
“Sel sularının evləri və həyətləri basması həmin ərazilərdə kanalizasiya sisteminin yerinə şamboların mövcud olmasından, yaxud kanalizasiya sisteminin tam gücü ilə işləmə imkanının məhdudluğundan irəli gəlir. Bu cür təbii fəlakətlər bazarda müəyyən passivlik yaratsa, alqı-satqı faktlarını aşağı salsa da, bütövlükdə bazara təsir etmək imkanına malik deyil. Təsadüfi və hər hansısa proseslə nəticələnən hadisələr bazara təsir göstərmək imkanlarına malik olsa da, bu, ani xarakter daşıyır. Bir müddət sonra bazar yenə öz normal fəaliyyətini bərpa edəcək.
Qiymətlərin enməsi üçün ilk növbədə inşaat materialları ucuzlaşmalıdır. Bu isə hələ gözlənilən deyil, əksinə siuasiya onu deyir ki, tikinti normativləri daha ciddi şəkildə nəzarətə götürülməlidir. Belə olduqda isə tikinti xərcləri indikindən də çox olacaq. Bundan sonra tikiləcək evlərin həm kürsü səviyyəsinin mövcudluğu, ikidaşlı olması, hidroizolisiya sisteminin tətbiqi əlavə xərc tələb etdiyi üçün tikintinin maya dəyəri daha da artacaq”.
Mütəxəssis qeyd etdi ki, istənilən şəraitdə binalardakə mənzillərə daha çox üstünlük verilir:
“Pandemiya dövründə açıq hava baxımından həyət evlərinə daha çox üstünlük verilirdi. Normallaşma dövründə isə mənzillər gündəmə gəldi. Ölkədə əmlak alqı-satqısına baxsaq görərik ki, say baxımdan mənzillərə daha çox üstünlük verilib.
Fərdi yaşayış evlərinə 3 məqsədlə müraciət olunur: Şəhərdə mənzillərdə yaşayan vətəndaşlar şəhər ətraflarında həyət evlərini adətən istirahət məqsədilə istifadə edirlər. Digərləri biznes məqsədilə həyət evi alır, yaz və yay mövsümündə kirayəyə verib, qazanc əldə edirlər. Sonuncular isə yaşamaq üçün həyət evi alırlar. Bu, adətən binalardan mənzil almağa maddi cəhətdən imkanı çatmayan şəxslərdir. Düzdür, 2-3% insan həyət evini məhz özü bəyəndiyi üçün alır, amma onlar da çox az faiz təşkil edirlər.
Son zamanlar tikinti xərclərinin artması nəticəsində həyət evlərinin də keyfiyyətində problemlər yaranır. Tikinti sahibkarları minimum xərclə fərdi yaşayış evləri inşa edib, yüksək qazanc əldə etməyə çalışırlar. Bu isə təbii fəlakətlər zamanı problemlərin gündəmə gəlməsinə səbəb olur.
Ümumilikdə isə, fövqaladə vəziyyətlər (zəlzələ, sel) əmlak bazarına köklü təsir göstərmir. Müəyyən dövrdən sonra problem unudulur və bazar öz axarında davam edir. Fərdi yaşayış evlərinin də, mənzillərin də öz müştərisi var. Mənzillər daha çox tələb olunduğu üçün mövcud situasiyada da öz liderliklərini qoruyub saxlayacaqlar”.