“Allah da insanın tərəfini saxlamaq istəmir” - Seyran Səxavətdən SENSASİON açıqlamalar
386
11:21, Bu gün

“Allah da insanın tərəfini saxlamaq istəmir” - Seyran Səxavətdən SENSASİON açıqlamalar

12 yaşında “Gəlin, körpü salaq Arazın üstə…” yazan Seyran Səxavətdən ŞOK proqnozlar: “İranı parça-parça edəcəklər”

Azərbaycan ədəbiyyatının dəyərli simalarından biri, şair, yazıçı, dramaturq, tərcüməçi, publisist Seyran Səxavətin 80 illik yubileyi ilə bağlı müsahibəmizin ilk bölümü böyük oxucu marağına səbəb oldu. Martın 23-də doğum gününü dostlarının əhatəsində qeyd edən canlı əfsanəmizin böyük yubiley tədbiri sabah, aprelin 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Bu ərəfədə Seyran bəylə söhbətimizin ikinci hissəsini təqdim etmək yerinə düşər deyə, qiymətli oxucu auditoriyasına təqdim edirik:

- Seyran müəllim, internetin “yaddaşı”nı azacıq qurdalayan hər kəs heyrət edər: vaxtilə sizin haqqınızda kimlər yüksək fikirlər söyləməyib: İsmayıl Şıxlıdan tutmuş, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzadan Fuad Poladova, digərlərinə qədər, Azərbaycanın tanınmış simaları, Azərbaycanın üzünü ağ edən ziyalıları, aydınları. Bütün bunlar Seyran Səxavət personasına olan münasibətin göstəricisidir. Buraya qədərki işlər göz önündə, sizin bundan sonrakı, 80-in üstündəki hədəfləriniz çox maraqlıdır. Könlünüzdən azad Füzuliyə, doğulduğunuz torpağa köçüb, orada yaşamaq, bundan sonrakı ömrünüzdə orada yaratmaq keçirmi?

- Nəinki  ürəyimdən keçir, mən gedəcəyəm, Allah qoysa, Füzuliyə, ömrümün qalan hissəsini orada yaşayacağam. Qoy camaat bir az da əməli-başlı yerləşsin. Orada - Köndələn gölünün qırağında 6 sot yerim var, sənədləri də əlimdə. 50 yaşıma iki-üç il qalmışdı o torpağı aldım. Ev tikmək istəyirdim ki, 50 yaşımı tamam edim, arvadı da vurum qoltuğuma, çıxım gedim, camaatımın arasında oturum orada. O camaatdan aldığım enerjini heç nədən ala bilmirəm.

- İşğal sizin planlarınızı pozmuşdu, eləmi?

- Hə, o zaman zori balayanlar gəldi, imkan vermədi. Amma artıq o yerlər əbədi bizimdir. Yəni mən mütləq gedəcəyəm. Bizim rəhmətlik çox nəhəng yazıçımız, Azərbaycanın Çexovundan da yuxarı bir yazıçımız, İsi Məlikzadə dünyasını dəyişəndə çox pis oldum...Əsl anamız kənddir... Böyük anamız kənddir. O biri anamız sadəcə böyük kənd anamızın filialıdır, sadəcə o bizə süd verir. Bəlkə də bu, “sadəcə” sözü burada yerinə düşmür. Hələ gör, İsi nə vaxt rəhmətə gedib. Biz doğulduğumuz kəndimizdə anamıza qarşı çox biganə olmuşuq. İsi öləndə dedim, buna bax e, ömrümüzün enerjili çağında, hərəkət edə bildiyimiz vaxtımızda ömrümüzü kənddən uzaqda keçiririk, amma öləndə yenə bizə anamız kənd yiyə durur, burada dəfn olunuruq. 

- Əslində, ağır və ağrılı söhbətdir…Razıyam ki, ata-anaya övladlıq borcumuz olan kimi, o kəndə də borcluyuq…

- Bəli. Borcumuzu qaytara bilmirik. Yaxşı vaxtımızda şəhərləri, dünyanı gəzirik, alqışlar qazanırıq. Ölümüz olanda kənd deyir ki, “gətirin, gətirin mənim qucağıma”. Bu, mənim üçün ağrılı bir şeydir. Mən mütləq gedəcəm, Allah qoysa. Mütləq söhbəti olmur, bu, ancaq Allahın kompetensiyasına aiddir.

- Seyran müəllim, sizin vəsf etdiyiniz, gəzib-dolaşdığınız, zövq aldığınız, sətirlərinizdə yaşatdığınız dünyanı bu gün dağıtmağa yönəlik cəhdlər var. Yaxın bir çevrə hesabı olunur. Ədəbiyyat adamının intuisiyası nə deyir, bu dünya hara gedir? Necə olacaq bu işlərin axırı?

- 1988-ci ilin yanvarında Parisdə idim. Onda mən şübhələndim ki, deyəsən bəşəriyyətin başı xarab olur. Eyfel qülləsində fransız dostlarımız vida banketi verirdilər. Orada belarus bələdçi mənə bir məlumat verdi, soyadı indiyədək yadımdadır - Markeviç. Dedi ki, Eyfel qülləsindən -  biz Eyfel qülləsinin düz təpəsində durmuşuq, bu söhbət edir - 364 nəfər adam özünü atıb, öldürüb. Soruşdum ki, Markeviç, bu, intihardır? Dedi, yox, bu, tarixə düşmək cəhdidir ki, filankəs özünü Eyfeldən atdı. Dedim ə, bu, tarixə düşmək dedil e, Eyfelin kəlləsindən torpağa düşüb, parça-parça olmaqdır, nə tarix? Sonra dedim, Markeviç, özlərini atanların içində neçə nəfər müsəlman var? Dedi, biri də yoxdur, hamısı katoliklər, xristianlar, slavyanlar… Zarafatyana dedim, bəs deyirsiniz müsəlmanlar filandır. Onda mən şübhələndim ki… Özü də 364 nəfər e…İndi Allah bilir, bəlkə də mindən keçib. Əgər Eyfel qülləsinin başına çıxmısansa, oradan dünya gözəli Parisi seyr elə də, sən niyə özünü atıb öldürürsən? 

Və mən özümü haqlı bilərəkdən bəşəriyyətdən şübhələndim ki, bəşəriyyətin başı xarab olur yavaş-yavaş. Bizim telekanalların birində bunun bir az solğun formasında bir sualı mənə verdilər. Axırıncı sözüm bu oldu ki, dünyanı qorumaq lazımdır. Müxbir soruşdu ki, dünyanı kimdən, necə qorumaq lazımdır? Bütün təcrübəmə, gördüklərimə və gəldiklərimə əsasən, mən dedim ki, dünyanı ağıllı adamlardan qorumaq lazımdır. Dünyanı ağıllı adamlar dağıdacaqlar və başlayıblar dağıtmağa. Bax, sənin də sualına cavab olaraq belə yekunlaşdırıram.

- Amma çətin olacaq, Seyran bəy…

- Düz deyirsən, çox çətin olacaq. Bu çətinliyin uzun-uzun səbəbləri var. Trampın seçkisi olanda dedim ki, dünyanın prezidentinin seçkiləri başladı. Əslində, bu saat dünya bir mərkəzdən idarə olunur. Tramp dünyanın prezidentidir, Avropa və nisbətən böyük ölkələrin başçıları vitse-prezidentlər, yaxud icra başçılarıdır. Yerdə qalan balaca-balaca ölkələrin rəhbərləri də kənd icra nümayəndəsi olur. Bəlkə də bəşəriyyətin iradəsindən asılı olmayaraq qəribə bir struktur mənzərəsi yaranıb. Bu barədə söhbət olanda dedim ki, mən bilirəm, dünyanı bir vahid idarə edir. Soruşdular kimdir o, Seyran müəllim? Dedim, sizə elə gəlir dünyanı böyük ölkə başçıları idarə edir, xeyr, dünyanı bir vahid idarə edir: onun adı nəfsdir. 

- Seyran bəy, uşaqlığımızdan cənub mövzusu, Araz həsrəti, bütövlük arzusu qəlbimizə hakim kəsilib. Yəqin sizin də bu taydan o taya həsrət-həsrət baxdığınız olub. Bu gün Arazın o tayında müharibə davam edir…Fəlakətlər, müharibələr davam edərkən güneyli azərbaycanlıların, cənubun taleyi ilə bağlı nələr deyə bilərsiniz? Yazıçının cənublu bacı-qardaşlara ünvanlı sözü, ismarışı nədir? İran planlarının gedişatı ilə bağlı proqnozunuz nədən ibarətdir?

- Mənə elə gəlir ki, İranı parça-parça edəcəklər, özü də uzun müddət çəkməyəcək. İranın bütün hərbi gücünü məhv edəcəklər. Sonra bir ssenari gələcək ortalığa. İranın cənubunda ola bilər ki, bir ərəb dövləti qura bilərlər. Kürd dövləti də ola bilər. Dəqiq demək olmur…Amma İran bir neçə yerə parçalanacaq və bir Azərbaycan dövləti də olacaq. Mən orada yaşamışam. Mən İrana Arazın bu tayından da baxmışam, o taydan da, İrandan da, bu taya, öz həyətimizə baxmışam. İkinci şahın vaxtında İranda işləmişəm.

- Tərcüməçi kimi…

- Bəli, tərcüməçi olaraq 2 il İranda işləmişəm. “Daş evlər” romanında o barədə yazmışam. Yəni Təbrizdən başqa bütün İranı gəzmişəm. Təbrizə getməyə qoymadılar...

- Şahın oğlunun hakimiyyətə gətirilməsi mümkündürmü? Qayıtsa, azərbaycanlıların taleyi baxımından nələr baş verə bilər?

- Mən elə bilirəm ki, onun qayıdıb, hakimiyyətdə oturması qeyri-mümkündür. Özü də İranı min illər boyu türklər idarə edib.

- İranda işlədiyiniz zaman şahla da görüşmüsünüz, eləmi?

- Bəli. Mən şahın tikinti işləri üzrə baş müşavirinin tərcüməçisi idim. Ən yuxarı səviyyələrdə görüşlərdə iştirak edirdim. İranı son 80-100 ili çıxmaq şərtilə, türklər idarə edib. İranın hərbi strukturlarının hamısını məhv edirlər ki, sabah Amerikanın və İsrailin bir yerdə hazırladığı məlum ssenarisini həyata keçirməyə maneçilik olmasın.

- Bayaq kənddən danışırdıq…

- Füzuliyə gedəndə elə rahat oluram ki... 1962-ci ildən Bakıdayam. Mən Bakını sevirəm, Bakı həm də mənimdir. Bakı bütün azərbaycanlılarındır, paytaxt olaraq. Amma həmişə elə bilmişəm ki, mən Bakıya ezamiyyətə gəlmişəm. İntəhası, bir az uzun sürən “komandirovka”ya…Əlbəttə, mən ilkin vətənimi, gözümü açıb gördüyüm vətənimi istəyirəm. Əslində, bütün Azərbaycan vətəndir. Bir az dərinə getsək, bəşəriyyət bir az ağırlansa, bəşər insanının bir-birinin sözü boğazından keçsə…Bir ərəb uşağı dedi…Başından qan axırdı, dedi, orada Allaha danışacağam ki, burada uşaqları sevmirlər. Və müharibə gedən yerdə bir ərəb uşağından soruşurlar ki, sən böyüyəndə kim olacaqsan? Cavab verir ki, biz böyümürük... Bu, çox ağırdır! Əgər bu dünyada dövlət başçılarının ağlının ucbatından bir uşaq həlak olursa, deməli, bu bəşəriyyət sivil bəşəriyyət deyil.

- Çox təəssüf ki, başqa ruhda başladığımız söhbətimizi bəşərin ağrı-acıları gətirib belə bir sonluğa çıxartdı. Ümid edək ki, bu, toz-tozanaq çəkilsin və qara buludlar keçsin, siz də ürəyiniz istəyən kimi dünya səyahətini davam etdirəsiniz, Arazın o tayına da körpülərdən keçib, rahat şəkildə gedib-gəlmək fürsətiniz olsun.

- Mən 12 yaşımda kənddə olanda bir şeir yazmışdım. Füzuli ilə çıxan “Qızıl Araz” qəzetində çap olunmuşdu: “Gəlin, körpü salaq Arazın üstə…” Mən də ümid edirəm, amma çox çətindir. Həm də…Mən bunu bir-iki dəfə demişəm, indi yenə yerinə düşür. Artıq biz bir bəşər övladı olaraq, bu bütün bəşəriyyətə aiddir, istəyir bəşəriyyət bunu boynuna götürsün, istəyir götürməsin, özü bilər. Allah insanı yaradanda deyirlər, qəşş edib ki, nə gözəl məxluq yaratdım və ona Yer kürəsi kimi gözəl bir cənnət məkan bəxş edib. Elə bil Allah Yer kürəsini insana əmanət edib. Amma bəşər övladı neynədi? Allahın əmanətinə xəyanət elədik! Biz Yer kürəsinin başına nə oyunlar açırıq?! Artıq Allah da insanın tərəfini, demək olar ki, saxlamaq istəmir. Allah bəşər övladından acıqlıdır.

- Allah keçsin günahımızdan!

- Amin. Biz Yer kürəsinin başına nə oyunlar açırıq?Bunu hamı bilir, mənim xırdalamağıma da ehtiyac yoxdur.

- Seyran bəy, bir daha yubiley yaşınızı təbrik edirəm. İnanaq ki, növbəti yubileylərdə başqa ovqatda çıxış etmək şansımız olacaq…

- İndiyədək məndən çox intervülər alıblar, 7500-dən çox intervü vermişəm. Amma bu, fərqli oldu. Bunu yazarsan, xahiş edirəm, mütləq yazarsan. Yazarsan ki, Seyran Səxavət söhbətin yarısında şübhələndi ki, bu, hal-əhvala yox, üntervüyə oxşayır…7500 müsahibədə ilkdir, başıma gələn…Qardaş, bu nə iş idi, mənim başıma gətirdin?..(Gülürük)

Elşad Paşasoy,
Musavat.com

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər