Müharibədən sonrakı İran... NECƏ olacaq? – Bakının GÖZLƏNTİSİ
207
11:40, Bu gün

Müharibədən sonrakı İran... NECƏ olacaq? – Bakının GÖZLƏNTİSİ

İrana qarşı hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ölkənin regionda siyasətini necə davam etdirəcəyi açıq sualdır. Bəzi təhlilçilərə görə, əgər SEPAH tam zərərsizləşdirilməsə, yenə də ətrafına, qonşularına təhdidləri davam etdirəcək. Türkiyə və Azərbaycan da daxil, müharibə boyu İran qonşularına raket və PUA ilə zərbələr endirib. Körfəz ölkələri hələ də İranın hücumlarına məruz qalır. Bu baxımdan postmüharibə dövründə İranın Azərbaycan və digər region ölkələri üçün təhdid olaraq qalıb-qalmayacağı əsas suallardan biridir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq bir ayını tamamladı. Müharibə başlayanda ABŞ və İsrailin gözləntiləri qısa müddətdə hədəfə çatmaq, həmçinin xalqın etirazları ilə İranda rejim dəyişikliyinə nail olmaq idi. Lakin görünən odur ki, bu məqsədlər hələlik reallaşmayıb.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, İranda siyasi sistem zəiflədilib, amma tam çökdürülməyib. Onun fikrincə, əgər İran yaralarını sağalda bilərsə, Yaxın Şərqdə yenidən güc mərkəzi olaraq meydana çıxacaq: "Bu da həm körfəz ölkələri, həm bizim region üçün yeni təhdidlər vəd edir. Buna imkan verməmək üçün hərbi əməliyyatlar güclənməlidir ki, masaya oturub şərtləri qəbul etməyə razılaşsın. Xüsusən də İranın nüvə bombası əldə etməsinə imkan vermək olmaz. Bu, Azərbaycan və digər ölkələrə təhlükədir. Təsəvvür edin ki, hələ nüvə silahı olmayan bir İran hər tərəfə təhdid yağdırır, bu bombaya sahiblənməsi onu daha aqressiv edəcək. İrandakı rejim onsuz da aqressivdir. Ona görə də bu hücumlar onu elə vəziyyətə gətirməlidir ki, regionda böyük gücə çevrilə bilməsin. Hazırda son hücumlar nəticəsində İrandakı rejim kifayət qədər ağır zərbələr alıb və böyük itkiləri var. Ancaq bunun davamı gözlənilir. Məncə, İran əvvəlki olmayacaq. Ölkə illərlə davam edən sanksiyalardan pis vəziyyətdədir, bu müharibə isə onu daha da ağır bir hala gətirəcək. Yəni SEPAH bölgədə əvvəlki qədər meydan oxuya bilməyəcək və onun proksi gücləri də tükənməkdədir".

Ekspert hesab edir ki, ABŞ və İsrail İranla bağlı strateji hədəflərə tam çatmayıb, amma sistem köklü zərbələr alıb: "Müharibədən sonra sözəbaxan bir İran olacaq. Amma özünü məğlub kimi göstərməyəcək. Hazırda cavab zərbələri də məhz öz imicini qorumaq məqsədi daşıyır. Sonra bəyan edəcəklər ki, məğlub olmadıq. Ancaq daha nə baş verməlidir ki, SEPAH böyük güc itirdiyini etiraf etsin? Bunu etməzlər. Çünki xalqın gözündə kapitulyant kimi görünəcəklər. Sadəcə, elə bir razılaşma olacaq ki, İran öz sifətini qoruya bilsin. Məncə, burada hədəf rejimi dəyişmək yox, İranın enerji ehtiyatlarına nəzarət etmək və onu ABŞ-nin şərtlərini qəbul etməyə razı salmaqdır. Bu da vurulan zərbələrin və davam edən müharibənin gedişatından asılıdır". /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər