ABŞ və İran arasında artan gərginlik fonunda taktiki nüvə silahından istifadə ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ekspertlər bunu əsasən çəkindirici alət kimi dəyərləndirirlər. Nüvə silahının tətbiqi bütövlükdə dünya nizamı üçün ciddi sarsıntılar yarada, mövcud beynəlxalq qaydaları kökündən dəyişə bilər.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Musavat.com-a şərhində xatırladıb ki, bu ehtimal Rusiya-Ukrayna müharibəsi zamanı da səsləndirilmişdi:
“Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etməsi ehtimalı gündəmə gəlmişdi, ancaq məlum olduğu kimi, hələ ki, Rusiya bundan istifadə etməyib. ABŞ-İran qarşıdurmasında da bu real görülmür. Adətən atom bombasından çəkindirici amil kimi istifadə olunur. Tarixə nəzər salsaq, ABŞ Yaponiyaya nüvə bombası atıb. Təbii ki, İrana qarşı bu silahdan istifadə region üçün ciddi təhlükə deməkdir. Hesab edirəm ki, ABŞ belə bir addım atmayacaq. Əks halda, bu, dünyada yazılmış və yazılmamış bütün qaydaları dəyişər. Eyni zamanda fikrimcə, bu, nüvə bombasını atan ölkənin özünə daha çox zərər verər. Silahın atıldığı ölkə məğlub və təslim olsa da, nə qədər böyük zərərlə üzləşsə də, məncə, bu silahdan istifadə edilməyəcək. Hərçənd, bəzən düşündüklərimizin tam əksi baş verir. Məsələn, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını kim təxmin edə bilərdi? Ancaq əlində kifayət qədər informasiya mənbələri ola-ola, Ukraynanı kifayət qədər yaxşı tanıyan Putin “Kiyevi 3 günə alacağıq” deyərək müharibəyə başladı, lakin müharibə 4 ildir ki, davam edir. ABŞ də İranda 10-15 gün ərzində nəticə əldə edəcəyini düşünürdü, amma artıq bir ay tamam oldu”.

Ekspertin fikrincə, ABŞ-İran müharibəsi uzunmüddətli olmayacaq:
“Hesab edirəm ki, bu cür müharibələr təhlil edilməlidir. Müharibə bir ölkənin iqtisadiyyatı, ordusu, imici, beynəlxalq aləmdə rolu üçün önəmlidir. İranın Azərbaycana və qonşu ölkələrə münasibəti bəllidir. Ancaq beynəlxalq hüquqa əməl edilməlidir. Hesab edirəm ki, son dövrlər beynəlxalq hüququn ayaq altına alınması BMT-nin mövcudluğunu sual altına alır, dünyada yeni sistemin yaranmasını diktə edir. “Güclü haqlıdır” prinsipi ilə çıxış etmək böhranlara gətirib çıxaracaq. Bu baxımdan ABŞ taktiki nüvə silahından istifadəni qorxuducu alət kimi istifadə edir. Bu silahdan istifadə Rusiya və nüvə silahına malik digər ölkələrə belə bir addım atmaq üçün haqq qazandırmış olar, bu isə dünyanın mövcudluğunu sual altına ala bilər”.