“Niyazla səhnədə baş-başa dəydik, obrazda olduğu üçün o ağladı, mən isə gülərək səhnədən çıxdım” - FOTO+ÖZƏL
754
09:29, Bu gün

“Niyazla səhnədə baş-başa dəydik, obrazda olduğu üçün o ağladı, mən isə gülərək səhnədən çıxdım” - FOTO+ÖZƏL

“Tamaşaçıların 90 faizi gülmək istəyir. O qədər problemləri olur ki, deyirlər ki, gedib tamaşaya baxaq, bir az gülək. Tamaşaçını güldürmək asandır, düşündürmək çətindir. İndiki vaxtda tamaşaçı onsuz da “Komedixana”-ya baxaraq gülə bilir. Yaxud da yutubda yayımlanan bəzi parçaları səhnəyə gətirirlər. Bu gün Kəmalə Günəşli yaxud da hansısa müğənni nəsə bir hərəkət edirsə, çəkilmiş bəzi komedik seriallar var ki, həmin səhnələri orada aktyorların ifasında nümayiş etdirir. Tamaşaçını belə güldürməyə nə var ki? Düşündürmək daha çətindir. Elə tamaşaçılar da var ki, düşünmək belə istəmirlər. Deyirlər ki, gedib oturub baxım, heç düşünməyim. Onu artıq maraqlandırmır ki, rejissor, müəllif bu tamaşada nə demək istəyib? Aktyor bu obrazı alındıra bilibmi? Tamaşaçıya bu maraqlı deyil”.
 
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının aktyoru Rauf Hüseynov deyib.
O daha sonra səhnədə uşaqlar tərəfindən gülüşlə qarşılanan hadisələrdən də danışıb:
 
“Biz aktyorların məqsədi tamaşaçını düşündürmək və ona zövqlü gülüş bəxş etməkdir. Başıma gələn bəzi maraqlı anları sizinlə bölüşmək istərdim. “Sinbanın ad günü” adlı tamaşamız var idi. Hardasa 15 əvvəl olub. Orada məzmun belə idi ki, başqa-başqa ölkələrdən qonaqlar dəvət edirlər. Mən də “Tıq-tıq xanım”-nağılından Siçan bəy rolunu oynayırdım. Təbii ki, uşaq tamaşası idi. Orada Tom Ceri də, Canavar obrazı da var idi. Sinba Şirekə bir kisə hədiyyə verir ki, bunu qonaqlar arasında paylayarsan. Həmin vaxt mən gedib kisəni ordan götürürəm. Ceri rolunu oynayan aktyor da gəlir, onunla səhnədə dartışırıq. Dartışanda uşaqlardan biri dedi ki, “sən siçansan? Kisəni niyə eşirsən? siçanlıq etmə orada”. Özümü saxlaya bilmədim, istər-istəməz güldüm. Uşaqlar da başladı gülməyə. Bir dəfə də “Keçəlin kələyi” tamaşasını oynayırdıq. Həmkarım Niyaz İlyasoğlu keçəl rolunda, mən isə tamam fərqli obrazda idim. Keçəl dedi ki. “səni kosaya satıram”. Mən də əsəbləşim dedim ki, “sən məni satırsan?!”. Orada keçəli qovduğum səhnə var idi. Niyaz da, mən də eyni anda düşündük ki, kosa dayanıb, ikimiz də onun ayağının arasından keçək. O arxadan keçdi, mən də qabaqdan. Bu hərəkəti edəndə baş-başa dəydik. Baş-başa dəyəndə qəfil keçəlin pariki düşdü. Tamaşaçı gördü ki, bu keçəl deyil. Keçəl başladı improvizə edib ağlamağa ki, “mən oynamıram, təkəl mənim obrazımı pozdu”. Mən özümdən biixtiyar olaraq gülməyə başladım və səhnədən çıxdım”, - deyə sənətçi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər