib oxuyurdu. Hansı mahnıları məşq edirdisə sonradan gəlib lentə yazdırırdı. Ona heç kim mane olmurdu. Ürəyi istəyəndə toya gedirdi, ürəyi istəməyəndə getmirdi. Görürdü ki, kimin pulu, parası çoxdur, deyirdi ki, “niyə gedib səsimi boş-boşuna batırıram ki?”. O üç gün toylarda oxuyurdu. Ağdamda toylar üç gün idi. Sonra iki gün oldu. Xoşuna gəlməyən insanların toyuna heç vaxt getmirdi. O ümumiyyətlə hökmü sevmirdi. Həddindən artıq qürurlu idi. Özü bilirdi nə vaxt oxuyacaq, nə vaxt toya gedəcək”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib.
O daha sonra əlavə edib:
 
“Qədir müəllim Ağdam işğal azad olunandan bir daha sonra toylara getmədi. O ancaq hərbi hissələrə gedib, əsgərlərin toyunu oxuyurdu. Ömrünün yerdə qalan hissəsini hərbi hissələrdə keçirib. Qədir müəllim orada yatıb, orada dururdu. Ona geyim də vermişdilər, silah da. Mən çox istəyirdim ki, Qədir müəllimə hərbi titul versinlər. Verməsələr də Qədir müəllimi mən Milli Qəhrəman hesab edirəm. O ömrünü cəbhədə keçirib. Nə olsun ki, xanəndə idi?! O qədər vətənpərvər, vətənini, torpağını sevən şəxs idi ki.. O cəbhədən kənarda yaşaya bilmirdi. Qədir müəllim elə bilirdi ki, əsgərlərin yanında olanda Ağdamı tez işğaldan azad edəcəklər. Hərbi hospitallara gedib yaralı əsgərlər üçün mahnılar oxuyurdu. Vətənin çətin günlərində öz köməyini bu cür göstərirdi, əlindən gələni əsirgəmirdi”.
 
Fatma xanım bildirib ki, Qədir Rüstəmov heç bir mahnısını kiməsə ithaf etməyib:
“Sona bülbüllər” xalq mahnısıdır. Həşim kişi bu mahnını çox qədim dövrdə oxuyub. Toylarda ifa edib. Qədir müəllim də elə gənclik illərindən bir “Ay dili-dili” və “Sona bülbüllər” mahnısını götürüb oxuyub. Lənkərandan gəlmiş mahnılardır. Bu mahnılara görə bütün cənub bölgəsi Qədir müəllimi toylarına çağırırdı. Orada da deyirdi ki, “Lənkəran qızları ceyran balası”. Lənkəranlıların o qədər xoşuna gəlirdi ki... Qədir müəllimin bütün mahnıları brenddir. Ondan sonra kim oxuyursa oxusun. Qədir müəllim bu mahnıların möhürünü vurub. Mən də çox sevinirəm ki, Qədir müəllimi yaşadırlar.. Görkəmli bəstəkarımız Fikrət Əmirov Qədir müəllim haqda deyib ki, “mənim yazdığım “Reyhan” mahnısını elə oxuyub ki, xalq mahnısına çevirib”. İtməsəydi mahnıları çox idi. Bəzi mahnılarında olan qəm cavan qardaşı Sabirin dünyadan vaxtsız getməsinə görədir.. Bu qəm ona təsadüf edir. Qədir müəllim heç bir mahnısını heç kimə ithaf etməyib”, - deyə sənətkarın xanımı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər