Turizm sektorunda real dəyişikliklər olacaq - FOTO
372
14:57, Bu gün

Turizm sektorunda real dəyişikliklər olacaq - FOTO

Yaradılması planlaşdırılan Turizm İnkişaf Fondu turizm sektorunun ehtiyac duyduğu maliyyə dəstəyini təmin edə bilər. Fond diqqətçəkən layihələrə qrantlar verməklə yeni turizm obyektlərinin yaradılmasına, mövcud infrastrukturun inkişafına, xidmətlərin keyfiyyətinin yüksəldiləməsinə yol açar.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda yaradılması nəzərdə tutulan Turizm İnkişaf Fondu gəlmə və daxili turizmin inkişafına hesablanıb. Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, fondun yaradılması turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. Ən əsası, Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. Agentlik tərəfindən hazırlanan və uzun illərdir gözlənilən "2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı" isə hazırda qurumlar arasında müzakirə mərhələsindədir. Sənədə əsasən, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətlər müəyyən edilib. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir. Dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması isə bu təklif və planların həyata keçirilməsi üçün baza rolunu oynaya bilər.

Sosial və humanitar əhəmiyyəti də böyükdür

İctimai dinləmədə iştirak edən turizmçi Ruslan Quliyev hesab edir ki, Azərbaycanda turizmin inkişafını təmin etmək və turist axını yaratmaq üçün vacib olan addımlar sırasında qanunvericilik bazasının və menecment sisteminin təkmilləşdirilməsi, o cümlədən innovativ sistemlərin şaxəli tətbiqi vacibdir. Prezident yanında Turizmin İnkişafına Dəstək Fondunun yaradılması təklifi də ölkədə turizm sektorunun inkişafını sürətləndirmək, bu sahəni iqtisadiyyatın əsas sahəsinə çevirmək məqsədi daşıyır: "Bunu uzun müddətli deyil, üç illik test müddəti kimi də tətbiq etmək olar. Xaricdə də bu cür təcrübə mövcuddur".

Ekspert hesab edir ki, fond turizm layihələrinə subsidiya edən qrantlar verə bilər ki, bu da yeni hotellərin və turizm obyektlərinin yaradılmasına, mövcud turizm infrastrukturunun inkişafına, turizm xidmətlərinin keyfiyyətinin yüksəldiləməsinə yol açar:

"Təbii ki, dövlətin infrastruktur layihələrdə uğurlu iştirakı da turizmin inkişafını şərtləndirən amillər sırasındadır. Yəni burada yol-nəqliyyat imkanlarının yaxşılaşdırılması, turizm zonalarının qurulması, əlavə xidmət sahələrinin artırılması və xarici turistlərin cəlb olunması məqsədi ilə sistemli reklam və marketinq kampaniyaları, beynəlxalq sərgilərdə iştirak sayının artırılması, meqainfoturların həyata keçirilməsi vacibdir. Bunun sosial və humanitar əhəmiyyəti də böyükdür: yeni iş yerləri açılacaq, yerli özünüidarəetmə mexanizmləri təkmilləşəcək, kənd turizmi, ekoturizm inkişaf edəcək, regionların turizmi canlanacaq. Bu sahədə dövlət və özəl sektor əməkdaşlığı da vacib amillərdəndir. Bu, kiçik və orta sahibkarlığın güclənməsinə və investisiya layihələrin daha asan həyata keçirilməsinə şərait yaradacaq. Həm kredit mexanizmləri, həm maliyyə imkanlarına çıxış yolları təkmilləşdiriləcək, həmçinin ölkəyə xarici sərmayənin gəlməsinə şərait yaradacaq".

Davamlı və məqsədli maliyyə mənbəyi

Turizmçi Rəhman Quliyev Turizm İnkişaf Fondunun yaradılması üçün vacib olan bir neçə əsas səbəbi sadalayır:

"Hazırda turizm layihələrinin böyük hissəsi dövlət büdcəsi və ya ayrı-ayrı proqramlar vasitəsilə maliyyələşir. Fond isə turizm sahəsi üçün davamlı və məqsədli maliyyə mənbəyi yaratmaq məqsədi daşıyır. Azərbaycanın təbiət, mədəniyyət və tarix baxımından böyük turizm imkanları var, lakin bəzi regionlarda infrastruktur zəifdir, turizm xidmətləri kifayət qədər inkişaf etməyib, beynəlxalq tanıtım məhduddur. Fond bu sahələrə xüsusi investisiyaların yönəldilməsinə kömək etməlidir". R.Quliyevin sözlərinə görə, hazırda bizdə turizm əsasən Bakı və bir neçə məşhur bölgədə cəmlənib. Fond vasitəsilə digər regionlarda da turizm layihələri, kənd və ekoturizm, yeni marşrutlar və s. dəstəklənə bilər: "Bir çox ölkələrdə turizm fondları turizm vergiləri, hotellərdən yığılan rüsumlar, dövlət vəsaitləri hesabına formalaşır və sahənin inkişafına yönəldilir".

Kadr hazırlığı, təlim proqramları da maliyyələşdirilə bilər

R.Quliyevin fikrincə, fond fəaliyyətə başlasa, turizm sektorunda real dəyişikliklər olacaq:

"Fond yeni turizm obyektlərinə, kurort zonalarına, ekoturizm layihələrinə qrant verə və ya investisiya mexanizmləri təklif edə bilər. Digər vacib amil Azərbaycanın turizm brendinin fond vasitəsi ilə gücləndirilməsidir. Məsələn, fondun xətti ilə beynəlxalq reklam kampaniyaları, sərgilərdə iştirak, ölkəmizin turizm imicinin tanıdılması kimi mühüm layihələr həyata keçirilə bilər".

R.Quliyevin fikrincə, turizm xidmətlərinin keyfiyyətinin artırılması, kadr hazırlığı, təlim proqramları kimi sahələr də fond tərəfindən maliyyələşdirilə bilər.

"Bu sahəyə investisiyaların cəlb edilməsi vacibdir"

Turizmçi Əfsun Əhmədovun fikrincə, fondun yaranması ilə prioritet istiqamətlərdə əməli işlərin görülməsi planlaşdırılır:

"Bilirik ki, son dövrlərdə qonşu ölkələrlə müqayisədə turizmdən ən az gəlir əldə edən bizim ölkədir. Bu tendensiyanın dəyişməsi, ölkəmizə marağın daha da artırılması, turizm sektorunun inkişafı üçün bu sahəyə investisiyaların cəlb edilməsi vacibdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər