ABŞ-İran danışıqları fonunda hədəfli zərbələr nəyi göstərir? - FOTO
252
16:04, Bu gün

ABŞ-İran danışıqları fonunda hədəfli zərbələr nəyi göstərir? - FOTO

ABŞ və İran arasında gərginlik hər dəfə danışıqlar masasında müzakirəyə çıxarılanda İranda yüksəkvəzifəli şəxs öldürülür. Bu dəfə də Donald Tramp İrana vaxt verildiyini bildirəndən sonra İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin Tehrana endirilən hava zərbələrindən birində həlak olduğu bildirilir. Bu nə anlama gəlir və qarşıdurma yenidən arta bilərmi?
 
Mövzu ilə bağlı Oxu.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, İranın siyasi rəhbərliyində təmsil olunan, o cümlədən mülki idarəetmə sistemində qərarvericilərin öldürülməsi ABŞ və İsrailin İranı təzyiq altında saxlamaq, danışıqlar masasında əlverişli mövqe qazanmaq strategiyasının göstəricisidir:
 
 
"Xüsusən də İsrail bu istiqamətdə çox aktiv fəaliyyət göstərir və onlar hesab edirlər ki, bu cür addımlarla İran siyasi rəhbərliyini danışıqlara sövq etmək mümkün olacaq".
 
"İlk baxışdan ziddiyyətli vəziyyət yaranıb. Çünki bir tərəfdən, danışıqlar davam edir, digər tərəfdən isə İranın infrastrukturu bombalanır, qərarverici şəxslərin öldürülməsi davam edir. Lakin bu artıq müasir müharibələrin bir elementinə çevrilib. Biz bunu ilk olaraq Rusiya-Ukrayna müharibəsində gördük. Baxmayaraq ki, müəyyən qədər danışıqlar prosesi gedirdi, lakin Ukraynaya kifayət qədər ağır zərbələr endirilirdi. ABŞ və İsrail də bu taktikadan istifadə edirlər", -deyə analitik vurğulayıb.
 
Onun sözlərinə görə, bu taktikanın məqsədi təzyiqi səngitməmək və İran isteblişmentində qorxu mühiti yaratmaqdır:
 
"Həmçinin bu zərbələrlə liderlər öz qətiyyətini də nümayiş etdirməyə çalışırlar ki, İran rəhbərliyində yeganə çıxış yolunun ABŞ və İsraili qane edəcək şərtlərin qəbul edilməsi ilə bağlı təəssürat yaransın. Atəşkəslə bağlı razılıq əldə edilənə qədər bu proses davam edəcək - həm İranın infrastrukturunun bombalanması, həm də qərarverici şəxslərin öldürülməsi.
 
Təbii ki, İran tərəfi bununla bağlı sərt xəbərdarlıqlar edir, amma rəsmi Tehranın bu taktikaya qarşı qoyulacaq ciddi bir vasitəsi də yoxdur. Çünki ABŞ və İsraildən fərqli olaraq, İranın hərbi potensialı adekvat addımlar atmağa imkan vermir və o, əlində olan vasitələri də ehtiyatla sərf edir ki, danışıqlar prosesi uğurla nəticələnməsə, növbəti mərhələdə potensialından istifadə edə bilsin".
 
"Bu baxımdan, düşünürəm ki, İran yenə də xəbərdarlıqla kifayətlənəcək və intervallarla həm Fars körfəzində, həm İsraildə, həm də müttəfiqlərin ərazisindəki ABŞ-yə məxsus infrastruktur obyektlərini, sənaye müəssisələrini vurmağa davam edəcək. Lakin İran indiki mərhələdə danışıqlar masasından da qalxmayacaq. Çünki hazırda elə şərtlər formalaşıb ki, hər iki tərəf danışıqlar aparmağa və atəşkəs yolları tapmağa məcburdur", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər